Evi özündən xəbərsiz satılıb: “Hakim dəhşətə gəldi”

Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovla Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov arasında başlayan əmlak qalmaqalı Bakı Apelyasiya Məhkəməsinə kimi uzanıb. Əməkdar İncəsənət Xadimi Şeyx Əbdül Mahmudbəyov AzNews.az-a bildirib ki, Mirzağa Əliyev küçəsi 170 ünvanındakı mənzilinin yerləşdiyi bina Füzuli meydanında Qış Bulvarı salınması adı ilə aparılan tikinti-qazıntı işləri nəticəsində qəzalı vəziyyətə salınıb.

Məsələ ilə əlaqədar o, müxtəlif qurumlara müraciət ünvanlayıb və evinin həqiqətən, qəzalı vəziyyətdə olması təsdiqini tapıb. Yaranmış vəziyyətlə bağlı Nəsimi Rayon Məhkəməsi də rejissorun xeyrinə qərar çıxarıb. Bu qərarla razılaşmayan H.Abutalıbov isə birinci məhkəmə instansiyasının qərarından Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Oktyabrın 28-ə keçirilən məhkəmə prosesində isə iddiaçıya məlumat verilib ki, əmlak onun xəbəri olmadan başqasına satılıb. Yaşadığı evin yerləşdiyi torpaq sahəsinin satılmasından isə sözügedən məhkəmə prosesində xəbər tutub. Ə. Mahmudbəyov qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi Toğrul Əliyevin sədrliyi ilə keçirilən prosesdə BŞİH-nin hüquqşünası qanunsuz əməllərini dolayısı ilə etiraf edib: "Hakim isə eşitdiyi qanunsuzluqdan dəhşətə gəlib. Hakim məndən soruşdu ki, sənin tələbin nədir? Dedim evimin təmiri. Bakı Şəhər İcra Hakimiyyətinin hüquqşünası isə dedi ki, sənin yaşadığın evin yerləşdiyi ərazi bizim möhürümüzlə bir biznesmen qadına satılıb. Sənin də evin onun içində. Orada 10 mərtəbəli evlər tikiləcək, altında ticarət obyektləri salınacaq. Nə bilirsən get et. Məhkəmə ondan soruşdu ki, həmin qadına o yeri satanda sakinlərin razılıq ərizəsi alınıb? Hüquqşünas belə bir sənədin olmadığını söyləyib. Ev sahibinin icazəsi olmadan satıla bilərmi? Mən sizin sayt vasitəsilə Azərbaycan xalqına, ziyalılara müraciət edirəm. Bu məsələdə mənə kömək etsinlər".

Ə. Mahmudbəyov məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Bahar Rüstəmli
AzNews.az