09:59
(077) 610-22-33

Komitə sədri: “Pensiyaya çıxanların sayı şişirdilir”

  • >
304 14 Noyabr 2013 12:59 | Cəmiyyət

Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi müzakirəyə çıxarılıb.


AzNews.az-ın xəbərinə görə, büdcə layihəsini Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli təqdim edib.

H. Rəcəbli deyib ki, sosial sahəyə ayrılan vəsait son illərdə bir neçə dəfə artırılıb: "Sosial sığorta sahəsinə yönləndirilən vəsaitlər də artırılıb və bu sahədəki yığım potensialı da yüksəkdir".

Əmək pensiyaları haqqında danışan H. Rəcəbli bildirib ki, həyata keçiriləcək sosial-siyasət 1 milyon 300 min insanın vəziyyətinin yaxşılaşmasına xidmət edəcək.

"Həyata keçirən sosial iqtisadi siyasət nəıticəsində DSMF-nin gəlirləri artıb. Bu artım iqtisadiyyatda çalışan işçilərin əmək müqaviləsinin bağlanması hesabına baş verib".

Azərbaycanda əliliyin artması məsələsinə toxunan komitə sədri deyib ki, bu dünya praktikasında ölkə əhalisinin 10 % əlil status alması normal hesab olunur. 2008-ci ildə 286 min insan əlilliyə görə təqaüd alırdısa, gələn ilə proqnozlaşdırılan rəqəm 346 min nəfər təşkil edəcək. 6 ilə bu rəqəm təxminən 61 min nəfərin artıb. Bu rəqəmlərdə isə şişirtmələr var".

Komitə sədri Sosial Müdafiə Fondunun büdcə layihəsini dəstəklədiyini, həmkarlarını da bu layihəyə səs verməyə çağırıb.

Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehtiyev isə bildirib ki, 2014-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 mlrd. 928 mln. manat proqnozlaşdırılır ki, bu göstərici 2013-cü il proqnozuna nisbətən 11,2 faiz və ya 295,8 mln. manat çoxdur.

Gəlirlərin 60,8 faizini və ya 1 mlrd. 784 mln. manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Bu da 2013-cü il proqnozuna nisbətən 14,9 faiz artım deməkdir. Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən sosial sığorta haqları 660,4 mln. manat olacaq.

Onun sözlərinə görə, Fondun xərcləri gələn il üçün 2 mlrd. 928,5 mln. manat proqnozlaşdırılır. Bu isə 2013-cü ilin proqnozuna nisbətən 295,8 mln. manat və ya 11,2 faiz çoxdur. Bu vəsaitdən əhaliyə ödənişlər 2 mlrd. 861,8 mln. manat təşkil edəcək. Əmək pensiyalarının ödəniş xərcləri əhaliyə ödənişlərin 97,4 faizi qədər olacaq. Pensiya ödənişlərinə 2 mlrd. 788,6 mln. manat yönəldiləcək. Bu da 2013-cü illə müqayisədə 11,5 faiz və ya 288,3 mln. manat artım deməkdir.

E.Mehtiyev bildirib ki, pensiyaya çıxma yaşı 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçün 59 yaş yarım (59,5) olacaq. Pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı isə dəyişməyəcək.

Azər
AzNews.az
Bağla X