Komitə sədri dini icmaları ziyarət etdi- Foto

İslam tarixinin ən faciəvi səhifələrindən olan Kərbəla müsibətinin ildönümü – Aşura günü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) sədri Elşad İskəndərov Bakı şəhərində bir sıra dini icmalara baş çəkərək, müvafiq icma rəhbərləri və fəallarına Aşura münasibətilə başsağlığı vermiş, eyni zamanda dünyaya örnək ola biləcək yeni ənənə - xəstələrə qanvermə aksiyalarını geniş şəkildə həyata keçirdikləri üçün təşəkkürünü bildirib.

Dövlət Komitəsinin sədri Aşura günü Xəzər rayonu Binə qəsəbəsi "İmam Rza" məscidi dini icması, həmçinin Yasamal rayonu "Xanım Zəhra" və Nəsimi rayonu "Məşədi Dadaş" dini icmalarını ziyarət edib.

Bakının ən izdihamı məscidlərindən olan "Məşədi Dadaş" məscidində Şamu-Qəriban mərasimi zamanı DQİDK sədri bu ibadət ocağına baş çəkərək dindarlarla görüşüb, onlara İslam tarixinin ən faciəli hadisəsi olan Kərbəla faciəsi münasibəti ilə başsağlığı verib. İcma üzvləri ilə qısa söhbəti zamanı DQİDK sədri Aşura mərasimi ilə bağlı bir sıra məsələlərə toxunub.

Mərasimdə iştirak edən müxbirin əldə etdiyi məlumata görə, E.İskəndərov Kərbəla məktəbinin xüsusən Azərbaycanda yaşadılmasının əhəmiyyətinə toxunub, bildirib ki, müasir dövrümüzün zalımları olan erməni işgalçıları tərəfindən təcavüzə məruz qalan vətən torpaqları uğrunda minlərlə şəhid vermiş Azərbaycan üçün Aşura, vətən torpaqlarının azadlığına çağırış simvolu kimi xüsusi əhəmiyyət kəsb edir.
Kərbəlada cavanlara, yaşlılara, uşaqlara qarşı törədilən faciəni müasir dövrümüzdə erməni işğalçıları Xocalıda törədiblər.

Komitə sədri Aşura mərasimlərinin eyni zamanda insanlara yüksək vətənpərvərlik ruhunun aşıladığını diqqətə çatdırıb, öz xütbələrində, həmçinin Məhərrəm boyu səsləndirilən moizələrində Qarabağ şəhidlərini yad edən sözügedən icmaların rəhbərlərinə təşəkkürünü bildirib.


Qeyd edək ki, DQİDK sədri artıq ikinci ildir ki, Aşura günü bir sıra icmalara baş çəkərək mərasimlərdə iştirak edən dindarlarla birbaşa ünsiyyət yaradır.

DQİDK sədrinin məhz sözügedən icmaları ziyarət etməsinin xüsusi səbəbləri var. Belə ki, bu icmalarda Aşura mərasimləri milli-mənəvi dəyərlərə uyğun olaraq, xürafat elementlərinfən istifadə etmədən keçirilir.

Məhz DQİDK mənsublarının xüsusi diqqət yetirdikləri məsələr sırasında da başyarma, zəncirvurma kimi xurafat elementlərinin Aşura mərasimlərində tətbiq edilməməsi, eyni zamanda mərasimlərdə deyilən mərsiyələrin daha çox klassik Azərbaycan ədəbiyyatına mənsub olması, həmçinin qanvermə aksiyalarında fəal iştirak amilləri olub.(islam.az)