Deputatdan yer adlarının dəyişdirilməsi ilə bağlı AÇIQLAMA


"Azərbaycanda dəyişdirilməsi zəruri olan yer adlarının sayı kifayət qədərdir. Bu yerlərin adları mərhələ-mərhələ dəyişdirilərək sahmana salınmalıdır".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, qurumun Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli deyib.

Millət vəkili bildirib ki, bu, tarixi adlara şamil edilməməlidir: "Tutaq ki, bəzilərinin fikrincə, Gədəbəy rayonunun adı dəyişdirilməlidir. Mən bunun tam olaraq əleyhinəyəm. Ancaq elə tarixi adlar da var ki, zaman-zaman tələffüzdə dəyişikliyə məruz qalıb və sonradan bu kənd adı kimi rəsmiləşib. Məsələn, Cəlilabadın Tülkülü kəndinin adı dəyişdirilməsinin tarixə nə ziyanı ola bilər?".

Deputatın sözlərinə görə, adlar dəyişdirilərkən xalqın xoşuna gələn, deyilişi rahat olan adlara üstünlük verilir. F. İbrahimli bəzi şəxslərin Sovet dövrünə aid yer-məkan adlarının dəyişdirilməsinə etirazının başa düşülən olmadığını da qeyd edib: "Sovet dönəmində qoyulan adlar tarixi sayıla bilməz, çünki qondarmadır. Bu yerlər əvvəlki adlarına qaytarılmalıdır. Əlbəttə ki, bu zaman tarixilik qorunmalıdır, üslub və ifadə edilməsi qaydasında olmalıdır".

Məhəmməd
AzNews.az