Deputatlar hərbiyə getməyənlərlə bağlı qadağaya nə deyir? - Açıqlama



Azərbaycanda hərbi xidmət keçməyənlərə qanunvericilikdə qadağa müddəasına dair təkliflərin hazırlanması deputatlar tərəfindən birmənalı qarşılanmayıb.

AzNews.az-ın məlumatına görə, əməkdaşımızla söhbətində Milli Məclisin deputatları İqbal Ağazadə və Aydın Mirzəzadə hərbi xidmətə çağırışla bağlı qanunvericilikdə dəyişikliklərə dair təklifləri dəyərləndirmək istəməyiblər.

Onların arqumenti bu olub ki, təkliflər qanunverici orqana – Parlamentə daxil olmadığı üçün bu məsələ haqda danışmaq məqsədəuyğun deyil. Deputatlar ümumiyyətlə, bu təklifə dair mülahizələrini də açıqlamaq istəməyiblər.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc isə AzNews.az-a açıqlamasında deyib ki, təkliflərlə əyani tanış olmadığından fikir söyləməyə çətinlik çəksə də, qanunvericilik aktında belə dəyişikliyin olmasını normal qarşılayır:

"İndiyə qədər oxşar müddəalar digər qanunvericilik aktlarında da olub. Xüsusilə də güc orqanları strukturlarında işə götürülən zaman öhdəliklərdən biri hərbi xidmət keçmə ilə bağlıdır".

Z. Oruc qeyd edib ki, qanunda belə dəyişikliyin olmasının önəmli məqamı dövlətin ən mühüm postlarını tutacaq şəxslərin dövlətin qarşısında xidmətini təmin etməkdirsə, bu çox normaldır və heç kim tərəfində də mənfi qarşılana bilməz:

"Paralel şəkildə silahlı qüvvələrdə islahatlar elə aparılmalıdır ki, hər bir vətəndaş hərbi xidmətdə olmasını özünün şərəf işi saysın. Həmçinin Azərbaycan ailələri də orduya güvənsin, etibar etsin, söykənsin və hər zaman arxayın olsun ki, onun təhlükəsizliyi yüksək səviyyədə təmin olunub. Ona görə də sözügedən məsələ haqqında mövqeyimiz mənfi ola bilməz".

Milli Məclisin deputatı, Respublikanın sabiq hərbi komissarı Əliağa Hüseynov deyib ki, qanunvericilikdə belə bir dəyişikliyin edilməsi etirazla qarşılanmamalıdır:

"Əvvəla Azərbaycanda hamı seçkili orqana seçilmir. Digər tərəfdən qanunda istənilən dəyişiklik ictimaiyyətdə müzakirə olunur. Aylarla qanunu hazırlayan orqanlar bu sənədin üzərində işləyirlər. Açığını deyə ki, hərbidən anlayışı olmayan şəxsin orduya qayğısı ola bilməz".

Ə. Hüseynov bildirib ki, mühüm dövlət vəzifələrində işləmək istəyənlər sağlamdırlarsa, onun hərbi xidmət keçməsi vacibdir: "Bəziləri müzakirələrdə deyirlər ki, bizə əsasən elm lazımdır. Əlbəttə, elm də vacibdir.

Ancaq ordu və hərbi işin inkişafı üçün bu dövlətin vacib postlarını tutan şəxslərin ordudan anlayışı olmalıdır".

Qeyd edək ki, Azərbaycanda hərbi xidmətə çağırışla bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır. Yeni təkliflər bir sıra maraqlı məqamları özündə cəmləşdirir. Ən maraqlısı isə hərbi xidmət keçməyən şəxslərin bələdiyyə və parlament kimi seçkili orqanlarda təmsil olunmasının qadağan olunmasıdır.

Məhəmməd
AzNews.az