"Eyni zamanda, biz güclü olmalıyıq" "Eyni zamanda, biz güclü olmalıyıq"

Əli Həsənov: “Dağlıq Qarabağı ağılla geri qaytarmalıyıq“

"Eyni zamanda, biz güclü olmalıyıq"




"Ermənilərin Cənubi Qafqazda yeritdiyi güc siyasətinə ağılla, səriştə ilə yanaşmalıyıq və daha ağıllı və səriştəli olmağımızı göstərməliyik. Eyni zamanda, biz güclü olmalıyıq".

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Bakıda "Ermənistanın Azərbaycana təcavüzü: Təhlili xronika" (1987-2011) adlı kitabın təqdimat mərasimində çıxışı zamanı deyib.

Ə.Həsənov qeyd edib ki, bütün Azərbaycan xalqının qəlbində bir Qarabağ nisgili yaşamaqdadır: "Biz hər birimiz Azərbaycan Prezidentinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində yürütdüyü böyük siyasətə dəstək verməliyik, hər birimiz bir missioner olmalıyıq. Biz Dağlıq Qarabağı təkcəgüc yolu ilə deyil, eyni zamanda, ağılla geri qaytarmalıyıq. Hər bir azərbaycanlı öz sahəsində buna dəstək versə, biz bu qələbəni yaxınlaşdırarıq və Ermənistanı fakt qarşısında qoyarıq".

O vurğulayıb ki, Qarabağ nisgili, Qarabağ problemi hər birimizin fəaliyyətindən qırmızı xətlə keçir və keçməlidir:

"İstər musiqiçi, istər alim, istər jurnalist olsun, istərsə də hərbçi, siyasətçi, millət vəkili olsun, hər birimizin fəaliyyətində ayrıca bir istiqaməti, ayrıca bir hədəfi işğal olunmuş torpaqlarımızın azad olunması missiyası təşkil etməlidir".

PA rəsmisi bildirib ki, bu kitab Dağlıq Qarabağ probleminin ciddi bir salnaməsini, bütöv bir tarixin salnaməsini yaradıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı qeyd edib ki, bu kitab istər tarixi faktların bir araya gətirilməsi, istərsə də tarixi xronologiyanın təhlili baxımından mühüm əhəmiyyət kəsb edir.

M.Qurbanlı qeyd edib ki, biz bu cür kitablarla, bu kitabları xarici dillərə tərcümə etdirməklə ermənilərin əsl üzünü dünyaya çatdırmalıyıq:

"Düşmənlə mübarizə yalnız bir cəbhədə deyil, bütün cəbhələrdə gedir. Ermənistanın Azərbaycana təcavüzünün dəf edilməsində yalnız hərbi sahədə deyil, o cümlədən iqtisadi, elmi, mədəni və digər bütün sahələrdə güclənməliyik".

O deyib ki, bu kitabda tarixi faktlara diqqət yeririlib, beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın təcavüzü ilə bağlı indiyə qədər qəbul olunan qərarlar və qətnamələr toplanıb, həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gördüyü işlər öz əksini tapıb:

"Bu, çox əhəmiyyətli bir məsələdir. Bu kitab bütövlükdə oxucu üçün böyük əhəmiyyətə malikdir və tədqiqatçılar üçün bir mənbədir. Biz bu kitabı beynəlxalq aləmə çıxarmaqla erməni təcavüzünü ifşa edə bilərik. Bu gün biz bütün sahələrdə erməniləri məğlub edirik. Bu gün Ermənistanın havadarları Ermənistana yeni bir nəfəs vermək üçün bütün vasitələrə əl atır. Ermənistan və onun himayədarları gec-tez geri çəkilməli olacaqlar. Biz öz torpaqlarımızı geri qaytaracağıq və Şuşada öz bayrağımızı dalğalandıracağıq".

Daha sonra çıxış edən Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov qeyd edib ki, bu kitabı nəşr etməklə Azərbaycan üçün, gələcək nəsillər üçün mühüm tarixi bir salnamə ortaya qoyulub:

"Bu kitab Azərbaycanın ən ağrılı yarası olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələləri özündə əks etdirir. Dövlət münaqişədən əziyyət çəkən insanlara böyük diqqət və qayğı göstərir, onlar üçün yeni qəsəbələr salır, yaşayış şəraitini yaxşılaşdırır, ancaq bütün bunlar Qarabağ ağrısını sağaltmır".

F.Heydərov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın qüdrətli ölkələrindən birinə çevrilib və Azərbaycan mütləq öz torpaqlarını işğaldan azad edəcək və doğma torpaqlarından didərgin düşmüş bütün insanlar geri qayıdacaqlar.

Millət vəkili Elman Məmmədov da çıxış edərək kitabı yüksək dəyərləndirib. O, qeyd edib ki, kitab Azərbaycan xalqının tarixidir: "Hər bir azərbaycanlı bu kitabı diqqətlə oxumalı və bu mühüm tarixi daha yaxşı bilməlidir".

E.Məmmədov bildirib ki, Azərbaycan bundan sonra daha da güclənməli və mənfur Ermənistan və onun havadarları Azərbaycan ilə razılaşmalıdır.

Qeyd edək ki, kitab "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının qərarı ilə nəşr edilib.

Tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak ediblər.

AzNews.az