İlham Əliyev Kiyevdəki Heydər Əliyev parkında olub - FOTO

Ukraynaya rəsmi səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Kiyevdəki Heydər Əliyev parkında görülən işlərlə tanış olub. APA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkda ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qeyd edək ki, park bu il aprelin 25-də - ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılıb.

Dövlət başçısı parkı gəzib.

Parkda Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən kompozisiya elementləri yüksək peşəkarlıqla işlənib. Burada işıqlandırmadan tutmuş nadir "Şeyx Səfi" xalısının surətinədək hər şey fərdi sifariş əsasında Ukrayna, İtaliya, Almaniya və Azərbaycanda hazırlanıb. Parkın inşaat kompozisiyası Azərbaycanın qədim rəmzləri olan Bakının Qala divarları, Şirvanşahlar dövlətinin gerbi, "Şeyx Səfi" xalısının maketləri əsasında qurulub. Parkın landşaft kompozisiyası isə dövlətimizin coğrafi şəraitinin və florasının müxtəlif elementləri ilə tamamlanır. Yeni salınan parkda aparılan yaşıllaşdırma işləri zamanı əsasən Azərbaycan florasına məxsus nadir ağaclara və bitkilərə üstünlük verilib. Bu da parkın özünəməxsusluğunu artıran amillərdir.

Sonda xatirə şəkli çəkdirilib.

AzNews.az