Komada olan jurnalistin səhhəti ilə bağlı yeni xəbər

Xocasən qəsəbəsində maşın vurması nəticəsində ağır xəsarətlərlə xəstaxanaya yerləşdirilən və artıq 18 gündür komada olan Avropa.info-nun əməkdaşı Sahib İslamovun durumunda dəyişiklik var.

Bu haqda sözügedən sayta jurnalistin həkimi Şöhrət Verdiyev məlumat verib. Həkimin dediyinə görə, Sahib İslamov hələ də koma vəziyyətindən çıxmasa da səhhətində müəyyən irəlləyişlər var.

"Artıq xəstə dünəndən etibarən gözlərini açıb. Hissiyyatı getdikcə bərpa olunur. Sahibin aldığı zədələrə uyğun olaraq onun bu vaxtadək komada olmasına normal yanaşmaq lazımdır. İnşallah onun həyatı üçün ciddi təhlükə qalmayıb. Biz də əlimizdən gələni edirik ki, o tam şəkildə komadan çıxsın. Müəyyən irəlləyişlər olsa da, vəziyyəti ağır olaraq qalır."

Xatırladaq ki, Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Dərhal da qəza törədən avtomobil sürücüsü Musa Nağıyev adına xəstəxanaya çatdırıb.

Sahib İslamov ağır müştərək qapalı beyin travması, baş beyinin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

AzNews.az