15:32
(077) 610-22-33

Çəmənzəminlinin nəşi Azərbaycana gətirilsin – Təklif

  • >
1 027 21 Noyabr 2013 15:00 | Cəmiyyət


Bir necə gündür mətbuatda Yusif Vəzir Çəmənzəminlinin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı fikirlər səslənir.


AzNews.az-ın əldə etdiyi məlumata görə, bu təşəbbüslə ilk çıxış edən yazıçı-dramaturq Firuz Mustafa olub.

Yazıçı AzNews.az-a açıqlamasında bildirib ki, 10 ildir ki, Y.V.Çəmənzəmənlinin yatdığı cəzaçəkmə müəssisəsinin rəhbəri ilə yazışır:

"Bəziləri mənim yazdıqlarımı deyəsən, təzə oxuyublar. Mən Yusif Vəzir Çəmənzəminlinin məzarını axtarmaq üçün yazmadığım yer qalmayıb. Axtarış zamanı xeyli məlumatlar əldə etdim. Həmcinin məzarın Suxobezvodnoye Qorki (indiki Nijni- Novqorod) şəhərinin 115-120 kilometrliyində, Semyonov rayonunun şimal-qərb hissəsindəki qəsəbədə yerləşən cəzaçəkmə müəssisəsində olduğunu öyrəndim.

Mən əksər islah-əmək düşərgələrinin rəislərinə, o cümlədən Nijeqorod vilayətinin prokuroru K.M. Kojevnikova və Vilayətin məhkəmə sədri A.V. Bondara məktubla müraciət etdim. Amma məktublarıma cavab verilmədi. Nəhayət, bu günlərdə QUSFİN-dən bir məktub aldım. Həmin məktubda bildirilir ki, Yusif Vəzir Çəmənzəmənli həbsindən əvvəl, 1938-1940-cı illərdə Özbəkistanın Xarəzm vilayətinin Urgenc şəhərində yerli institutda rus dilini tədris edib.

Həbs olunandan sonra Bakıya göndərilib. 11 iyun 1940-cı ildə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, antisovet fəaliyyətində ittiham olunub. Cəzasını çəkmək üçün Unijenskidə yerləşən cəzaçəkmə müəssisəsinə göndərilib, 3 yanvar 1943-cü ildə isə vəfat edib. Onun ölümü ilə bağlı bütün məlumatlar Rusiya Daxili İşlər Nazirliyi Dövlər İnformasiya Mərkəzi İdarəsində Vəzirovun şəxsi işində saxlanır".

Yazıçı deyir ki, ədibin nəşinin öz vətəninə gətirilməsi onun ruhuna və uğrunda vuruşduğu ideallara ən böyük hörmət olardı:

"Mən ziyalılarımıza üz tutub deyirəm. Gələn il Yusif Vəzirin əbədiyyətə qovuşduğu vaxtdan yetmiş il keçir, gəlin onun məzarının vətənə gətirilməsinə çalışaq və buna nail olaq. Onun doğulduğu yer, bizim gözəl Şuşamız bu gün əsarətdədir, elə böyük yazıçımız Yusif Vəzir Çəmənzəminlinin qürbətdəki məzarı kimi. Gəlin, böyük vətəndaş və nəhəng yazıçımızın məzarını əsarətdən xilas edək".

Yazıçı-dramaturqun bu təklifinə şair Şərif Ağayarın münasibəti isə fərqlidir. Şair ölülərdən əvvəl dirilərin qeydinə qalınmasının tərəfdarıdır:

"Ölülər tələsmir və onlar gözləyə bilər. Azərbaycanda yeni çəmənzəminlilərin və müşfiqlərin yetişməsinə çalışmalıyıq. Mən diriləri sevirəm və Çəmənzəminlini, Müşfiqi də qəbir kimi deyil ruh kimi təsəvvür edirəm".

Bahar Rüstəmli
AzNews.az
Bağla X