16:07
(077) 610-22-33

Avtomobilini texniki baxışdan keçirməyənlərə xəbərdarlıq edildi

  • >
926 21 Noyabr 2013 20:37 | Cəmiyyət

Azərbaycanda avtomobillərin dövlət texniki baxışdan keçməsinin müddəti oktyabrın 31-də başa çatıb. Qeyd olunan müddət başa çatdığından dövlət texniki baxışdan keçməyən avtomobillərin sürücüləri və ya avtomobil sahibləri yol polisi əməkdaşları tərəfindən saxlanılaraq qanunvericiliyin tələblərinə uyğun olaraq cərimələnirlər. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Şöbə rəisinin sözlərinə görə, qanunvericiliklə nəqliyyat vasitələrinin texniki baxışdan keçmə vaxtının bitməsinə baxmayaraq, sürücülər və ya avtomobil sahibləri bu prosesi noyabr-dekabr aylarında da həyata keçirə biləcəklər: "Həmin sürücülər və ya avtomobil sahibləri nəqliyyat vasitələrini idarə edərkən saxlanıldıqda İnzibati Xətalar Məcəlləsinin 154.1-ci maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlb olunacaqlar. Qanuna əsasən, bu xətaya yol vermiş fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat miqdarında cərimə olunurlar. Lakin bu müddətin bitməsi o demək deyil ki, texniki baxış məntəqəsinin qapısı bağlanıb. Vaxtın ötməsinə baxmayaraq, həmin sürücülər və ya avtomobil sahibləri yenə də gedib rahatca noyabr-dekabr aylarında da avtomobillərini texniki baxışdan keçirə bilərlər. Lakin həmin sürücü və ya avtomobil sahibləri texniki baxış vaxtını ötürdüyünə görə bütün hallarda cərimələnəcəklər".
Qeyd edək ki, 2013-cü il aprelin 20-dən Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edilməsi barədə qərarı ilə yeni qaydaların tətbiqinə başlanılıb. Yeni qaydalara əsasən, minik avtomobilləri istehsal olunduqları vaxtdan keçən 4 il ərzində dövlət texniki baxışından azaddırlar. 4 ildən sonra isə onlar iki ildə bir dəfə, istehsal tarixindən 10 il keçdikdən sonra isə hər il dövlət texniki baxışından keçməlidirlər.
"Yol hərəkəti haqqında" qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri istehsal olunduqları vaxtdan bir il müddətində texniki baxışa cəlb olunmurlar. Lakin növbəti ildən etibarən onlar hər il texniki baxışdan keçməlidirlər.
Xatırladaq ki, respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı yanvarın 1-dən oktyabrın 31-dək həyata keçirilir.

AzNews.az
Bağla X