Gənc alimlərə mənzil necə veriləcək: İsa Həbibəyli şərtləri açıqladı

"Milli Elmlər Akademiyasında alimlərin təkcə doktorantura vasitəsilə gəncləşdirilməsi yetərli deyil".


Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibəyli deyib.

O bildirib ki, AMEA-da magistratura pilləsinin yaradılması nəzərdə tutulur və bununla bağlı ictimaiyyət də məlumatlandırılıb.

O, AMEA-da magistraturanın yaradılmasının səbəb və məqsədləri haqqında da danışıb:

"Elmdə varislik məsələsinin həll olunması üçün magistraturanın yaradılması faydalıdır. Əlbəttə, akademiya üçün magistratura təhsili yeni hadisədir. Bu baxımdan da Azərbaycan elminin, akademiyanın gələcəyi naminə magistratura bəlli bir səviyyədə, digər təhsil müəssisələrinə maneə olmadan, ayrıca plan əsasında yaradılmalıdır".

İ. Həbibəyli onu da qeyd edib ki, AMEA-da yeni elmi nəslin daha geniş şəkildə proseslərə cəlb olunması istiqamətində də addımlar atılmaqdadır: "Akademiyanın prezidentinin gənc alimlərlə geniş tərkibdə görüşü keçirildi və bu məsələlər müzakirə edildi.

Bundan başqa akademiyada Gənc Alimlər və Mütəxəssislər Şurası yenidən qurulur. Gənc alimlərin mənzil təminatı ilə bağlı addımların atılması istiqamətində də akademiyada tədbirlər həyata keçirilməkdədir.

Yəqin ki, yaxın illərdə gənc alimlərin böyük bir qismi, əlbəttə ki, müəyyən ehtiyaca və xidmətlərinə görə, nəzərə alınmaqla mənzillə təmin olunacaqlar".

Məhəmməd
AzNews.az
image description