“Elektron hökumət”dən xaricilər üçün yenilik

"Elektron hökumət" layihəsindən xarici ölkə vətəndaşları üçün yenilik olacaq. Həmin yeniliyin tətbiqi sayəsində "Elektron hökumət" portalı ölkəmizin vətəndaşları ilə bərabər xarici ölkə vətəndaşlarına da elektron xidmət göstərə biləcək.

AzNews.az-a Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, "Elektron hökumət" portalında (www.e-gov.az) "Qeyri-rezident" adlı yeni bir bölmə əlavə edilib. "Qeyri-rezident" bölməsində ilk olaraq üç dövlət qurumu - Xarici İşlər Nazirliyi, Diasporla İş Üzrə Dövlət Komitəsi, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz elektron xidmətlərini yerləşdiriblər.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdim etdiyi elektron xidmət KİV nümayəndələri üçün nəzərdə tutulub. Nazirliyin təqdim etdiyi elektron xidmət "Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu" adlanır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət istənilən ölkənin vətəndaşı üçün daim aktual bir məsələ ilə bağlıdır və bu "Ölkələrarası övladlığa götürmə üçün müraciətin və sənədlərin qəbulu" adlanır.

Diasporla İş Üzrə Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət isə xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub və bu xidmət "Xaricdə yaşayan azərbaycanlıların elektron müraciəti" adlanır. Bu xidmət vasitəsilə Azərbaycandan kənarda yaşayan həmyerlilərimiz onları maraqlandıran istənilən məsələni elektron müraciət formasında Diasporla İş Üzrə Dövlət Komitəsinə yaza bilərlər.

AzNews.az