18:10
(077) 610-22-33

Hacı Şahin: “Təhlükənin bu həddə olmasını bilmirdim”

  • >
765 23 Noyabr 2013 10:43 | Cəmiyyət

"Təhlükənin bu səviyyədə olmasını bilməzdim və ciddi də hesab etmirdim. Terror təhlükəsi ilə bağlı siz xəbər yayandan sonra isə hüquq-mühafizə orqanlarına ifadə vermişəm".


Bunu AzNews.az-a açıqlamasında tanınmış din xadimi Hacı Şahin Həsənli deyib. Ş.Həsənli bildirib ki, ona qarşı terrora cəhddə ittiham olunan şəxslərlə heç bir zaman rastlaşmayıb və tanımır: "Bunu istintaqa verdiyim ifadəmdə də söyləmişəm. Bildirmişəm ki, mənə qarşı təhlükənin olması haqda mətbuatdan və sosial şəbəkələrdən xəbər tutmuşam".

Ş.Həsənli qeyd edib ki, birbaşa ona qarşı heç bir təhdid faktı olmayıb:

"Amma buna baxmayaraq, məsələnin araşdırılacağına və hüquq-mühafizə orqanlarının operativ tədbir görəcəyinə isə inanırdım. Milli Təhlükəsizlik Nazirliyinin məlum əməliyyat keçirməsindən indi məlumatlanmışam. Çünki ölkədə deyiləm. Təhlükəsizlik tədbirləri ilə bağlı isə hələlik heç nə düşünməmişəm".

Xatırladaq ki, oktyabrın 25-də tanınmış din xadimi Hacı Şahin Həsənliyə qarşı yuxarıda qeyd olunan terror təhlükəsi ilə bağlı ilk xəbəri AzNews.az xəbər portalı yaymışdı.

http://www.aznews.az/site/index.php?c=news&id=40329


Bu gün isə AzNews.az-ın terrorla bağlı xəbəri öz təsdiqini tapıb.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində terrorçuluq hərəkətlərinin törədilməsinə yönəlmiş hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsinə görə Azərbaycan vətəndaşları - Mirzəyev Nəriman Xosrov oğlu və Rüstəmov Mirzəhməd Şakir oğlu şübhəli şəxs qismində tutulublar.

MTN-in mətbuat xidmətindən daxil olan məlumata görə, faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3 (terrorçuluq, yəni odlu silahdan, silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər törətməyə hazırlıq) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılıb. Nəriman Mirzəyev və Mirzəhməd Rüstəmov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş baxış nəticəsində Nəriman Mirzəyevin üzərindən təyinatı kustar üsulla dəyişdirilmiş 1 ədəd "Makarov MP 371" siqnalverici tapança, həmin tapança üçün 1 daraq və 8 patron, yaşadığı mənzildən 1 ədəd "Kalaşnikov" avtomat silahı, həmin silah üçün 1 daraq, 14 patron, 3 "F-1" tipli əl qumbarası və onlara aid 3 alışdırıcı, Mirzəhməd Rüstəmovun üzərindən təyinatı kustar üsulla dəyişdirilmiş 1 ədəd "Makarov MP 371" siqnalverici tapança, həmin tapança üçün 1 daraq və 8 patron, onun mənzilindən 2 "F-1" tipli əl qumbarası və onlara aid 2 alışdırıcısı aşkar olunaraq götürülüb.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Məhəmməd
AzNews.az
Bağla X