Rəsulzadənin nəvəsi: “Prezidentə müraciət etmək niyyətim var”

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri Rəis Rəsizadə prezident İlham Əliyevin imzaladığı dünənki sərəncama münasibət bildirib.

Rəis Rəsulzadə prezidentin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamını yüksək qiymətləndirdiyini və bunun azərbaycançılıq ideologiyasına bir töhfə olduğunu söyləyib.

"Dünən eşitdim və çoxları kimi mən də sevindim. Babamın yubileyinə hələ 3 ay var. Sevindirici haldır ki, ona dəyər verirlər. Vaxtilə mərhum prezident Heydər Əliyev də 110 illik yubileyin keçirilməsi ilə bağlı sərəncam vermişdi. Sonra ara qarışdı, bəzilərini elədilər, bəzi şeyləri etmədilər. Yenidən belə bir sərəncam imzalanması çox sevindiricidir. Milli dəyərlərimizə töhfə verən bir sərəncam oldu. Hamı buna sevindi. Çünki Məhəmməd Əmin bəy tariximiz, mədəniyyətimiz və mənəviyyatımızın bir parçasıdır. Azərbaycanın dövlət-millət kimi formalaşması üçün düzgün ideologiya olmalıdır. Məhəmməd Əmin Rəsulzadə də azərbaycançılıq ideoloqu idi".

R.Rəsulzadə yubileydən sonra M.Ə.Rəsulzadənin ev muzeyinin yaradılması, mədəni irsinin çap olunması ilə bağlı da prezidentə müraciət edəcəyini söylədi.

"Məhəmməd Əminlə bağlı çoxlu məsələlər var. Təbii ki,prezident məni qəbul edərsə, onunla görüşüb bu fikirlərimi deyəcəyəm. Ona müraciət etmək niyyətim var. Görək necə alınır".(modern.az)