Şahlar Məmmədov: “Azərbaycan təhsili sahəsində həyəcan təbili çalınmalıdır” Şahlar Məmmədov: “Azərbaycan təhsili sahəsində həyəcan təbili çalınmalıdır”

Qəbul imtahanları aləmi bir-birinə qatdı -ARAŞDIRMA

Şahlar Məmmədov: “Azərbaycan təhsili sahəsində həyəcan təbili çalınmalıdır”

Artıq 20112/012-ci tədris ili üçün ali ixtisas məktəblərinə qəbul imtahanları başa çatdı. Məlum olduğu kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası I və II qrup üzrə imtahan verən abituriyentlərin minimum keçid balını 150 bala salıb. Bu qərar, ilk növbədə, hər kəsin ağlına ölkəmizdə təhsil səviyyəsinin aşağı düşməsi fikrini gətirir. Eyni zamanda, qəbul imtahanlarında minimum keçid balının aşağı salınması ənənəsinin formalaşması bir çox ziddiyyətli suallar yaradır. Azərbaycanda həqiqətənmi təhsilin səviyyəsi getdikcə aşağı düşür? Yoxsa kütləvi şəkildə savadsızlaşma gedir? Keçid ballarının aşağı salınması çıxış yoludurmu? Bu qərarın TQDK ilə Təhsil Nazirliyi arasındakı gərgin münasibətə bir aidiyyatı varmı? AzNews.az olaraq kifayət qədər narahatlığa səbəb olan bu məsələni mütəxəssislərlə birgə araşdırmağa çalışdıq.


" Çalışqan uşaqlar da universitetə qəbul ola bilmir"


Orta məktəbi bu il bitirən, ali məktəbə qəbul imtahanlarında iştirak edən abituriyent Vüsalə Quliyeva imtahanlarda aşağı nəticəni suaların şətinliyilə əlaqələndirir: "İndki uşaqlar savadsız deyil, əksinə…Məncə, suallar düzgün qoyulmur. Bu, uşaqların səviyyəsinə uyğun düşünülmür. Nəzərə alaq ki, son 4 ildə imtahan sualları məntiqə əsaslanır. Amma unudulur ki, orta məktəblərdə məntiq fənni keçilmir. Buna görə də, aşağı səviyyəli nəticələr göstərilir. Çalışqan uşaqlar belə çox çətinliklə universitetə qəbul olurlar".

Mövzumuz üzrə suallarımızı cavablandıran Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirir ki, müsabiqəyə keçid ballarının 150-yə endirilməsi qərarı həmin ixtisas qruplarında imtahan nəticələrinin qənaətbəxş olmamasından irəli gəlir: "Ancaq dövlət sifarişli yerlər uğrunda müsabiqə yalnız II qrup üzrə 350-dən toplayanlar, I qrupda isə 250-dən çox bal toplayanlar buraxılacaqlar. Hər halda 150-200 arası bal toplayanların əsasən ödənişli təhsili almaq şansları olacaq". E.Nağızadə onu da qeyd etdi ki, keçid balların aşağı salınması universitetlərdə boş yerlərlə əlaqədar deyil: "Qəbul qaydalarına əsasən universitetlərdə boş yer qalarsa, II mərhələdə elan verilir. Həmçinin, bunu əvvəlcədən demək də mümkün deyil. Bu, müəyyən proqramlaşdırılmaya əsasən aparılır".

Sualların qəsdən çətinləşdirilməsi, bununla da təhsil səviyyəsinin aşağı olduğunu göstərməklə bağlı deyilən fikirlərə gəlincə, TQDK təmsilçisi bu soz-sohbətin əsassız olduğunu bildirdi.


"Belə pərdəarxası savaşlar qəbuledilməzdir"


"Azərbaycan müəllimi" qəzetinin keçmiş baş redaktoru, təhsil üzrə ekspert Valeh Mirzə isə qeyd edir ki, təhsilin səviyyəsinin aşağı olması ilə bağlı fikirlər həqiqəti əks etdirir: "Təhsil Nazirliyi bu yanaşmanı müəllimlərin əmək haqqlarının aşağı olması ilə əlaqələndirir. Ancaq təhsil səviyyəsinin aşağı olmasını təkcə müəllimlərin əmək haqqlarının aşağı olması ilə bağlamaq olmaz. Belə olan təqdirdə bütün təhsil korpusları öz fəaliyyətini dayandırmalı, uşaqlar da məktəbə getməməlidir. Ümumiyyətlə, balların aşağı salınması məsələsi birmənalı qəbul olunmur və məncə, doğru deyil. Bunun müxtəlif səbəbləri ola bilər. Bir səbəbi də universitetlərdə qalan boş yerlərin doldurulmasıdır. Onu da deyim ki, həqiqətən universitetlərdə boş yerlərin doldurulması balların aşağı salınmasına bir səbəbdirsə, mən bunu məqbul hesab edirəm. Eyni zamanda, mətbu orqanlarda bildirilir ki, TQDK sırf Təhsil Nazirliyinin fəaliyyətsizliyini sübut etmək üçün keçid ballarını aşağı salır. Mən hesab etmirəm ki, bu iki dövlət qurumu arasında belə sətiraltı, pərdəarxası savaşlar olsun".


"Ali məktəblərə qəbul imtahanları ləğv edilsin"


Onun sözlərinə görə, bir çox Avropa ölkələrində ali məktəblərə qəbul ancaq müsabiqə üsulu ilə aparılır: "Yəni qəbul olmaq üçün imtahan verilmir. Vətəndaş müəyyən sahə üzrə diplom almaq istəyir. Ali məktəbin də borcudur ki, mənim övladımı arzuladığı ixtisas üzrə mütəxəssis kimi hazırlasın. Bununçün mən pul ödəyirəm. Mən əsasən ödənişli təhsil müəssisələrini nəzərdə tuturam. Ola bilsin, bizim ölkədə də nə vaxtsa ali məktəblərə qəbul imtahanı ləğv olunacaq. Kim hansı ali təhsil ocağında oxumaq istəyirsə, o universitetə sənəd təqdim etsin və orda da kadr kimi hazırlansın. Əcnəbi ölkələrdə artıq bu sistem tətbiq olunur. Həmin təcrübə də özünü doğruldur. Mən bu üsulu dəstəkləyirəm".


"Hər repetitor yanına gedən şagird yaxşı nəticə göstərə bilməz"


Filologiya elmləri üzrə fəlsəfə doktoru, ali məktəb müəllimi Şahlar Məmmədov isə AzNews.az-a açıqlamasında təhsilin bugünkü səviyyəsinin acınacaqlı halda olduğunu bildirdi. Onun sözlərinə görə, bunun bir neçə səbəbi var. İlk növbədə, valideynlərin övladlarına nəzarət stimulunun aşağı olmasını səbəb olaraq qeyd etdi: "Həmçinin, cəmiyyətdə yeni informasiyaların tənzimlənməməsi təsir göstərir. Həm valideynlər cəmiyyətin üzvü olaraq bu proseslərə hazır deyil, həm də dövlət başqa sahələrə daha çox maliyyə vəsaiti ayırdığı üçün təhsilə o qədər də diqqət ayrılmır".

Müsahibimizin fikrincə, digər bir səbəb isə orta məktəb müəllimlərinin repetitor fəaliyyətləri ilə bağlı təbliğat aparmalarıdır: "Bu, ona gətirib çıxarır ki, şagirdlər 45 dəqiqəlik dərs müddətində fikirlərini yayındırır və əlavə olaraq hazırlıqlara getməli olurlar. Bu da öz effektini vermir. Təbii ki, hər repetitor yanına gedən şagird yaxşı nəticə göstərə bilməz. Valideynlərdə də çox yanlış bir fakir formalaşıb ki, uşaq hazırlığa gedirsə, mütləq ali məktəbə daxil olacaq. Təsəvvür edin ki, hər il 100 mindən artıq abituriyentimiz 4 qrup ixtisas üzrə ali məktəblərə sənəd verir. Hesablasaq ki, hər bir abituriyent 4 fənn üzrə hazırlaşır və bunu orta hesabla bunu 50-70 manat civarında qiymətləndirsək, bir ay təxminən 240 manata başa gəlir. Bu 240 manatı da 100 minə və 10 aya vursaq, görün, necə böyük məbləğ alınır. Həmin pul da əhalinin cibindən oğurlanaraq təhsildə stimulun yüksəldilməsinə xərclənilir və nəticə də vermir. Hələ valideynlərin boğazından kəsilərək bu qədər vəsait ayrılmaqla biz keçid balının 150 bal olmasına nail olmuşuq. Təsəvvür edin ki, valideynlər uşaqlarını repetitor yanına göndərməyəydi, əlavə təhsil verilməsi üçün xərc ayrımayaydı, görün keçid balları onda nə səviyyədə olardı…"

Həmsöhbətimiz açıqlamasında TQDK-nın təhsilə güzgü tutduğunu da diqqətə çatdırdı: "Buna görə onu heç də günahlandırmaq lazım deyil. Ona görə ki, test nisbi bilik səviyyəsini müəyyənləşdirən bir barometrdir. Bu mənada balların müəyyənləşməsini hansısa bir dövlət qurumu müəyyən eləyə bilməz. Əslində bunun məntiqi odur ki, abituriyentlərin bilik səviyyəsi müəyyənləşdirilir. Getdikcə bu meyar da aşağı düşür. Bunun da başlıca səbəbi təhsilə diqqətin olmaması, əksinə bu sahədə özbaşınalıqların baş alıb getməsidir. Bu, ümumilikdə cəmiyyətin problemidir. Biz öz övladlarımıza, şagirdlərimizə nəzarət edə bilmirik. Təhsil sahəsində artıq həyəcan təbili çalınmalıdır".


"İmtahan sualları heç repetitorların da bilik səviyyəsinə uyğun deyil"


Ş. Məmmədovun sözlərinə görə, eyni zamanda, ekspertlər tərəfindən müəyyənləşdirilən imtahan sualları nəinki abituriyentlərin, heç bugünkü repetitorların hazırlıq səviyyəsinə uyğun deyil: "Bu mənada ekspertlər sualları hazırlayarkən həm şagirdlərin, həm də uşaqları qəbul imtahanlarına hazırlayan müəllimlərin bilik səviyyəsini nəzərə almalıdırlar. Burda müəyyən güzəştlər olmalıdır".


Sevinc Fədai

AzNews.az