19:19
(077) 610-22-33

Kömək gözləyən Seyid Əzim xələfləri

  • >
2 290 26 Noyabr 2013 09:35 | Cəmiyyət

Sirvanın yolu həşəm...


...Daşkəndin payızı bir başqa cür olur. Daşkəndin payızından yollara həsrət yağır. Sarı qızılı yarpaqlar da, elə bil o həsrətin göz yaşlarıdır. Deyəcəksiniz saralmış göz yaşı olur?! Olur!!! Saralmış həsrətlər elə sarlamış göz yaşlarıdır... Haqqında söhbət açmaq istədiyim Əzimzadələr nəslinin həsrətinin yaşı isə 1 əsri keçib.

Belə payız həsrətlərinin içərisində bir Vətən axtarırlar. Fatma xanım dedi ki, elə körpəlikdən anası Xədicə xanımdan həmişə həsrət nəğmələri eşidib:

Şirvanın yolu həşəm,
Ağlamaq olub peşəm.
Hardadı mənim yarım
Çoxdandır görməmişəm.

Şirvanlı nənələrin söz boxçasının əlfbası, laylasıdır bayatılar. Xədicə xanım da Şirvandan miras qalan bayatılarla uyudub dərdlərini, ağrılarını, acılarını...

Onlar Şirvanın nə həşəm yollarını görüblər, nə də payızını. Onların yolları qərib ölkələrdən, yad ellərdən, qərib şəhərlərdən keçib. Onların payızında sarı yarpaqlı həsrət yaşları olub, dərd kimi ürəklərindən süzülüb, dərd olub ürəklərinə yağıb. Bu ailənin uşağından tutmuş böyuyunəcən söz bilib, söhbətə qarışanları dərddən, itirdiklərindən danışıblar. 1 əsr yarımdır ki, gah köçgün olublar, gah da sürgün. Lakin keşməkeşlər, ayrılıqlar, həsrətlər sındırmayıb onları. Kimsənin qarşısında əyilməyiblər, bir parça çörək pulunu da halal zəhmətləri ilə qazanıblar.

Ancaq layiq olduğu qədər almayıblar əməklərinin, zəhmətlərinin qiymətini. Səbəb?! Səbəb VƏTƏNSİZlikləridir. Şair Nüsrət Kəsəmənli yazmışdı: "Vətənsiz olana bu yer kürəsi, Vətənin bir ovuc torpağı deyil". Təkcə bir təsəlliyə isiniblər ki, Vətəndə adlı-sanlı bir babaları olub.

Seyid Əzim Şirvani


1835- ci il iyul ayının 9-da Şamaxıda ruhani ailəsində anadan olub. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat edib. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşayr. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edir. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir.

Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində dərs alıblar. Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda vəfat edib..

***

Çirkli yataqxana divarları...


... Xəbərlərini Şamaxıdan almışdım. Şamaxılı professor Seyfəddin Qəniyev bu il payızın ilk günlərində mənə bildirdi ki, Seyyid Əzim Şirvaninin üç övladı Seyyid Fatma və Seyyid Həcərin qəbirləri Daşkəndə olsa gərək. Onları tapıb üzə çıxarmamı təvəqqe etdi. Axtarışım uzun çəkmədi. Daşkənddə soraqlayanda dedilər ki, Seyyid Əzim Şirvanının nəslindən Daşkənddə indi də yaşayan var. Səhərisi gün ünvanlarını tapdım. Telefon zəngimə cavab verən xanım, əvvəlcə belə dedi: "Qızım Sizi qəbul etməyə utanıram, vəziyyətimiz, güzəranımız ürəkaçan deyil".

Telefon xəttinin bu başında dedim ki, ana, tanış olmağa gəlirəm. Daşkəndin kənarında olan Sergili rayonuna gəldik. Yol kənarına çıxıb, bizi özü qarşıladı Fatma xanım. İnsan kim olursa olsun, nə olursa olsun, öz nəslinin, qan yaddaşının daşıyıcısıdır.

Azərbaycandan min kilomerlərlə uzaq bir yerdə ilk dəfə gördüyüm bu xanımın sifət cizgilərində, ədalarında Şirvan-Bakı xanımlarına xas antropoloji cizgiləri gördüm. Kübarlılıq, zadəganlıq bütün görünüşündə idi. Dil ağız elədi:

- Vayyy... kamera ilə gəlmisiniz, sən Allah bizi kameraya çəkməyin. Utanırıq axı. Biz yataqxanada yaşayırıq. Şəraitimiz çətindir.

... Nədənsə, mən belə təsəvvür etmirdim. Yol kənarında dayanan köhnə bir tikilinin həyətinə girdik. Daha sonra isə çirkli, pasli pilləkənlər və diavrları olan girəcəkdən ikinci mərtəbəyə qalxdıq. Sovetdən qalma ailə yataqxanası idi. Dəhlizdə öləzimiş işıq yanırdı, kəsif bir qoxu var idi. Köhnə, ağ rənglə rənglənmiş qapı açıldı. Daşkənddə adətən bu tipli mənzillərdə də çirk-toz qoxusu gəlir. İşıqlı bir mənzilə keçdik. Dəhlizdəki kəsif qoxudan mənzildə əsər-əlamət yox idi.

Səliqəli və təmiz otağın bir küncündə ev dibçəklərində xeyli gül çiçək var idi. Bir də əyləşmək üçün köhnə bir divan. Digər oturacaqlar isə atılmış mebel qırıntılarından kustar üsulla düzəldilmişdi. Bu kiçik yataqxana odasında Fatma Quliyeva, qızı Nərgiz xanım və 22 yaşlı nəvəsi Teymur yaşayırlar. Əziz bir əmanət kimi əl çantasında saxladığı nəsil şəcərəsindən olan şəkilləri və Seyid Həcərin nəvəsi Arif Səfinin kitabını qoydu evdə yeganə olan jurnal stolunun üzərinə.


- Danışın, Fatma xanım, nəslinizdən, nənə-babanızdan, özünüzdən danışın.

- Nə danışım, vallah, yaddşımda yaxşı heç nə qalmayıb axı. Bu gün elə anam Xədicənin ölən günüdür. Onu da Dşkənddə dəfn etmişik. Biz heç gün görmədik ki... Anam Seyyid Fatmanın qızı Xədicə xanım Düşənbədə ailə həyatı qurub. 1948-ci ildə Düşənbədə zəlzələ olanda, köçüb gəlirlər Daşkəndə. Ailəmizdə belə bir ənənə var idi. İndi də belədir. Biz ancaq azərbaycanlılarla ailə qururduq. Digər xalam Səadət isə 1938-ci ildə İrana sürgün olur. Anamı Düşənbədə Ərdəbilin Nəmin kəndindən olan Əminağa Əhəd olu Quliyevə ərə verirlər. Sonra müharibə vaxtı atam Əminağa müharibəyə getdi. Ordan əlil olaraq qayıtdı Daşkənddə yaşayırdıq.

Rəhmətlik atam babamın şerlərini bütün məclislərdə oxuyardı. Məni xalam Düşənbəyə aparıb yenə İrandan olan azərbaycanlıya ərə verdi. 1966-ci ildə Daşkənddə zəlzələ olanda anamgil köçüb gəldilər Düşənbədəki qohum-əqrabanın yanına. Daha doğrusu Sovet o vaxt zəlzələdən ziyan çəkən insanlara mənzil verirdi. Bizimkilər yenə də Düşənbəni seçdilər. 1992-ci ildə Düşənbədə dava başladı. Evimiz-eşiyimiz əldən çıxdı. İncidirdilər bizi. İmkanı olan köçüb gedib özünə gün ağladı. Biz yenidən Daşkənddəki qohumların yanına qayıtdıq.

Seyyid Fatma ilə Seyyid Həcərin də qəbirləri qaldı Düşənbədə.Yenə köçgünlük, yenə evsiz-eşiksizlik. Qaldıq kirayə evlərdə. Son sığınacaq yeri isə bu yataqxananı tapdıq. Burda da evi-eşiyini satıb, səfalət içində həyat sürənlər, əyyaşlar yaşayırlar. Rəhmətlik anam Xədicə də o vaxtdan bizimlə bu 1 otaqlı mənzildə yaşadı. Nə qədər çətinliklər, kəşməkeşlər gördük. İndiyə kimi bu ölkədə vətəndaşlıq ala bilmədik. Burada "Vətəndaşlığı olmayan şəxs" statusu ilə yaşayırıq.

Özüm ali təhsilli pedaqoqam, 120 dollar pensiyanı alıram. Qızım Nərgiz də Düşənbədə Dövlət Universitetini bitirib. Ancaq sənədləri olmadığından, Özbəkistan vətəndaşlığı ala bilmədiyi üçün tez-tez sərhədə gedib-qayıdır, kafelərdə qab yumaqla qazandığı pulunu da yola verir. Vətənsizlik yaman dərddir. Anam Xədicə deyirdi ki, nənəm Seyyid Fatma dərddən cavan öldü. Elə Seyyid Əzim babam kimi, heç 60-ı başa vurmayıb.

Çünki 1933-37-ci illərdə Düşənbədə sayılıb seçilən, adlı sanlı bir ailə olan nənəm Seyyid Fatmagilin nəyi varsa əllərindən alıblar. Başları müsibətlər çəkib. Bu dərdlər də böyük nənəmizi çatladıb. Fatma xanım nənəsinin müsibətlərini danışanda Seyyid Əzim Şirvanının Şam şəhərində oxuyarkən yazdığı qəzəldən bir beyti xatırladım:

Diyari –Şamə ol gün kim, məni hökmü qəza çəkdi,
Nə möhnətlər gör ol viranədən bu binəva çəkdi.

Söhbətə Nərgiz xanım da qoşulur:


- Bilirsiniz, çox yorulmuşuq vallah, nənəmi də ehtiyac içərisində yaşayan gördük, ulu babamızdan xəbərim yoxdur. Ancaq bizə kasıbçılıq qalıb, artıq pulumuz olmayıb. Ancaq buna baxmayarq bu bir otaqlı evimiz həmişə gəlib gedənli olub, qonaqsız günümüz olmur. Buradakı dost-tanış ötən əsrdən burda məskən salmış qohumlardan yoluxurlar bizi. Vətənsizlik çətindir. Nənəm həmişə bayatılar deyərdi:

Gəzərəm suz dağları,
Bağlayıb buz dağları,
Hər kəsə şirin olar,
Öz yeri, öz dağları.

Genetik yaddaş

Nərgizin dialektində bir söz qulaqlarımı çaldı: "pılımız". Sual etdim:

- Nərgiz xanım, Siz niyə pula "pıl" deyirsiniz?!

-Vallah elə evdə həmişə "pıl" deyiblər.

- Bilirsizmi ki, Şirvanlıların dialektində "pul" sözü "pıl" kimi işlədilir. Bacım, bu Sizin genetik yaddaşınızdır

Hərgiz xanım dolan gözlərini sildi. Və söhbətinə davam etdi:

- Elə bil ki, bizim nəsli lənətləyiblər. Babamızın qəbrini də görmüşəm. Böyük qız olanda isə bir dəfə İrana getmişdim atamla. Balaca olanda azadlığın nə olduğunu hiss etməmişdim. Ancaq böyük qız idim İrana aparmışdı, rəhmətlik atam bizi. Orada özümü elə azad, elə doğma hiss elədim ki... Kimliyimiz yox, Vətənsizlik, qəbirlərimiz nigaran... Eh... bu da həyatdır...?! Sabaha inamımız, arzumuz da yoxdur...

Ayrılanda Fatma xanım yenə bizə xitabən: - Sən Allah bağışlayın, şəraitimiz pisdir, belə yaşayırıq ki... qonaqdan utanırıq... - dedi.
- Fatma xanım, Siz nədən utanırsınız, qoy fələk utansın bu yazını yazan yerdə- deyib ayrıldım.

... Bizi Nərgizin oğlu Teymur yola saldı. Yataqxananın qarşısında üc-dörd yaşlarında balaca, əsmər bir qız gülə-gülə, qollarını açıb, Teymurun üstünə qaçırdı. Soruşdum kimdir, dedi dayım nəvəsidir. Yanındakı isə dayısı qızı Mehriban idi. Mehribandan azərbaycanca Seyyid Əzim Şirvanini söruşdum. Anlamadı. Sualımı rusca verdim. Dedi, "mən bilirəm ki, ulu babamız Azərbaycanda çox məşhur və tanınmış olub, lakin başqa məlumatım yoxdur".

Nənəsinın anası Xədicə xanımı xatırladı, və azərbaycanca danışa bilməyən Mehriban onun bir bayatısını oxudu:

Mən aşıq bir dənəsən,
Üzərriksən, həvəsən,
Mən ölsəm sənə qurban,
Sən ölmə bir dənəsən.

Və yenə də Tanrının bizə verdiyi genetik kod və yaddaşa heyran qaldım. Bir kəlmə də azərbaycanca danışa bilməyən gənc Mehriban, 5-6 yaşında olarkən nənəsdən eşitdiyi bayatını tərtəmiz və şivəsiz dedi.


...Aləmdə səsim var mənim...


Bir gün sonra isə Fatma xanımla Daşkənddəki qədim Azərbaycan qəbristanlığında görüşdük. Bu qəbridtanlıqda Seyyid Fatmanın oğlu İsmayıl və nəvəsi Yusif dəfn edilmişdi. Seyyid Fatmanın böyük oğlu Məhəmməd Şirvanı isə hələ sovet vaxtında Bakıya köçərək orada məskən sala bilir. Və o rəhmətə gedəndən sonra, oğlu Arif Azərbaycan Yazıçılar İttifaqından icazə alaraq, onu Seyyid Əzim Şirvaninin yanında dəfn eləyir. Bunları da Fatma xanım Quliyeva danışdı.

Qərib ölkə, yad eldə Vətənsizlikdən əziyyət çəkən böyük Seyyid Əzimin əzizlərinin bu halı mənə rahatlıq vermədi. Onların dərdlərini başıma götüürüb, Özbəkistandakı Azərbaycan səfirliyinə getdim. Səfirimiz Hüseyn Quliyev hər zaman olduğu kimi, yenə böyük hörmətlə qarşıladı məni. Gördüklərimi danışdım. İşi başından aşsa da, dedi ki, mütləq onlarla görüşmək istəyir. Səhərisi günü Fatma xanım Quliyeva Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin qonağı idi. Çox şeydən danışdılar. Hüseyn müəllim Azərbaycan Prezidenti İlham Əliyevin öz vətəndaşı üçün etdiyi xidmətləri sadaladı. Fatma xanım Quliyeva səfirə xitabən:

- Hüseyn müəllim, mən bilirəm ki, rəhmətlik Heydər Əliyev Hacı Zeynalabdin Tağıyevin balalrına sahib çıxdı, onları Azərbaycana gətirdi. Çox istəyərəm ki, Azərbaycanın Prezidenti İlham Əliyev də bizə sahib çıxsın, Bizə Vətən lazımdır. Sürgünlərdə, köçkünlüklərdə qalmaqdan , sərgədan, diyarbədiyar gəzməkdən bezdik.

Səfir Hüseyn Quliyev, öz növbəsində, Fatma xanımı əmin edərək bildirdi ki, Azərbaycan Prezidenti öz vətəndaşının qarantıdır. O dəfələrlə qeyd edib ki, dünyada yaşayan bütün azərbaycanlıların prezidentidir. Və bildirdi ki, Fatma xanımın bu arzusunu cənab Prezidentə çatdıracaq, konsulluğa isə bu ailəyə Azərbaycan vətəndaşlığı almasında köməkçi olmağı , problemlərini həll etməyi tapşırdı.


... Daşkəndin payızı bir başqa cür olur. Bu gün payızın havası həm nəmli, həm də təzmiz idi. Vətənimizin bir parçası olan Azərbaycan səfirliyindən çıxanda, elə bil ki, çiyinlərimdən yük götürülmüşdü. İnanırdım ki, bu görüşdən xoş nəticə hasil olacaq. Seyyid Əzim Şirvaninin qəzəllərini pıçıldayırdım. Mənə elə gəlirdi ki, Seyyid babanın səsi bura da çatmışdı:

Mövti –cismani ilə sanma mənim ölməyimi
Seyyida, ölməzəm, aləmdə səsim var mənim

Ruhumda bir işıq, bir arzu yanırdı. İnanırdım ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev də atası Heydər Əliyev kimi, Azərbaycan tarixində adi-sanı, xidmətləri qalmış bir nəslin köməyə ehtiyacı olan xələflərinə sahib çıxacaq.

Gün o gün olsun ki, həmin xoş xəbəri o yataqxanaya çatdıraq. Gün o gün olsun ki, onları Şamaxıda qarşılayaq. Vətənsiz vətəndaşlarımızın Vətən həsrətinə son qoyulan o gün olsun!!!

Aida Eyvazova
Daşkənd
image description image description image description image description
Bağla X