16:45
(077) 610-22-33

Hara aparırlar bizi?

  • >
924 26 Noyabr 2013 10:48 | Cəmiyyət

İllərdir tanış iradların məngənəsində hər zaman gülümsəyərək öz addımlarımın izahını verməyi artıq hesab edirəm.

"Baş girləmək", "Yola vermək" formasında ətaləti dəyişməz davranış forması kimi seçən azərbaycanlı çoxluğun içində olduğumun fərqindəyəm. Ancaq böyük mütəfəkkir Məhəmməd İqbalın bir misrasının verdiyi rahatlıqla cəmiyyətimizin sıxıntısı olan hər hansı hadisənin üzərinə getməyi bir borc olaraq yaşamağa alışdım. "Mən dənizəm - dalğalanmasam, ölləm" deyirdi İqbal...

"Niyə kiminləsə mübahisəyə girirsən?", "Niyə kiməsə cavab verirsən?" deyə passiv rəğbətçilərin öyüd-nəsihətlərinin qarışıqlığında dönüb ömür yoluma baxıram və bir daha Tanrıma şükürlər edirəm. Çünki ömrün hansısa anında özüm də baş girləmədim, mübarizə apardığım cinahları sağ olsunlar, heç baş girləməyə də fürsət vermədilər.

Ölməmək, bitməmək, tükənməmək üçün, yeniləşmək üçün hər zaman dalğalandım. Bu günün özündə də hələ çoxları anlaya bilmirlər ki, bu adam statusunun verdiyi rahatlıqdan yararlanıb niyə hamı kimi sükunətə üstünlük vermir, niyə bəzən hətta səviyyəsiz kimliklərin böhtanlarının, təhqirlərinin içində öz düşündüyü fikirləri cəmiyyətə açıqlayıb özü üçün də sorunlar yaradır. Siyasi mövqeyini, tarixə baxışını, inancını qərəzliliklə, ləyaqətsiz formada yarğılayan insanlara qarşı amansız bir mübarizə açmaqdan çəkinməyərək, hər zaman mübahisələrin içində olur. Nədənsə bu məqamlarda hər zaman Yunus İmrəni xatırlamalı oluram:

Döyənə əlsiz gərək,
Söyənə dilsiz gərək,
Dərviş könülsüz gərək -
Sən dərviş olamazsın!

Bəli, məndən dərviş olmaz. Çünki fanatik deyiləm. Çünki İmanın ağılla bağını heç zaman qırmıram. Çünki məmləkətimin ağrılarını, acılarını, insanlarımızın natamamlıqlarını, geriliyini duyduğum, gördüyüm andan anlamışam ki, tərki-dünyalıq yaddır mənə. Dərvişsayağı özünə qapanıb çilə çıxarmaqla meydanı boş buraxmaq olmaz.

Siyasətdə amansız böhtanların içində doğru bildiyim bir yol var ki, ondan bir an da uzaqlaşmadım. Bu yol da günün suallarını doğru cavablandırmaq yoludur.

Tarixi hərfi mənada əzbərləyənlər tarixə baxışımı bəyənmədilər. Siyasətə hərfi mənada yanaşanlar siyasi baxışlarımı bəyənmədilər. Dinə durğun bir ehkam kimi yanaşanlar dini görüşlərimizi nifrətlə qarşıladılar. Bir gün sözsüz ki, bu ittihamların hamısı mənasız bir zibil yığınına çevriləcək. Bunları öz axarına buraxaraq, qalıcı olan dəyərləri yaratmaq işinin fəhləsi olmağa davam etməliyik.

Tarixin yanlış və faydasız yükünü bu günün insanına daşıtmağa haqqımız olmadığını bilməliyik. Doğru mühakiməmiz olacaqsa, tarixdən də, günümüzdən də gələcəyimizə faydalı miras hazırlaya biləcəyik. Anlamalıyıq ki, bu xalqın din anlayışında yer alan saxtakarlıq və fanatizm onu bütün mənalarda cəhalətə sürükləyir.

Artıq İslam deyəndə, bir cinahda kitab oxumuşları fəxrlə "zəncir fəlsəfəsi"ndən, zəncirin ərdəmindən danışırsa, digər cinahda biri "Allahu Əkbər!" çığıraraq rahatlıqla başqa inanca sahib digərinin başını kəsirsə, bu axmaq mühakimənin tərzini boşuna buraxmağımızı istəyənlərin qarşısında geri duruş yox!

Siyasətdə iyirmi, otuz il eyni düşüncədə qalıb, eyni şəhərin eyni küçələrini boş-boşuna dolaşaraq, bağıraraq stress atmağımızı fərz sayanların heykəl kimi donuq obrazının qarşısından geri çəkilmək yox! Bəziləri elə düşünür ki, bizim məqsədimiz eyni siyasi və ya dini düşüncə daşıyıcısı olan insanları razı salacaq fikirlər ortaya qoymaqdır. Bu düşüncədə haqlılıq payı çox-çox azdır.

Partiyalı, partiyasız olsun, inanclı və ya ateist olsun, bir sektaya və ya başqasına özünü aid etsin, iqtidar tərəfdarı və ya müxalifət cinahında olsun, türk, talış, ləzgi və ya kürd olsun, heç biri fərq etmək, zamanın qoyduğu sualları konkret və doğru cavablandıran insanlarımızın sayı müəyyən həddə çatmayınca, durumumuzda, yaşamımızda hansısa köklü dəyişikliklər baş verməyəcək. Fikir adamı Artur Lenehanın sözlərini ibrətlə xatırladıram: Önəmli olan bu gün nə olduğumuz deyil, hara getdiyimizdir.

Bax, bütün mübahisələr, müzakirələr "hara gedəcəyimizi" aydınlaşdırmaq üçün hamımıza bir fürsət tanıyır. Bu fürsəti tarixin əksər məqamlarında qaçırdığımıza, yaxud da adam kimi mübahisəyə, müzakirəyə hazır olmadığımıza görə və ya yuxulu gözlərimizi ovuşduraraq ağıllı görkəm alıb "Mübahisəni kəsin!" deyə bağırdığımıza görə hamımız bir-birimizin üzünə çaşqınlıqla baxıb bir sual vermişik: "Hara aparırlar bizi?"

Kim getmək istəyir, birlikdə gedək. Qalanları onsuz da zəncirlə aparacaqlar...

AzNews.az
Bağla X