Polad Bülbüloğlu Rusiya ilə viza rejimindən danışdı

Bakı postsovet məkanında miqrasiya axınlarının nizamlanmasının zəruriliyini şübhə altına almayacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Rossiyskaya Qazeta"ya müsahibəsində deyib.

Polad Bülbüloğlu bildirib:

"Bundan başqa, biz bu işdə tərəfdaşlarımızla əlaqə quracağıq və bizim münasibətlərimizdə artıq belə təcrübə olub. 2006-cı ilin noyabrında - Rusiya hökumətinin miqrantların ticarət və biznes fəaliyyətlərini tənzimləyən yeni qanun qəbul etdiyi zaman MDB səfirlərinin təşəbbüsü ilə Rusiya XİN-də, DİN-də və FMX-də yeni qaydaların izah edilməsi ilə əlaqədar məsləhətləşmələr keçirildi.

Daha sonra biz öz ölkələrimizdə iş aparmağa başladıq. Artıq noyabrın sonunda Prezident İlham Əliyevin sərəncamı ilə Baş nazirin müavininin rəhbərliyi ilə dövlət komissiyası yaradıldı ki, bu komissiyaya XİN, DİN və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərləri daxil oldular.

Səfirliyimiz lazımi sənədlərin rəsmiləşdirilməsi və yaranmış digər məsələlərin həlli üzrə böyük izahedici iş həyata keçirdi. Mən vurğulayıram, vaxtında atılan addımlar sayəsində Rusiyanın miqrasiya qanunvericiliyindəki dəyişikliklər qanuna əməl edən vətəndaşları "vurmadı" və biz Rusiya hakimiyyəti ilə birgə RF-də dürüst və qanuni işləməyi arzu edən vətəndaşların tam sosial müdafiəsini təmin etməyi bacardıq".

Diplomatın sözlərinə görə, tərəflər arasında aparılan müzakirələr zamanı dəfələrlə cinayətlər etmiş və ya qanunla müəyyən edilmiş normaları pozmuş arzu edilməyən şəxslərin Rusiyaya gəlişinin qarşısının alınması üçün məlumat mübadiləsi aparmaq məqsədilə miqrasiya xidmətləri arasında birbaşa əlaqələrin qurulması təklifi irəli sürüldü: "Hesab edirəm ki, səbəblərinin izahı olmadan bütün vətəndaşlar barəsində cəza təcrübəsini həyata keçirməməyə çalışmaq bizim ümumi marağımızdadır".

Səfir qeyd edib ki, başqa ölkələrin təcrübəsini mənfi praktikası ilə birlikdə təkrarlamaq düzgün deyil:

"Mən düşünmürəm ki, hakimiyyətin sərt münasibəti bu və ya digər ölkənin gücündən xəbər verir. Bu, ehtimal ki, imicə daha çox ziyan vurur və çətin ki, miqrantlar arasında cinayətkarlıq problemini, qanundan kənara çıxmayan vətəndaşların problemlərini həll edir. Mənim demək istədiyim əsas məsələ odur ki, bizim postsovet məkanında yaranan insanlıq əlaqələrimiz, insanlar arasındakı münasibətlər 1990-cı illərin əvvəllərində yaradılmış müstəqil dövlətlərimizdən əhəmiyyətli dərəcədə qədimdir. Mənə elə gəlir ki, məhz buna görə Prezident Vladimir Putin vizasız məkanın saxlanmasında təkid edir".

P.Bülbüloğlunun sözlərinə görə, azərbaycanlılar Rusiyaya və rusiyalılar Azərbaycana istisnasız olaraq öz ölkələrinin xarici pasportları ilə səfər edirlər. Bu qayda kifayət qədər çoxdan tətbiq edilib, insanlar bu qaydaya öyrəşiblər.

Səfir hesab edir ki, pasporta vizalar şəklində əlavə möhürün vurulmasının tətbiqi kollapsa gətirib çıxarmayacaq:

"Əgər Rusiya vizaların tətbiqi haqqında qərar təklif edəcəksə, biz, əlbəttə, yeni rejimin təşkili üzrə rusiyalı həmkarlarımızla birlikdə işləyəcəyik. Mən düşünmürəm ki, bu mümkün dəyişikliklər bizim münasibətlərimizə mənfi təsir edə bilər. Başlıcası, mən yenə vurğulamaq istəyirəm ki, biz aydın qaydalar və proqnozlaşdırılan qərarların tərəfdarıyıq. Azərbaycan ölkələrimiz arasında bərabərhüquqlu əməkdaşlığa hazırdır".

AzNews.az