07:48
(077) 610-22-33

Qızıldaşdakı yetim gənclərin ürəkparçalayan güzəranı - Reportaj - Fotolar

  • >
3 314 9 Avqust 2012 09:02 | Cəmiyyət


Yəqin yaşı 18-i ötmüş kimsəsiz gənclərin uşaq evlərini bitirəndən sonrakı həyatı hamınıza maraqlıdır. Onların bir neçəsinin Qızıldaş qəsəbəsində, çox pis şəraitdə yaşadığını eşitmişdim. Hamı kimi məni də maraqlandırırdı bu uzaq, qorxulu nağıllarla dolu qəsəbə. Və nəhayət görməyə qərar verdim. Direktoru - heç bir rəsmi, qalstuklu, güvənmədiyim insanları görmək istəmirəm. Getmək üçün bazar gününü seçirəm. Qoy heç kim, heç nəyə hazırlaşmasın. Həqiqətin gözünün içinə baxmalıyam. 

Beləliklə, artıq Qızıldaşdayıq. 


Yetim Qızıldaş


Qaradağın bu uzaq qəsəbəsi son vaxtlar daha çox özbaşına qalmış, kimsəsiz gənclərin adı ilə məşhurdur. Təbii ki, yaxşı mənada deyil. Buranı əxlaqsızlıq yuvası adlandıranlar da var, ürəyi yanaraq onlara humanitar yardım etməyə gələn bir-iki nəfər Allah bəndəsi də. Görəsən, bu yazıq uşaqları niyə məhz gözdən-könüldən iraq olan bu rayona atıblar? Heç kim görməsin deyəmı?! Bəlkə, kreslolarına yayxananları narahat etməsinlər deyə. Ağlıma gələn ilk məntiqi fikir bu olur. Onu deyim ki, qəsəbə ilə qaynar paytaxtın arasındakı məsafə xeyli uzundur. Qəsəbənin öz simasında da sanki kədərli, susqun, tərk edilmiş uşağın ab-havası var. Və budur. Maşınımız dörd bir tərəfi zibilliklə əhatə olunan, divarları az qala adamın üstünə aşacaq görkəmsiz, unudulduğu hər halından bəlli olan 8 saylı Peşə Liseyinin qarşısında dayanır. "Bəh-bəhli" lisey adından əsər-əlamət yoxdur. Mənzərəsi günün gündüz çağı belə, qorxunc olan bu binanın gecə halı necə olur Allah bilir...


Kimsəsizlər


Qarşımıza pırtlaşıq saçlı, üzü saqqalı, bir neçə gənc oğlan çıxır. Onlardan bəziləri üfunət qoxulu otaqda, zibilliyə tullanmağa layiq olan cırıq və xarab divanda oturmuşdular. Düzünü deyim, qəlbim nə qədər humanist duyğularla döyünsə də, onlarla yanaşı oturmağa ürək eləmədim. 

Oğlanlardan yaşadıqları mənzili soruşdum. Mənzərə cavanların öz görkəmləri qədər miskin idi. Otaqda, hətta, zibillikdə itlərin belə yaxın düşməyəcəyi yataq döşəyindən və milçəklərdən başqa bir şey yox idi. Mən dövlət təşkilatına, yoxsa bomjların sığınacağına gəldiyimi anlaya bilmirdim. Dövlətin hər il təhsil müəssisələrinin tikintisinə ayrılan milyonlarla manat vəsaitindən necə olur ki, bura bir qəpik düşmür?! Bəs "ayıq-sayıq QHT-lər"?! Nə əcəb onlar buranı unudublar? Amma qrant almaq üçün əla bir layihə ayaq üstündə durub onları gözləyir...

Qeyd edim ki, 5 mərtəbəli binanın 2-3-cü mərtəbələrində Qubadlı, Zəngilan və Füzulidən olan 64 qaçqın ailəsi də məskunlaşıb. 


Bina tərk edilməyənə qədər təmir olunmayacaq


"Artıq 3 ildən çoxdur ki, bu liseyə uşaq evlərindən heç kim göndərilmir. Səbəb isə bura gələn uşaqların yataqxanada məskunlaşması üçün boş otaqların olmamasıdır". Bunu bizimlə söhbətində Təhsil Nazirliyinin Texniki Peşə Təhsili Şöbəsinin müdiri Namiq Məmmədov dedi. 

Binanın təmir olunmamasına səbəb isə burada təyinatı üzrə yaşamayan qaçqın və köçkünlərdir. Hətta yataqxananı tərk edən köçkünlər yaşadıqları mənzilləri tamamilə başqa rayondan olan vətəndaşlara satırlar. İndi həmin binada Salyan rayonundan olanlar da yaşayır və onları buradan köçürtmək mümkün deyil. Nazirliklər və müvafiq qurumlar arasındakı yazışmalar isə uzanır. İcra Hakimiyyətləri buradakı insanları məskunlaşdırmaqdan yayınır. Əziyyəti çəkənlər isə məhz onlara məxsus bu binada yaşamaqdan məhrum olan kimsəsiz gənclərdir. Qanuna görə, gənclər, liseydə təhsil aldıqları müddətdə yataqxanada qala bilər. Hətta buradakı bir çox gəncin yaşama limiti artıq bitib. Onların yerinə yeniləri gəlməli, peşələrə yiyələnənlər isə istehsalata gedərək yataqxananı tərk etməlidirlər. Ancaq... Namiq müəllim sadəcə insanlıq naminə gənclərin buradan çıxarılmadığını qeyd etdi. 

Bu 28 gənc ölkənin ən ucuz işçi qüvvəsidir


Öyrənirəm ki, liseyin yataqxanasında 13 qız, 15 oğlan yaşayır. Bir neçə gənc qadının ailələri olmasa da, övladları var. Oğlanlar hələ gəncdir. Daş karxanasında daş daşımaqla, qızmar və soyuq havalarda olduqca ağır fiziki işlər görməklə pul qazanırlar. Çoxunun artıq ağırlıq qaldırmaqdan bəzi orqanları sıradan çıxmağa başlayıb. Qızlardan yalnız gözəgəlimlilərinin vəziyyəti nisbətən yaxşıdır. Buna yaxşı demək olarsa. Amma istər oğlan, istərsə də qızlar arasında qəribə bir bağlılıq duydum bir-birlərinə: daim yardımlaşmaq. Şəhərdə biri iş tapanda, digərini də aparır.

Amma maraqlıdır ki, bu gənclər bir-birilə evlənmirlər. Qeyd edim ki, bu gənclərin ən böyüyünün 31, ən kiçiyinin 24 yaşı var.


Ən böyük arzu, ən böyük problem


Gənclərdən biri olan Anar Fətəliyev artıq 5 il olar ki, göndərişlə Qızıldaşa, Quba Xüsusi Təyinatlı İnternat Məktəbindən gəlib. Onun bildirdiyinə görə, burdakı gənclərin ən böyük arzuları normal iş tapıb ehtiyacdan qurtulmaqdır. Ən böyük problemləri isə neft və milyonlar şəhəri olan Bakıya xeyli uzaqda yaşamalarıdır. Bura gələn yeganə nəqliyyat vasitəsi 126 saylı avtobusdur ki, o da axşam saat 8-ə qədər işləyir. Şəhərdən qəsəbəyə nəqliyyatla 1 saat yarıma güclə gəlib çıxmaq olur. Və avtobus da olduqca gec-gec gəlir. Elə buna görə də işə düzələnlər bəzən əməkhaqqının yarısını yolpuluna verməli olurlar. Ya da Bakıda bahalı qiymətə kirayədə qalmağa, yaxud da şəhərin uzaq küncündə kirayələdikləri mənzilə hər gün piyada getməyə məcbur olurlar. Və heç bir iş yerində də onlar 300 manatdan çox məvacib almır. Çünki savadsız olduqları üçün onlara hansısa məsul iş verilmir. Yəni həqir 300 manat yenə də dolanmağa yetmir.


Jurnalistlər yalançıdır


Ən sevmədikləri insanlar da jurnalistlərdir. Kimsəsiz gənc Zaur Məmmədovun dediynə görə, onların bu miskin halından istifadə edənlər çoxdur: "Kömək etmək adı ilə bu yaxında bir telekanal qızlarımızı biabır etdi. Bütün qəsəbə bizə indi pozğun kimi baxır. Hamı bizi qınayır. Amma Allah bilir, o adamların özləri nə işlərlə məşğuldurlar". 23 yaşlı İbrahimov Vüsal isə bildirdi ki, oğlanlar işləyib bir-birinə və qızlara yardım edir. Amma təbii bahalıqdır. Dolanmaq, cüzi pula böyük maşınlara bir günə daş yığmaq asan iş deyil. Amma yenə də hərəsi öz işinə ağır da olsa, şükür edirlər.


"Əsl insan xaricilərdir"


"Allah razı olsun xaricilərdən. Heyf Kvintadan! O mələk idi. BP Şirkətinin baş direktoru Devid Vudvordun həyat yoldaşı idi Kvinta. Təəssüf ki, ölkəmizdən getdilər. Burda gəlib bizimlə pomidor, xiyar əkirdi. Bizlərdən birinə çevrilirdi. Bizə konsertlər təşkil edirdi, maraqlı oyunlar oynayırdıq. O, qızların çoxunu xarici, səviyyəli restoranlarda yüksək maaşla qabyuyan, aşpaz işlərinə düzəltdi. Burada gözəl şərait yaratmışdı xaricilər. İndi xarabaya oxşayır. Özümüzünkülər dağıtdı onların yaratdığı şəraiti". 


Ağzıbağlı yardımlar


"Bizə yardımlar da edilir. Paltaryuyan, qabyuyan, soyuducu və xeyli hədiyyə olunub. Amma onları bizə verən yoxdur. İstifadə etməyə imkan vermirlər. Əşyaları bu otaqlarda qıfıllayıb saxlayırlar".


Ümidini itirmə


Məşhur bir filosof deyirdi ki, ümidini itirməmisənsə, deməli, qalib olmaq çətin deyil. Bu gənclərin də sahib olduğu tək şey ümidləridir. Gözlərini bir tək bu dövlətə tikiblər. Hələ ki, hər şeyin düzələcəyinə, qurtulacaqlarına inanırlar. Bu qədər aldadılandan sonra bu gənclər bizə müsahibə verdilərsə, deməli xilas etmək üçün gec qalmamışıq. Xilas etmək üçün isə sadəcə istəmək lazımdır, bəli, sadəcə istəmək...


İradə İsaq

Əminə Hacıağayeva

AzNews.az


Bağla X