Azadlığın axmaqlığı

Azadlıq istədiyin hər şeyi edə bilmək deyil, istəmədiyin heç nəyi etmək zorunda qalmamaqdır.
Rousseau

Kəndimizdə Nadim adında bir çoban vardı. Kəndin naxırına gedirdi. Kənd camaatı Nadimin gerizəkalı olduğunu deyirdi.

Elə bu səbəbdən də çoxları mal-heyvanını Nadimin yox, başqa çobanların zəkasına etibar edirdi.

1991-92.

Bizim bu ağıldan kəm dediyimiz çoban Nadim könüllümü-könülsüzmü, alakönülmü, deyə bilmərəm, hər halda müharibəyə getdi. Getməyi ilə qayıtmağı bir olsa da, qayıdışı sözün əsl mənasında odlu-atəşli oldu.

Qayıdanda artıq ağlının kəm-kəsirini nəzərə almağa kənd camaatı ürək edə bilmədi. Ol nədənlə ki, Nadimin altında bir tank, əlində avtomat vardı. Çiyinlərində isə iynə atsan, ulduz əlindən yerə düşməzdi. Nadim birdən-birə dönüb oldu rayonun sayılıb-seçilən komandirlərindən. Mal-heyvanını çoban Nadimin zəkasına etibar eləməyən camaat indi boy-boy oğullarını komandir Nadimin ümidinə qoyası oldu. Bu tragikomik olay rəhmətlik Əbülfəz Elçibəyin xalqımıza azadlıq şərbətini yenicə sunduğu dövrdə baş vermişdi.

O azadlığı ki, yetmiş ildən sonra bu xalq ona verilən bu azadlığı çörəyin arasınamı yaxmalı, qulağınamı yeməli, gözünəmi soxmalı, ümumiyyətlə azadlıqla necə rəftar edəcəyini ayırd edə bilmirdi (Neyləyək, o vaxta qədər evdə yoxdu, qonşudan da gəlməmişdi.) Bu azadlıq görməmişliyinin sonrasını da yazardım, amma bildiyimiz şeylərlə sizin də, özümün də başımızı ağrıtmayıb keçirəm 20 il sonrakı, qısacası bugünkü azadlıq anlayışımıza.

Son dövrlər bəzi sevimli həmkarlarım – kimisi uçaqla, kimisi virtual gedib gördükləri Avropadan, kitablardakı dünyadan, filmlərdəki münasibətlərdən təsirlənib başladılar yazılarında cəmiyyəti azad seksə, vətəndaş nikahına, sivil münasibətlərə səsləməyə. Savaşın uzaqdan hər kəsə asan gəldiyi kimi, bu məzmunlu yazıları da Naxçıvandan oturub-oxumaq gözə, könülə, eşitmək qulağa xoş gəlirdi. Hətta bu yazıları cani-könüldən "like" etmirdim, desəm, yalan olar. Ta o vaxtadək ki… Gəlib Bakıda bu çağırışların səs-küyünə düşmüş gənc "aktiv" qızların, azadlıq sözünün cazibəsində kayb olduqlarının şahidi oldum.

Bu qızların istəyinin altında yatan savadsız, məntiqsiz, körtəbii azadlıq həvəsinin onları necə ucuz və yanlış həyat tərzinə sürüklədiyini gördüm. Azadlığı - evli-evsiz deməyib, hər önünə çıxan kişiylə "sevcik" oyunları oynamaqda, gecə gec saatlara kimi kafe-restoranlarda laqqırtı vurmaqda, belə ortamlarda dünən tanıdığı oğlanlarla gecələmək üçün ailəsinə utanmadan uydurduğu min-bir yalanlarda tapdıqlarının şahidi oldum.

Sonra da gecələdikləri o modern görünüşlü qaqaşların hər yerdə oturub bunlarla necə "kayf tutduqlarının" detallarından danışmaları göstərdi ki, toplum dəyərli yazarlarımızın haqqında danışdığı AZADLIQ sözünün "zad"ına belə AZ da olsa, yaxın düşə bilməyib. Bu isə o deməkdir ki, hazırlıqsız topluma belə ciddi çağırışlar etmək çox təhlükəlidir.

O gün sözügedən azadlıq yolçularından birinin faciəsinin şahidi oldum. Bir az poetik desək, səhər saat beş olardı, yuxumun şirin yerindən məni bir qadın fəryadı oyatdı. Yarıyuxulu bu qadın səsinin hardan gəldiyini ayırd etməyə çalışsam da, yuxum daha güclü fəryad qopararaq məni yenidən ağuşuna aldı.

Yenidən qadın fəryadı... yenidən yuxu...beləcə yuxu ilə qadın səsi arasında ağıllı başlı girinc oldum.

Nəhayət, tamamən oyanıb səsin küçədən gəldiyini anlaya bildim. Saatın gecliyi, boş küçə nalə çəkən qadının səsini daha da təsirli edirdi.

Bu fəryadın altında itsə də, qırıq-qırıq kişi səslərinin də gəlməsi adamın ilk olaraq ağlına qadının zorlandığını gətirirdi. Bir dəqiqə belə düşünmədən şalımı çiynimə salıb qaçdım küçəyə. Gördüyüm mənzərə dəhşətliydi... Deməli, biri-birindən gözəl olan iki gənc xanım sərxoş halda oturublar yolun ortasında. Yanlarında da bir dənə dostlarımı deyim, sevgililərimi deyim, bilmirəm, bir qardaş, iki polis əməkdaşı və mənim kimi səsə gələn bir neçə bina sakini. Qızlardan biri sakitcə büzüşüb oturmuşdu.

Belə başa düşdüm ki, o qorxudan ayılıb. Di gəl ki, bu biri canı yanmış deyir ki, kəsib-kirimərəm. Polislər bu üçlüyü şöbəyə aparmaq istəyir, qız ayaqlarını yerə döyüb deyir: "Məni burda tutub "xoşbəxt" etsəniz də, sizinlə bir addım atası deyiləm".

Ətrafdakı sakinlərdən hal-qəziyəni xəbər tuturam. Dediklərinə görə, polislər iddia edir ki, bunlar sərxoş halda küçədə səs-küy salıb asayişi pozurmuşlar. Qız isə polisin onlara böhtan atdığını, yolda sakitcə getdikləri yerdə polisin bunları zorla şöbəyə aparmaq istədiyini iddia edir.

Nəhayət, qızın şüvənliyindən təngə gəlmiş yanlarındakı oğlan qollarını çırmayıb hamının gözünün qarşısında, yolun ortasındaca qızı saçlarından tutub sürüməyə başladı. Qız isə ağlaya-ağlaya, - "evdən bilsələr ki, mən polisə düşmüşəm öldürəcəklər məni" - deyirdi.

Nəhayət, bu sərxoş bacımızın göz yaşlarına acıyan polislər, qızları taksiylə gedəcəkləri ünvana yola salıb, qardaşı özləri ilə polis bölməsinə apardılar.

Adama sual edərlər: Evindən, ailəndən azad ola bilməmisənsə, bu saatda, bu halda küçədə nə işin var? Əgər sən valideynlərinə ürəyin istəyən saatda içki içib, yolda dostunla, sevgilinlə gəzə biləcək yaşda-başda olduğunu izah edə bilmirsənsə, belə halda polislə birgə gedib haqlı olduğunu, hüquqlarını pozulduğunu bölmədə araşdırmağa cəsarətin və savadın çatmırsa, sənin azad olmağa, cəmiyyətin bu "azad" həyatına sayğı və anlayış göstərməsini istəməyə haqqın çatmır. Sonda üzümü yazar dostlara tutub deyirəm:

- Hazırlıqsız toplumu bu cür inqilablara çağırmaq çox təhlükəlidir. Mədəni inqilablar edə bilməyən toplum seksual inqilab adı altında ancaq bayağı və tərbiyəsiz əyləmlər edə bilər. Vəssalam!

AzNews.az