Doğum evinin həkimləri prokurorluqda ifadə verdi

ANS telekanalının əməkdaşı Afət Telmanqızı noyabrın 27-də "Media forum" saytına açıqlama verib.

O, gəlinlərinin ölümü ilə bağlı Sumqayıtdakı 1 saylı doğum evinin həkimlərinin Yasamal Rayon Prokurorluğunda ifadə verdiyini deyib: "Əməliyyatı aparan həkim Sevda Xanbutayeva ifadəsində bildirib ki, əməliyyat yaxşı keçib, sonra nə olduğunu bilmir. Digər həkimin də ifadəsi alınıb.

Əsas öz səhvlərini deməyiblər ki, əməliyyat zamanı qanitirmə olub, bu da valideynlərdən və yaxınlardan gizlədilib. Xəstənin bədənində cift qalığı qalıb, bu da bədəndə zəhərlənməyə səbəb olub.

Doğum evinin baş həkimi İmmi Ələkbərzadəni də prokurorluğa dəvət edəcəklər. İşi aparan müstəntiq İsmayıl Abıyev bildirir ki, yaxın bir neçə gün ərzində dindirilmə başa çatandan sonra bütün məlumatları toplayıb ekspertizaya göndərəcəklər. Səhiyyə Nazirliyinin doğuşa yardım komissiyası apardığı araşdırmanın nəticəsini gələn həftə açıqlayacaq".

Afət Telmanqızının qardaşının həyat yoldaşı Pərvinə Hüseynova oktyabrın 4-də Sumqayıtdakı 1 saylı doğum evində qeysər əməliyyatından keçirib. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb. Xəstə Bakıdakı Mirqasımov adına Respublika Xəstəxanasına gətirilib. Müayinə zamanı bəlli olub ki, əməliyyat zamanı xəstə çoxlu qan itirib. Onun bədənində cift qalığı qalıb və bu da bədəndə zəhərlənmənin yaranmasına səbəb olub. Pərvinə Hüseynova orada vəfat edib.

"Media forum"a danışan Afət Telmanqızı qeyd edib ki, hər bir əməliyyat öncədən planlaşdırılmış şəkildə olmalıdır: "Bir həftə ərzində müəyyən müayinələr, yoxlamalar aparılır. Gəlinimiz Pərvinə Hüseynova da, ailə olaraq biz də bu əməliyyatı nəzərimizdə tutmamışdıq. Həkimlər çağırıb ki, müayinə olunsun. Müayinə vaxtı gəlinin anasını inandırıblar ki, biz bunu mütləq əməliyyata götürməliyik. Həkimlərə güvənib razılıq verib. Səbəb kimi də arterial təzyiqinin 130 olmasını göstəriblər. Hamilə qadın üçün 130 təzyiq normaldır.

Zəng vurub anam da deyiblər ki, gəlininiz mütləq əməliyyat olunmalıdır. Ancaq anam narazılığın bildirib ki, əgər heç bir fəsad yoxdursa, niyə əməliyyat olunmalıdır? Həkim bildirib ki, istəsəniz də, istəməsəniz də biz əməliyyatı edəcəyik. Anam, qardaşım xəstəxanaya gedənə qədər artıq əməliyyat gedirmiş.

Əməliyyata tibbi göstəriş olmalıdır. Parlamentdə qəbul olunan yeni qanuna əsasən, tibbi göstərişsiz əməliyyat olunmur. Tibbi göstəriş o halda ola bilər ki, təbii doğuşdan sonra ananın səhhətində hansısa problemlər yarana bilər. Nəyə görə əməliyyat olunmalıdır, səbəb nədir? Bu səbəbi deyən yoxdur".

AzNews.az