“Həkim terroru” problemi parlamentdə qaldırılacaq

"Baş Prokurorluğa rəsmi müraciət göndərəcəyəm"


"Bu işin obyektiv araşdırılması yönündə əlimdən gələni edəcəyəm və müqəssirlərin qanun qarşısında cavab vermələrini təmin etmək üçün Baş Prokurorluğa rəsmi müraciət göndərəcəyəm".

Bu sözləri millət vəkili Çingiz Qənizadə jurnalist Anar Niftəliyevin həyat yoldaşı Elnarə Tofiqqızının həkim terroru nəticəsində öldürülməsindən sonra ona etdiyi müraciətə cavab olaraq bildirib.

Millət vəkili həmçinin Anar Niftəliyevin ona müraciətinin yaxın zamanlarda Parlamentin gündəliyinə çıxarılacağını da bildirdi:

"Mən özümü bütün jurnalistlərin dostun hesab edirəm və bu, həqiqətən də belədir. Mən tək-tük adamlardanam ki, jurnalistlərlə bir yerdəyəm və onların da mənə olan dəstəyini öz üzərimdə hiss edirəm.

Bu baxımdan Anar müəllimin mənə müraciət etməsi təbiidir və bundan əvvəl də ANS-in əməkdaşı Afət Telmanqızının həkim səhlənkarlığı nəticəsində ölən gəlinləri ilə bağlı mənə müraciət olmuşdu və mən bu haqda prokurorluğa rəsmi müraciət göndərdim.

Anar müəllimin isə mənə müraciətini yaxın saatlarda mətbuatdan izlədim və hesab edirəm ki, həyat yoldaşını bu yaşda itirmək çox böyük faciədir.

Zənnimcə, bu müraciət bu yaxınlarda rəsmi şəkildə parlamentə daxil olacaq və rəsmi qeydiyyata alınacaq. Bundan sonra da bu işin obyektiv araşdırılması üçün əlimdən gələni edəcəyəm. Buna tam əmin ola bilərsiniz".

AzNews.az