Bağça müdirəsinin işi prokurorluğa göndərilir

Bakı şəhər İcra Hakimiyyəti Sabunçu rayonu Bilgəh qəsəbəsindəki 281 saylı uşaq bağçasında baş verən qanunsuzluqlarla bağlı açıqlama yayıb. AzNews.az xəbər verir ki, açıqlamada bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 noyabr tarixli Sərəncamı ilə uşaq bağçaları və körpələr evlərinin idarə olunması Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildikdən sonra bu sahədə böyük işlər həyata keçirilib. Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçaları və körpələr evlərində son illərdə görülən yüksək səviyyəli əsaslı təmir işləri və müasir avadanlıqlarla təchizat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 10 fevral tarixli qərarı ilə təsdiqlənmiş məktəbəqədər təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsinə əsasən müəyyən edilmiş körpə yaşlı uşaqlar üçün qruplarda 15, bağça yaşlı qruplarda isə 20 nəfər olmaqla gün ərzində dörd dəfə uşaqların təzə və təravətli ərzaqla təmin edilməsi uşaq bağçaları və körpələr evlərinə marağın artmasına səbəb olub: "Belə ki, əvvəllər dövlət tərəfindən maliyyələşən uşaq bağçalarına uşaqların cəlb olunması problemi ilə üzləşirdiksə, indi isə əksinə, dövlət uşaq bağçaları və uşaq evlərinə böyük maraq və güclü axın yaranmışdır.

Lakin bu gün Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçalarında təlim-tərbiyə almaq istəyən uşaqların tələbatının bir hissəsinin ödənilməsi, uşaq bağçaları və körpələr evinin müvəqqəti azlığı uşaqların bağçalara qəbulunda obyektiv və subyektiv səbəblərdən müəyyən çətinliklər və problemlər yaratmaqdadır. Təəssüf hissi ilə qeyd olunmalıdır ki, bundan istifadə edən bəzi bağça müdirləri öz şəxsi maraqlarını hər şeydən üstün tutaraq uşaqların bağçalara normativə uyğun qəbulunda müəyyən problemlər yaratmaqla qanunsuzluqlara yol verirlər.

Bununla əlaqədar olaraq Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçaları və körpələr evlərində uşaqların və işçilərin qəbulu, təzə və təravətli ərzaqla təmin olunması sahəsində baş verə biləcək hər hansı mənfi halların qarşısının alınması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ardıcıl tədbirlər və yoxlamalar həyata keçirilmiş və bu sahədə baş verən qanunsuzluqların və mənfi halların aradan qaldırılması məqsədi ilə ciddi ölçülər götürülmüş, müxtəlif cəza tədbirləri görülüb. Məhz bunun nəticəsində işdə yol verdikləri nöqsan və çatışmazlıqlara görə onlarla müdir və işçilər işdən kənarlaşdırılmış, bir qisim işçilər barəsində isə ciddi intizam-tənbehi tətbiq edilib.

Bu sahədə aparılan ciddi iş və görülən məqsədyönlü tədbirlər sayəsində yüksək nəticələr əldə olunmasına baxmayaraq, hələ də yerlərdə müəyyən nöqsanlara yol verilməsi halları müşahidə olunmaqdadır.
Belə ki, son günlərdə Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 281 saylı uşaq bağçasında ciddi qanun pozuntusuna yol verilməsi barədə daxil olmuş məlumat ciddi reaksiyaya səbəb olub və Bakı Şəhər İcra Hakimiyyətinin başçısının şəxsən iştirakı ilə müvafiq komissiya tərəfindən araşdırma həyata keçirilib. Araşdırma zamanı müəyyən edilib ki, 281 saylı uşaq bağçasının müdirəsi Məlahət Rəhimova məsuliyyətsizlik və səhlənkarlıq göstərərək heç bir əmək müqaviləsi bağlamadan vətəndaş Sevinc Ağazadənin guya sınaq müddəti ilə iyun ayından sentyabr ayınadək həmin bağçada qanunsuz işləməsinə şərait yaradıb, bununla da uşaq müəssisələrinə aidiyyəti olmayan vətəndaşların girişinin qadağan olunması barədəki göstərişin tələblərini ciddi şəkildə pozub. Qanunsuz tərbiyəçilik edən həmin şəxs işə qəbul olmaq üçün bağça müdirəsinə təsir etmək məqsədilə qəsdən bağçanın mətbəxində sanitar-gigiyenik qaydalara riayət etmədən, sterilizə olunmamış suyu krantdan birbaşa azyaşlı uşaqlara içirtməyə cəhd edərək bunu öz telefonu vasitəsilə kameraya çəkib, sonradan isə bu video görüntülərin kütləvi informasiya vasitələrində yayılmasına nail olub.
Eyni zamanda, araşdırma zamanı həmin bağçanın müdirəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi hallarına yol verməsi ortaya çıxıb. Nəticədə bağça müdirəsi M.Rəhimova dərhal işdən azad edilib və baş vermiş qanunsuzluqlar barədə sənədlər toplanıb hüquqi qiymət verilməsindən ötrü prokurorluğa göndərilməsi barədə qərar qəbul edilib.

Uşaqlar xalqımızın ən böyük sərvəti, millətimizin, dövlətimizin sağlam və işıqlı gələcəyidir. Sağlam gələcəyimiz naminə Bakı Şəhər İcra Hakimiyyəti adından sizlərə müraciət edirik: Uşaq bağçaları və körpələr evlərinin bütün təminatı dövlətimiz tərəfindən yüksək səviyyədə həyata keçirildiyindən uşaq bağçalarına kənar ərzaq məhsullarının gətirilməsi, normadan artıq uşaqların bağçaya qəbul edilməsi və kənar şəxslərin bağçalara daxil olması qəti qadağandır.

Əgər Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçalarında və körpələr evlərində baş vermiş hər hansı qanunsuzluq və mənfi hallara rast gəlindikdə bunlara göz yummadan yazılı şəkildə dərhal Bakı Şəhər İcra Hakimiyyətinə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Qəti əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə dəstəyi və himayəsi ilə uşaq bağçaları və körpələr evlərində təlim-tərbiyə almaq istəyən uşaqların sayının tələbata uyğunlaşdırılması məqsədi ilə Bakı şəhərində bağça və uşaq evlərinin təmiri daha da sürətləndirilmiş, bağça və uşaq evlərində məskunlaşmış qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunmasını nəzərə alaraq boşaldılmış bağçaların təmirinə rəvac verilib və yeni bağçaların inşasına başlanmışdır. Əminik ki, qısa zaman kəsiyində uşaq bağçalarına və uşaq evlərinə olan tələbatın ödənilməsinə və məktəbəqədər təhsil müəssisələrində təhsil və təlim-tərbiyənin səviyyəsinin daha da yüksəldilməsinə və bu sahədə şəffaflığın tam təmin olunmasına nail olacağıq".

AzNews.az