17:21
(077) 610-22-33

Misirdə oxuyan azərbaycanlı tələbə AzNews.az-a danışdı

  • >
698 1 Dekabr 2013 08:10 | Cəmiyyət

Misir Ərəb Respublikasının İsgəndəriyyə Universitetinin kommersiya və biznes idarəetmə fakültəsinin tələbəsi Xəyalə Şəfiyevanın AzNews-az-a müsahibəsi:


- Təhsil üçün niyə, məhz Misiri seçdiniz?


- Əslində Misirdə təhsil almağı həmişə arzulamışam. Bu arzum isə xalam və onun həyat yoldaşının sayəsində reallaşdırdım. Hazırda "Dövlət tələbə mübadiləsi proqramı" əsasında təhsil alıram. Misirdə təhsil almağıma da peşman deyiləm. Əksinə bu, qürur vericidir. İsgəndəriyyə Universitetində təhsil alan yeganə azərbaycanlıyam. Bir necə ay bundan əvvəl isə ASAIF-in Misirdə rəsmi nümayəndəsi təyin edilmişəm.

- Misir və Azərbaycan təhsil sistemində hansı fərqlər mövcuddur?


- Fərqlilik də var, oxşarlıq da. Misirdə ixtisas seçimi şagirdlərin atestat qiymətləri nəticəsində müəyyənləşir. İmtahana 100 faiz hazır olmalısan. İmtahan cavabları ən tez 2 ay sonra bilinir. Yoxlama bir necə mərhələdən aparılır. Tələbələr 3-cü kursdan ixtisaslara bölünür və buna uyğun müxtəlif təlimlər keçirilir.

Azərbaycanda isə bildiyimiz kimi TQDK tərəfindən keçirilən xüsusi test imtahanından tələbənin topladığı bal nəticəsində ixtisas seçilir. Universitetlərdə isə tələbələr imtahana düşə biləcək suallardan xəbərdar olurlar və bir çox universitetlərdə test imtahanı keçirilir. Cavabları isə dərhal və ya bir-iki gün ərzində bilmək olur.

- Misirdəki məlum gərginlik zamanı azərbaycanlı tələbələr arasında təhsilini yarımçıq qoyub qayıdanlar oldumu?


- Son illər bas verən hadisələrə görə təhsil prosesində axsamalar oldu. Amma buna baxmayaraq, təhsilini yarımçıq qoyan azərbaycanlı tələbələr demək olar ki, olmadı.

- Ərəb ölkələrində təhsil alan gənclərin dini təsirə məruz qaldığı da deyilir. Belə təsiri hansısa formada hiss edirsinizmi?


- Nədənsə, dini təsir deyəndə, bəzilərinin ağlına mənfi fikirlər gəlir. Ərəb ölkələrində təhsil Avropa və Amerikadan fərqlənir. Əlbəttə, fərqlilik gənclərimizin məsələlərə yanaşmasında da özünü göstərir. Məsələn, burada dini ayinlərə diqqət yetirilir, İslam tarixi dərindən tədris olunur. Gündəlik həyat tərzində də pis vərdişlərdən uzaq durmaq təbliğ olunur. Boş vaxtlarını səmərəli, xeyirxah işlərə ayırmağı üstün tutular.

Məsələn, tələbələr boş vaxtlarında qocalar və kimsəsiz uşaq evlərinə gedər, müxtəlif festivallar təşkil edərlər. Onu da deyim ki, Misirdə təhsil heç də Avropa və ya Amerikadan geri qalmır.

- Azərbaycanın təbliği istiqamətində hansı işləri görə bilirsiniz?


- Azərbaycanı səmimi, böyük həvəslə təbliğ etməyə çalışırıq. Burada təhsil alan soydaşlarımız təbliğat işində fəaldırlar. Təbliğatı təkcə misirlilərlə deyil, burada təhsil alan xarici tələbələr arasında da aparırıq. Azərbaycanı sevdirib, onun tarixini, gözəl təbiətini, adət-ənənələri təbliğ edir, Dağlıq Qarabağ həqiqətlərini onların diqqətinə çatdırırıq. Artıq təbliğatımız öz nəticəsini verir və bu hal həqiqətən bizi çox sevindirir.

- Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdacaqsan, yoxsa xaricdə qalmaq niyyətindəsən?


- Burada illər ərzində yiyələndiyim bilik və bacarıqları vətənə dönüb, yararlı vətəndaş kimi öz ölkəmdə tətbiq etmək istəyirəm. Düşünürəm ki, bu ən doğru seçimdir. Niyyətlərimdən biri də Misirlə Azərbaycan arasında biznes əlaqələrinin daha da genişləndirməsinə çalışmaqdır.

Bahar Rüstəmli
AzNew.az
image description image description image description
Bağla X