23:50
(077) 610-22-33

İranın xarici işlər naziri:“İran heç vaxt nüvə silahı istehsal etmək niyyətində olmayıb”

  • >
319 30 Noyabr 2013 19:35 | Cəmiyyət

"Cenevrədə İranla ABŞ arasında aparılan müzakirələr bu ölkə ilə əlaqələri yaxşılaşdırmaq məqsədi daşımayıb. Bu görüşlər yalnız nüvə məsələsini nizamlamaq üçün həyata keçirilib". APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu fikirləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, İran xalqı Qərb və ABŞ-ın keçmişindən narahat və qəzəblidir: "Bu keçmiş xalqın ABŞ-a etimad göstərməməsinə səbəb olub. Ona görə də Qərb ölkələrinə imkan tanımır. Bu baxımdan onların siyasətlərində dəyişikliyi gözləmək lazımdır".

M.C.Zərif həmçinin deyib ki, İsrail uzun illərdir milyardlarla dollar vəsait sərf etməklə yanaşı, hər cür təhdid və təzyiq siyasətindən faydalanır: "İranın nüvə silahı istehsal etmək niyyətində olduğunu iddia etməklə bütün dünyaya təhdid və təhlükə olduğunu göstərməyə çalışır. Hazırda məqsədinin nəticəsiz qaldığını gördüyündən, ölkəmizə qarşı müxtəlif üsullara əl atır. Halbuki dünya üçün böyük təhlükə yaradan İsrail 200 nüvə başlığına sahibdir. Bu ölkə nümayiş etdirdiyi mövqe ilə humanizmə sığmayan siyasətini ört-basdır etmək istəyir".

Nazir vurğulayıb ki, İranın qonşularının narahatlığına səbəb yoxdur: "Bu ölkələr İranın xarici siyasətində prioritetin onlarla əlaqə qurmaq olduğunu bilməlidirlər".

M.C.Zərif bildirib ki, uranın zənginləşdirilməsi prinsipi müzakirə edilə bilməz: "Hələlik "Nətənz" və "Fordo" nüvə obyektlərində davam etdirilən 3,5 və 5%-lik uranın zənginləşdirilməsi məsələsi ilə bağlı heç bir müqavilə imzalanmayıb. Ümumiyyətlə, heç kimsə İran üçün uranın zənginləşdirilməsi səviyyəsini müəyyənləşdirə bilməyəcək. Gələcək müzakirələrdə işin forma və üsulları əsas müzakirə mövzusu olacaq. Cenevrə razılaşmasına görə, qarşı tərəf İranın uranın zənginləşdirilməsi məsələsini qəbul edib. Bu anlaşma bir yol xəritəsidir və altı aylıq müddət etimad mühitinin yaradılması məqsədilə müəyyənləşdirilib. İşin çətin mərhələsi hələlik başlanmayıb və hazırda çox çətin olan müzakirələrə daxil olmaq lazımdır. İranın heç bir şeyi gizlətmək niyyəti yoxdur və heç vaxt nüvə silahı istehsal etmək niyyətində olmayıb".

AzNews.az
Bağla X