Əli Həsənov: “Azərbaycan cəlbedici əmsala çevrilib“

"Milləti tanıtmaq üçün millətin nümayəndələrinin hamısını bəlli sahəyə yönəltmək lazım deyil, onların içərisindən ən yaxşı nümunələri, ən yaxşı liderlik keyfiyyətinə malik olanları seçmək lazımdır".

Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin təqdimatı zamanlı çıxışında deyib.

Ə.Həsənov qeyd edib ki, gənclərin inkişafına ayrıca dəstək verilməli, onlar daha rəqabətli vəziyyətə gətirilməlidir və onların vasitəsilə də beynəlxalq aləmə çıxmaq lazımdır:

"Biz dövlətimizlə fəxr edirik ki, BMT Təhlükəsizlik Şurasının üzvüyük, Azərbaycan olaraq dünyanın iqtisadi, siyasi, sosial, mədəni tədbirlərinin mərkəzinə çevrilmişik".

PA rəsmisi bildirib ki, Azərbaycan dünyanın ən firavan ölkələrindən birinə çevrilib: "Azərbaycan həm mənəvi dəyərləri, intellekti, həm də inkişaf perspektivləri ilə dünyada cəlbedici əmsala çevrilib. Bizim bütün bu mənəvi, maddi, iqtisadi, sosial, enerji və digər resurslarımız da təkcə Azərbaycan xalqının firavanlığına deyil, eləcə də bölgənin və dünya ölkələrinin firavanlığına xidmət edir".

Ə.Həsənov qeyd edib ki, Gənclər Fondu da iki illik fəaliyyətində bu sahələr üzrə dövlət siyasətini gənclər arasında dəstəkləməyə yönəlib.

PA rəsmisi bildirib ki, bu gün Azərbaycanda müxtəlif sahələrdə güclü potensialı olan, fərdi inkişaf imkanları geniş olan gənc aşkarlanarsa, onun üçün Gənclər və İdman Nazirliyinin imkanlarından istifadə edilməlidir:

"Biz bir gənci liderləşdirməklə sabah o liderin imkanları çərçivəsində dövlətin və millətin bu və ya digər problemlərini həll edəcəyik. Bir lider bir dövləti xilas edir, bir xalqın inkişafını təmin edir. Hər il beş-on belə lider tapıb - məsələn, idmanda lider, mədəniyyətdə lider, siyasətdə lider, ictimai həyatda lider və sair - onları dövlətin vəsaiti ilə inkişaf etdirmək lazımdır".

Ə.Həsənovun sözlərinə görə, bu gün Azərbaycanda dövlət tərəfindən dəstəklənməsinə ehtiyac olan gənclərin sayı maliyyə dəstəyi alan gənclərin sayından qat-qat çoxdur: "İndi nə etmək lazımdır? Təmsil olunan gənclər, təşkilatlar ətrafına baxmalı və həmin gənclərin layihələrə cəlb olunmasını asanlaşdırmalıdır. Bunu asanlaşdırmaqla daha çox kontingent cəlb edə bilərlər. Əlbəttə, qrantların miqdarını da artırmaq olar. Əsas odur ki, heç bir təşəbbüs kənarda qalmasın".

Ə.Həsənov deyib ki, əsas məqsəd dövlət tərəfindən investisiya qoyulası, liderlik qabiliyyəti olan gənci tapmaqdır: "Bu gün fundamental elmin ən çətin, daha çox maliyyə tələb edən sahələrini böyük dövlətlər və onların mərkəzləri həyata keçirir. Biz də məcburuq ki, tibbdə də, iqtisadi fəaliyyətdə də Qərbin ortaya qoyduğu texnologiyalardan istifadə edək".

O, qeyd edib ki, bütün bunlara baxmayaraq, Qərbin əsası olmadan təlqin etdiyi bu və ya digər dəyərlərdən, öz xalqına, dövlətinə qarşı bəzən gəncliyi, mətbuatı, ayrı-ayrı jurnalisti istifadə etmək istəyindən, cüzi qrant verməklə insanları öz dövlətinə qarşı istifadə etməsindən və sairdən xilas olmaq lazımdır:

"Əgər bir gənc bu gün gedib hansısa anti-Azərbaycan qüvvənin hansısa layihəsinə dəstək verib, oradan 2-3 min manat alıb hansısa ehtiyacını ödəyirsə, artıq bundan xilas olmaq vaxtıdır. Artıq bizim buna imkanımız da var. Gəncləri xarici mənfi təsirlərdən azad etmək üçün hər birimiz məşğul olmalıyıq".

PA rəsmisi bildirib ki, ictimai ovqat yaradılmalıdır ki, hər bir gəncdə milli mənəvi dəyərlər güclü olsun, Azəbaycan xalqının dəyərlərini bilsin, dəyərləndirsin və xarici qloballaşma sistemində bunu qoruya bilsin:

"Fəaliyyətimizin təhlili zamanı kreativ, təşəbbüskar nəslin nümunələrini görürəm. Hər bir dövlət sabahı üçün ilk növbədə yetişdirdiyi gəncliyə görə, tərbiyə etdiyi gələcək nəsillərə görə narahatdır və onlara görə məsuliyyət daşıyır. Çünki tək bu günlə yaşamaq olmaz. Əgər belə yaşasaq, bizim mövcud resurslarımız və bu gün regional çərçivədə malik olduğumuz müəyyən mexanizmlər bəs edir ki, dövlətimiz yaşasın, inkişaf etsin. Amma hər bir fəaliyyətin səmərəliliyi həm də onun gələcəyini planlamasında, nizamlamasında və təmin etməsində özünü göstərir. İnkişaf da, iqtisadiyyat da, sosial həyat da belədir".
Ə.Həsənov deyib ki, bir dövlət özünün gələcəyini təmin edirsə və bugünkü nəsildən daha sağlam nəsil yeyişdirirsə, sabah üçün arxayın olmaq olar:

"Müstəqil Azərbaycan dövlətinin artıq 20 yaşı var. Bu 20 illik inkişaf bizə bir neçə sahə üzrə gələcəyin təminatını verib. Bunlardan biri Azərbaycanın beynəlxalq hüququn subyekti kimi mövcud inkişafını beynəlxalq hüquq normaları ilə əlaqələndirə bilməsindən irəli gəlir. Azərbaycan beynəlxalq hüququn subyektidir. Azərbaycan BMT-nin, Avropa Şurasının, ATƏT-in, regional və digər qurumların üzvüdür.

Beynəlxalq hüququn imkan verdiyi çərçivədə öz hüquqlarını, suverenliyini qoruyur, təmin edir və dünya birliyində öz layiqli yerini tutur. Ümummilli lider Heydər Əliyev 1994-cü ildə "Əsrin müqaviləsi"ni hazırlamaqla və beynəlxalq gücləri, şirkətləri cəlb etməklə Azərbaycanın gələcək inkişafının, iqtisadi inkişafının maliyyə resurslarını müəyyən etdi. Bu gün biz o resurslara söykənərək dövlətimizi, siz gəncliyi, təhsilimizi inkişaf etdiririk və dünyanın ən qabaqcıl universitetlərində Azərbaycan gəncinin təhsil almasını maliyyələşdirə bilirik".

O bildirib ki, dövlətimiz artıq həm dünyaya açılıb, həm də beynəlxalq investisiyaya açıq olan ölkələrdə sərmayələr qoyur. Bu praktiki olaraq dövlətimizin gələcək inkişafının qarantıdır:

"Gördüyümüz işlərdən biri də gənclər siyasətinin ayrıca bir sahə kimi dövlət siyasətinin prioritet istiqamətinə çıxarılması və ona uyğun təşkilidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra yaratdığı ilk mərkəzi hakimiyyət orqanı Gənclər və İdman Nazirliyi oldu. Çünki ulu öndər bilirdi ki, gəncliyi, sabahı, gələcəyi və gələcək nəsilləri ilə məşğul olmayan dövlətin gələcəyi ola bilməz.

Gəncliyi ilə məşğul olmayan dövlətin gəncliyi ilə kənar qüvvələr, dövlətlər məşğul olacaq. Bu gəncliyi öz dövlətinə qarşı yönəltmək, istifadə etmək istəyən regional, beynəlxalq güclər məşğul olacaq. Ona görə də müstəqillik illərində bizim əldə etdiyimiz əsas nailiyyətlərdən biri də məhz sizin bəhrələrindən istifadə etdiyiniz gənclər siyasətinin və bu siyasətə söykənərək gənclərin fəaliyyətinin və onların idarə olunması fəaliyyətinin tənzimlənməsi idi. 20 illik həyatımızda bizim məşğul olduğumuz əsas sahələrdən biri Azərbaycan gəncliyidir. Nəyə görə? Çünki Azərbaycan gəncliyi bizim gələcəyimizdir".

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan gəncliyi bu gün Azərbaycan ordusudur, təhsilidir, mədəniyyətidir və dünya ilə Azərbaycanın əlaqələrinin gələcəyidir:

"Gənclərimizə söykənməklə, əlbəttə ki, biz millətimizə lazım olan normaları dünyada həyata keçirə bilərik. Prezident İlham Əliyev KİV rəhbərləri ilə bu məsələyə toxundu və bildirdi ki, qloballaşma dövründə dünyada bir universallaşma və eyniləşmə prosesi müşahidə olunur. Xalqların milli dəyərləri müəyyən qədər silinir, ümummilli ənənələr müəyyən qədər itir və onun yerində Qərb dəyərlərinə söykənən dəyərlər sistemi formalaşır. Lakin bu kimin xeyrinə, kimin ziyanınadır? Bunu hər bir xalq özü təyin etməlidir. Azərbaycan xalqı olaraq bəyan edirik ki, Azərbaycan xalqı milli dəyərlərinə sadiq olmalı və onları qoruyaraq yaşatmalıdır.

Eyni zamanda, dünya ölkələrində mövcud dəyərlərə də yiyələnməlidir. Xarici dilləri və texnologiyaları bilməlidir. Azərbaycan gəncliyi dünyada ən yaxşı azərbaycaycançılığın nümunəsini ortaya qoya bilər. Əlbəttə, biz dünyada ən yaxşı millətlərin təmsilçiləri ilə rəqabətə girə bilərik. Milli mənəvi dəyərləri yaşatmaq anlamında heç bir dövləti onlardan yaxşı yamsılaya bilmərik.

Ona görə də azərbaycançılıq, azərbaycanlı olmaq bizim əsas vəzifələrimizdən biridir. Prezident 10 illik fəaliyyəti dövründə gəncliklə bağlı ümummilli lider tərəfindən təməli qoyulan siyasəti davam etdirir".
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti və növbəti qrant müsabiqəsi ilə bağlı müzakirələrin aparılması məqsədilə gənclər təşkilatları rəhbərlərinin və fərdi şəxslərin iştirakı ilə toplantı keçirilib.

Toplantıda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və Fondun Müşahidə Şurasının üzvləri iştirakı ediblər.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov bildirib ki, Fonda maliyyələşdirilmək üçün 973 layihə təqdim olunub, onlardan 630 layihə maliyyələşdirilib: "Maliyyələşdirilən layihələr üçün 5 milyon 531 min manat vəsait ayrılıb. Bundan əlavə, növbəti mərhələdə Fonda maliyyələşdirilmək üçün 660 fərdi layihə təqdim olunub. Bu müsabiqənin nəticələri dekabrın 13-də müəyyənləşəcək".

AzNews.az