05:48
(077) 610-22-33

Biz niyə kitab oxumuruq?

  • >
546 2 Dekabr 2013 16:20 | Cəmiyyət

Azərbaycan gəncliyi kitabdan uzaq düşüb.

Kitabxanaların bir çoxunda sükut, bəzisində internet klubları...

Əvvəllər nəqliyyatda insanların kitab oxumasının şahidi olardıq, indi sevimli kitabların yerini mobil telefonların əyləncəli oyunları tutub.

Boş vaxtlarımızı səviyyəsi ilə öyünə bilməyən verilişlərə baxmaqla, maraqsız diskusiyalarda iştirak etməklə mənasız keçirməyə sanki məhkumuq.

Oxumaq, öyrənmək isə heç zaman gec deyil. Kitab oxumaq insanı zənginləşdirir, duyğusallaşdırır, bir sözlə insan edir.

Həzrəti Məhəmməd "beşikdən qəbirə qədər oxuyun" buyururdu. Bəs biz niyə kitab oxumuruq? Vaxtımız, yoxsa virtual aləmin inkişaf etdiyi bir dövrdə kitaba marağımız yoxdur? Sualın hər kəs tərəfindən özünəməxsus cavabı ola bilər.

Bəziləri vaxt azlığından, bəziləri isə kitabların çoxunun rus dilində olmasından şikayətlənər. Bəlkə də hər biri öz səbəbində haqlıdır. Kitab bazarında alıcıların yalnız 12 faizinin Azərbaycandilli oxucu olduğu deyilir. Qalan oxucular rus dilində kitab alır. Bunun da fundamental səbəbi Azərbaycan dilində ciddi ədəbiyyatın azlığı olub.

Son vaxtlar küçə kriminalları haqqında "detektiv əsərlər" kitab dükanlarında daha çox alıcını cəlb edir. Statistika göstərir ki, ölkədə cəmi 10 kitab dükanı var. Ölkəmizdə təxminən 900 min nəfərə 1, Avropada isə hər 20 min insana 1 kitab evi düşür.

Digər problemimiz isə öz ədəbiyyatımıza yox, dünya yazıçılarının əsərlərinə üstünlük verməyimizdir.

Bəlkə əvvəlcə özümüzünküləri - M.F.Axundov, C.Məmmədquluzadə, H.Cavid və başqalarını oxuyaq, daha sonra dünya ədəbiyyatına - Şekspir, Dostayevski, Umberto Ekoya müraciət edək? Əslində bu sonrakı problemdir.

Əsas məsələ kimin hansı dildə oxuması deyil, niyə kitab oxumamasıdır. Efirlərdə, küçə sərlövhələrində insanlara zərər verən reklamlara deyil, kitab reklamlarına üstünlük verilsə, daha məntiqəuyğun olar.

Bəlkə o zaman kitaba maraq da yaranar.

Görkəmli ədiblərimizdən olan Firudin bəy Köçərli deyirdi: "Əsl gözəllik surətdə deyil, ağıl və kamaldadır".

Millətin də gözəlliyi surətində deyil, ağıl və kamalındadır.

Ağıl və kamallı olmağın yolu isə kitablardan və mütaliədən keçir...

AzNews.az
Bağla X