Ağ Şəhəri qara günə qoyanlar: səriştəsizlik, yoxsa özbaşınalıq? - Reportaj

Ötən əsrin əvvəlində qurulan fəhlə-kəndli hökuməti əsrin sonunda yerlə yeksan olandan sonra fəhlə sinfinin adını daşıyan bir küçə qalmışdı...

Amma tezliklə onun da axırı çatdı. Fəhlə sinfinin adını daşıyan bu küçə indi yalnız orta nəsil üçün "Fəhlə prospekti"dir.

Sanki taleyin ironiyasıdır...

"Fəhlə prospekti" indi fəhlə sinfinin üsyan qaldırıb hakimiyyətinə son qoyduğu kapitalistin adı ilə bağlıdır - Nobellə.
AzNews.az-ın iki sinfin mübarizəsini adının tarixçəsində yaşadan prospektdən reportaj hazırlamaq niyyətinə düşməsinə səbəb isə küçənin adı ilə deyil, taleyidir...

Bu yol hara gedir belə?

"Neftçilər" prospekti bitib "Nobel" prospekti başlayır. Zığ şosesinə qədər uzanan prospektdə sanki xeyirlə şər, ağla qara, varlı ilə kasıb, zülmətlə işıq biri-birini əvəz edir, fəhlə sinfi ilə kapitalistlər kimi...

Uzanan prospektdə əvvəlcə hər şey standartlara uyğun qurulmuş kimi görünür. Geniş küçə, sürətlə şütüyən avtomobillər, müasir piyada keçidləri, hətta keçidlərin yaxınlığında işıqforlar...

Bir sözlə, prospektin yaratdığı ilk təəssürat ölkədə gedən inkişafdan bu prospektə də pay düşməsidir.

Ancaq diqqət yetirəndə bəzi yerlərdə bolluq içində edilmiş yersiz qənaət, bəzi yerdə isə, əksinə, lazımsız artıqlıq gözə dəyir.

Alaqaranlıq küçə

Elə götürək işıqlandırma sistemini. Sistem standarta uyğun qurulsa da, sonradan meydana çıxan hansısa zərurətdən bəzi işıq dirəkləri götürülüb, yerində isə uzanan asfalt səki boyu kiçik çuxur və elektrik naqilləri qalıb. Həmin dirəklərin sonradan çıxarılaraq hara aparıldığı barədə heç bir fikrimiz olmasa da, bu, yersiz "qənaət"in heç yerinə düşmədiyi gün kimi aydındır.

Nədən ki, küçənin ilk baxışdan gözəlliyinə ziyan gətirir. Bu, bir yana. İşıqlı Bakı küçəsini də yarımqaranlıq edir. Küçə başlayan kimi, yolun sağında ilk dirək yerində olsa da, 2-ci və 3-cü dirək çıxarılıb.

Yolun sonrakı hissəsində dirəklərdən biri bir tərəfi, o biri isə digər tərəfi işıqlandırır. Bu da yolun bir tərəfinin yarımqaranlıq, digər tərəfinin isə işıqlı olduğunu göstərir.

Yolun sağı ilə irəliləyərkən isə yarımqaranlıq üçün "hesablanmış" tələ - çuxur nəzərə çarpır. Səkidə olan geniş çuxur piyadanı maşın yoluna çıxmağa məcbur edir. Piyada qaranlıqda çuxura düşməkdən xilas olub avtomobil yoluna çıxarsa, ikinci təhlükə ilə qarşı-qarşıya qalır...

Maraqlısı isə odur ki, işıq dirəkləri işıqforlardan, piyada keçidlərindən uzaqda, dayanacaqların yaxınlığında, hətta "Lunapark"ın qarşısında çıxarılıb. Bu da qaranlıqda görməni zəiflədir.

Aydındır ki, keçid olmayan, dayanacaq və istirahət məkanları yaxınlığında yolu keçmək istəyən piyadaların sayı başqa yerlərə nisbətən daha çox olur. Məhz belə yerlərdə işıq dirəklərinin çıxarılması, ya da sonradan bərpa edilməməsi nəyə xidmət edir? ...İstər-istəməz insanın qəlbinə qara, daha doğrusu qaranlıq fikirlər dolur...

Yersiz işıqfor

Prospektdə yerüstü piyada keçidləri də qoyulub, işıqforlar da. Keçidlərdə ətrafı seyr edənlər var. Küləkdən gizlənən, ya da kimisə gözləyənlər də buradan istifadə edirlər. Keçidlərin biri-birindən məsafəsi də böyük deyil. Bu da prospektdə təhlükəsizliyin təmin olunmasına şərait yaradır.

Lakin bu məsələdə də bəzi diqqətçəkən məqamlar var. Məsələn, prospektin Çevik Polis Alayının (ÇPA) qarşısındakı hissəsinə yeni işıqfor quraşdırılıb. Hələlik işlək vəziyyətdə olmayan bu işıqforun hansı zərurətdən qoyulduğu sual doğurur. Çünki bir az aralıda piyada keçidi var.

Bəlkə də piyada keçidi yaxınlığında – Çevik Polis Alayının (ÇPA) qarşısında qoyulan bu yeni işıqfor gözə qəribə dəyməzdi, qarşımıza çıxan avtobus dayanacağı yaxınlığında da işıqfor olsaydı. Bəlkə də, ÇPA qarşısına qoyulan işıqforun yeri "səhv düşüb"?

Sözügedən dayanacaqdan uzaqda bir piyada keçidi görünür. Amma işıqfor gözə dəymir. Dayanacaqda market olması bu yerin gediş-gəlişli olduğunu göstərir. Təbii ki, istər market üçün, istərsə də, dayanacaq üçün yolu keçənlər var. Onların heç biri uzaq yol qət edib piyada keçidinə getməyəcək. Elə isə, lazım olan bu yerdə işıqfor niyə qoyulmayıb?!

Mənim Ağ şəhərim

Kasıb fəhlə küçəsi varlı kapitalist prospektinə çevrilir. Bunu kasıb məhəllələri əvəz edən göydələnlər, Qara şəhəri əvəz edən Ağ şəhər aydın göstərir. Küçədəki reklamlardan o da görünür ki, İsveçli oliqarxın adını daşıyan müasir Bakı küçəsində fransız evləri də olacaq. Bir sözlə, belə görünür ki, oliqarxların fəhlə sinfinə, var-dövlətin kasıblığa qalib gəldiyi müasirləşən Avropa şəhərindəki bu prospekt bir gün işığın zülmətə, qaydasızlığın qanunlara tabe olduğu küçəyə çevriləcək. İşıq dirəyi də yerində olacaq, keçidi-işıqforu da səhv düşməyəcək.

Ruhiyyə
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description