Üzümüzə tüpürməsinlər...

Əlövsət Əliyev


Bu gün taksi ilə məhkəməyə gedirdim. Tıxacdan xilas olmaq istəyən sürücü sürəti artırdı, sağda gedən "Prado" markalı maşını keçmək istədiyi zaman həmin maşının sürücüsü əyləşdiyim maşına tərəf tüpürdü.

Tüpürcək əyləşdiyim maşının mən tərəfdə olan qapısının şüşəsinə yapışdı. Bəxtim gətirdi, çünki şüşə açıq da ola bilərdi.

Bu hadisədən sonra ofisə qayıdana kimi yollarda hərəkət edən maşınları və onların sürücülərini daha diqqətlə izləməyə başladım. Xatirələrimi də gördüklərimə əlavə edərək bəzi qeydlər apardım, nəticədə bu yazı ərsəyə gəldi.

Hər il dünyanın 15-20 inkişaf etmiş şəhərində olan biri kimi deyə bilərəm ki, Bakı dünyada ən bahalı minik maşınlarının idarə olunduğu şəhərlərdəndir.

Burada ən bahalı nəqliyyat vasitələrini idarə edənlər, ən bahalı paltar geyinən, ən bahalı saat, üzük, boyunbağılar taxan, ən bahalı siqaretlər çəkən bəylər və ümumi sayları doğum faktına görə azalan, nəqliyyat vasitələrini idarə etmə baxımından isə sayı sürətlə artan xanımlardır.

Günümün bir hissəsini idarə etdiyim maşında yollarda – daha dəqiq ifadə etsək, Bakının tıxaclarında keçirməli oluram. Nəyə görəsə mən tıxaclarda daha çox pis hadisələrin şahidi oluram. Bir müddət öncə qardaşım Faiqlə Tbilisi prospekti ilə gedirdik.

Maşını mən, özü də tıxac olduğundan maşını aşağı sürətlə idarə edirdim. Bu vaxt qarşıdakı maşını idarə edən sürücü qapını acaraq əlində olan zibil torbasını səkinin üstünə tulladı. Faiqə baxdım, o, da baş verənləri və necə əsəb keçirdiyimi görmüşdü.

Maşından düşərək zibil torbasını götürdü, həmin maşına yaxınlaşaraq zibili sürücünün qucağına atıb, maşına qayıtdı. Öz zibilini "qəbul edən" "Mersedes"in sürücüsü heç bir hadisə olmamış kimi yoluna davam etdi. Həmin günü özümü əla hiss etdim və inandım ki, həmin şəxs bir daha zibilini küçələrə atmayacaq.

Dünən günün sonunda bir dostum məni Park Bulvarda Zeytun Restoranında yeməyə dəvət etdi. Restorandan çıxdıqdan sonra maşını götürmək üçün dayanacağa gəldik. Bizdən öncə dayanacaqdan iki maşın çıxdı.

Maşınlara nəzarət edən şəxs həmin maşının sahiblərindən qəbzi alıb baxdıqdan sonra havaya tulladı. Mən qəbzi təqdim edəndə nəzarətçidən qəbzə baxdıqdan sonra onun məndə qalmasını istədim. O, etiraz etdi və bildirdi ki, mən o qəbzi sizdən almalıyam. O zaman mən ona az öncə gördüklərimlə bağlı etirazımı bildirdim. Nəzarətçi qəbzi havaya tullamayacağına və tullantılar üçün nəzərdə tutulan tutumlara atacağına söz verdi.

Hər gün belə halları təkrar etməliyik. Ən azından ona görə ki, sürücülər üzümüzə tüpürə-tüpürə, kibrit çöpləri, siqaret kötükləri və ya qutuları, su butulkaları, yemək qalıqları olan torbaları, hətta bəzi hallarda isə evlərimizdən götürdüyümüz zibili hara gəldi atmaqla şəhəri və Azərbaycanı zibilə döndərməkdə davam edənlərin sayı azalsın.

Bəlkə buna görədir ki, Bakıda küçələri təmizləyənlərin sayı başqa ölkələrlə müqayisədə dəfələrlə çoxdur. Ən pisi odur ki, insanlar maşınlarında olan zibilləri küçələrə atmaqdan heç çəkinmirlər də. Bundan da pisi bunu uşaqlarının yanlarında, bəzən isə onların iştirakı ilə edirlər.

Bu pis vərdişlərin haradan qaynaqlanmasını bilmirəm. Amma çoxlarımız tərəfindən qəbul olunan hal budur ki, evimiz, həyətimiz, maşınımız təmiz olsun. Evimizin, həyətimizin, maşınımızın zibilini necə olur olsun özümüzdən uzaqlaşdıraq və başqalarının başına tökək. Bəlkə elə buna görədir ki, həyətlərimizin sərhədləri və mənzillərimiz böyüdükcə Azərbaycanın ümumi sərhədləri kiçilir.

Bu problemin həlli üçün nəyi, haradan, necə başlamalı olduğumuzu bilmirəm. Amma onu bilirəm ki, bütün zibillərin tərəddüd etmədən hara gəldi tullanması yalnız bizdədir. Bunu da hami bilir ki, bu pis vərdişlərə son qoymaq ucun məhəllələrə, küçələrə, kəndlərə, qəsəbələrə, şəhərlərə və bütün Azərbaycana hamı öz evi kimi baxmalı və sevməlidir.

Məncə bunu bacararıq. İnzibati Xətalar Məcəlləsinin 104.3 maddəsinə görə, "Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə - fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 500 manat miqdarında cərimə edilir". Həmin Məcəllənin 153.2-ci maddəsinə görə isə, sərnişinlər tərəfindən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmağa görə otuz manat miqdarında cərimə edilir.

Bəlkə də bu "ölü" maddələrin tətbiqinə başlamaq bu kimi halların qarşısının alınması üçün başlanğıc ola bilər.
Başlayaq ki, üzümüzə tüpürənlər az olsun.

P.S. Bu gün Bakıda güclü külək əsir. Külək maşınların və evlərin pəncərələrindən küçəyə atılmış məişət tullantılarını havada oynadır. Daha güclü küləklər bizim kənddə də əsir. Amma həmin küləklər güllərin ləçəklərini, ağacların tökülən yarpaqları və təndirlərin bərəkətli ətrini yayır ətrafa.

AzNews.az