“Gecə hamınızın başını kəsəcəm...”

Jurnalist-yazar Sona Yaqubovanın həyat hekayəti:


Üz-gözümdə kəpənək xəfifliyi ilə gəzən barmaqları hiss edəndə əzabdan nərə çəkmək istədim. Ancaq gücüm sadəcə inildəməyə çatdı. Bir neçə dəfə kirpiklərimi aralamağa cəhd etsəm də, 4 yaşı oğlumun barmaqlarını suya batırıb sildiyi gözlərimi aça bilmədim. Evin ortasındaca yarıhuşsuz uzanmışdım. Al-qan içində olan sifətimin, əzilmiş baş-gözümün ağrılarını hiss etmirdim. Yıxılıb qaldığım yerdən yalnız yanağında iki damla yaş donan oğlumun dumana bürünmüş üzünü görürdüm. Gözlərimi açdığıma (ölmədiyimə) sevinərək üzümü tumarlamaq üçün uzatdığı balaca, koppuş əllərini göydəcə tutub ovcumun içində var gücümlə sıxmağa başladım. Qorxudan dəli olacaq həddə çatmışdı. Mənsə hələ də onun əllərini didmək, barmaqlarını dişləyib qopartmaq üçün ağzıma çəkir və qışqırırdım. Onun körpə əlləri ovcumda çırpınırdı.

Bayaqdan iki addımlığımızda oturub üzərimdə göstərdiyi qəhrəmanlığın nəticələrini seyr edən atası, nəhayət, qalxıb uşağı əlimdən aldı. Nə o zaman, nə də sonra məni uşağın gözü qarşısında huşum itənə qədər döyən ərim də, məni ayıltmaq üçün uşaq ağlına gələn hər şeyi edən oğlum da niyə elə davrandığımı anlamadılar. Necə ki, əsəb gərginliyi keçirdiyim həmin gün mənə baxan həkimlər sonralar saatlarla eyni sözü - "Toxunma, çək əllərini!" - qışqırıb durduğumu dedilər.

Özümə gələr-gəlməz ərimlə ayrılmağa qərar verdim. Bu qərar nişanlı (16 yaşımdan ) vaxtımızdan məni döyməyə adət etmiş ərimi, döyülməyimi təbii qarşılayan ailəmi, qohum-qardaşımı şoka saldı. Axı uşağımızın olmadığı 5 ildə mən özüm də bu tale ilə barışmışdım. Boşanmaq üçün müraciət etdiyimiz məhkəmənin qoyduğu 3 ay müddətində ailəmin, qohumların məni bu fikirdən daşınmaq üçün etmədikləri, demədikləri qalmadı. Ən yaxınlarım belə öz aralarında bu qərarımı ağıllarına gələn hər cür çirkinliklərlə izah edirdilər. Hətta, "Bəlkə həyatında başqası var, ona görə ayrılmaq istəyir?" deyənlər də oldu. Anam, qardaşım, ən yaxın qohumlarım məni atdı. Amma artıq onların qarşısında 17 yaşlı uşaq yox idi.

...O yaşda zorla nişanladıqları ərim ilk dəfə universitetdə oxumaq üstündə məni vurdu. Nişanımı qaytarmaq istədim. Ailəm, qohum-qardaş məni döyüb, hədə-qorxu gələrək, nişanımı pozmağa qoymadılar. Üstümə gələn bu insanların qarşısında sadəcə susdum. Hətta ərimin gəlmədiyi məhkəmədə də boşanma səbəbimizi soruşan hakimin qarşısında sükutumu poza bilmirdim. Məhkəmə zalında uşaqlıqdan daim od tutub yanan ovuclarımı sıxsam, dırnaqlarımın kənarını manyakcasına gəmirsəm də, mənə əzab verən əl yaddaşım haqda heç kimə heç nə deyə bilmirdim. Deyə bilmirdim ki, anamın partlamış dodaqlarının göynərtisini, qançır olmuş yanaqlarının rəngini, yolunmuş saçlarının qoxusunu barmaqlarımın ucundan təmizləyib rahat yaşaya bilmirəm...

Hakim durmadan danışırdı. Bunu ağzının tərpənişindən bilirdim. Gözümdə canlanmış uşaqlıq xatirələrindən ayrılıb heç cür məhkəmə zalına qayıda bilmirdim...

***

...9-10 yaşım olardı. Bütün günü evə sərxoş gəlib dava salan atamdan, onun bu halından təngə gəlmiş anamın dır-dırlarından qurtuluşun tək yolunun universitetə girmək olduğunu düşünürdüm. Yalnız bu yolla cəhənnəmi andıran evimizdən xilas ola bilərdim. Buna görə dörd əllə sarılmışdım kitablara. Evimizdə səngiməyən dava-dalaşdan vaxt tapıb dərs çalışmağa oturanda atam söyüşlərinə ara verib məni səsələyərdi:

- Anam, gəl apar siqaretimi yandır.

Əlimdəki yazını buraxıb gəlir, şüşəsi olmayan (atamın əlindən pəncərələrimizin şüşələrinin hər üçündən biri qırıq idi) pəncərədən əlimi uzadıb siqareti götürürdüm. Aynabəndin aşağı hissəsindəki elektriki sobasının spiralında yandırdığım siqaret yolda sönməsin deyə azı iki-üç dəfə sümürməli olurdum. Zamanla yalnız sönməməsi üçün çəkdiyim siqaretin barmaqlarımın arasındakı duruşu, dadı məndə marağa, sonra isə alışqanlığa çevrildi. Beləcə, atamın sayəsində siqaretlə ilk sevgimizin qığılcımları közərdi. Siqaretini uzadanda qırıq şüşənin arasından oğrun-oğrun, bir az da qorxaraq baxardım atama. Saç-başı dağınıq, üz-gözü pərişan, öz-özünə danışan, söyüş söyən atamı gördükcə özümdən utanırdım. Ondan sonra dərs oxumaq üçün oturduğum masada atamın niyə başqa atalar kimi olmadığını fikirləşirdim. Anasının adını daşıdığıma görə dörd uşağın arasında ən, bəlkə də yeganə sevimli qızı mən idim. Amma bu sevgi onun mənə yaxşı ata olmasına yetmirdi, deyəsən. Sadəcə, ailəmizin o biri üzvlərinə baxanda, mənimlə 3-5 kəlimə artıq danışardı. Zaman keçdikcə bizim söhbətlər daha da uzun çəkməyə başladı. Düzdü, o zaman mən onu anlamırdım, dediklərinə inanmırdım. Çünki hər dəfə mənə söz verirdi içməmək üçün, amma sözünü tutmurdu. Yenə hər gün evə sərxoş gəlirdi, hər dəfə də məni çağırıb dili dolaşa-dolaşa içməsini minbir bəhanələrlə izah etməyə çalışırdı.

Təbii ki, mən bu bəhanələri anlamır, atama inanmır, sözünü nə üçün tuta bilmədiyini başa düşmürdüm. Artıq atamla söhbətlərimiz birtərəfli olurdu. Mən susub, onun söyüş dolu söhbətlərinə sadəcə dözürdüm. Anam başda olmaqla hamımızın həyatını məhv etsə də, onu çox istəyirdim. Çox istəmək deyəndə ki, yazığım gəlirdi ona. Ölməsini istəmirdim.

Sonralar bu sevgi nifrətə çevrilməyə başladı. Artıq hər ayın sonu 4 uşaqla işləməyə məcbur olan anamın aldığı maaşı içki almaq üçün döyüb əlindən alan atamı öldürmək istəyi məni rahat buraxmırdı. Anamın üz-gözünü şişmiş, göm-göy görməyə o qədər adət etmişdik ki, əsl üzünü, üzünün rəngini unutmuşduq. Hər dəfə barmaqlarım titrəyə-titrəyə anamın partlamış dodaqlarında, qanlı yanaqlarında gəzdikcə atamı öldürməyin ssenarisi yazılırdı qafamda.

Çoxlu pul tapmalı, çoxlu içki almalıydım. Atamı yerə yıxıb bütün pulları gözləri bərələnəcən boğazına tıxmağı, bütün içkiləri üz-gözünə tökərək boğub öldürməyi xəyal edirdim. Uşaqlığım bu xəyallarla, bu səhnələrlə qalıb yaddaşımda. Hər axşam dava səhnələrindən sonra yıxıla-yıxıla yatmağa gedəndə içki havasına "Gecə durub hamınızın başını kəsəcəm, baltalayacam" - deyirdi. Axşamdan gizlicə evin bütün bıçaqlarını yastığımın altında gizlədər, qorxudan səhərəcən zirzəmidəki ("əl damı" deyirdik) baltaların ortalıqda olub-olmamasını fikirləşər, gecə boyu tualetə və su içmək üçün çölə çıxan atamın yəqin indi içəri əlibaltalı gələcəyinin təlaşı, qorxusu, həyəcanıyla nəfəsim darala-darala sabahlayardım.

Hər dəfə əllərim yana-yana anamın yaralarına toxunduqca utancaq bir pıçıltıyla soruşurdum:

- Ağrıyır?

Anamsa hər dəfəsində o halda gülümsəməyə çalışaraq:

- Yox, narahat olma - deyirdi.

Ağrımamağını çox istədiyim üçün inanırdım anama.

Bir qış axşamı atam yenə anamı döyüb, evdən bayıra atdı. Arxasınca getsək, bizi öldürəcəyini dedi. Gözlədim, atamı yuxu tutdu, durub üşüyə-üşüyə çıxdım həyətə. Qarın içində ağlaya-ağlaya anamı axtarırdım. Gözümün önünə qurd-quşun onu necə parçaladığını gətirdikcə ürəyim qalxıb tıxanırdı boğazıma.

Təndirxananın yanından keçəndə anamın pıçıltıyla məni çağırdığını eşitdim. Gördüm ki, orda gizlənib. Hönkürtüylə ağlayaraq sarıldıq bir-birimizə. İndi başa düşürəm ki, anamın "yaralarım ağrımır" deməsi yalan deyildi. Balasının keçirdiyi o hissləri, o əzabları duyan ana üçün canının ağrısı nədi ki?!

Anamın intihar etmək şansı da yoxdu. Dörd övladı sərxoş atanın öhdəsinə buraxıb getməyə ürəyi yol verməzdi. Onun dəfələrlə allahı söydüyünün, öz anasına qarğış etdiyinin şahidi olmuşdum. Mən də hər dəfə onun adından allahdan üzr istəmiş, onu bağışlamasını xahiş etmişdim.

Qoşulub bir-birimizə xeyli ağladıqdan sonra anam soyuq əlləri ilə üz-gözümün yaşını sildi. Özünü ələ alıb, başladı danışmağa:

- Yavrum, üzülmə, bunlar keçəcək... Siz böyüyəssiz... Bacıların da, sən də ərə gedəssiz, çox rahat ailəniz olacaq. Xoşbəxt... Mən də gələcəm sizə qonaq. Sizi elə rahat, ailənizlə xoşbəxt, birgə görəndə ürəyim dağa dönəcək. Bu ağrı-acılarımızın hamısını unudacağıq. Onda atanız da qocalacaq, içkini tərgidəcək, peşman olacaq etdiklərindən, gələcək sizin qapınıza utana-utana üzr istəyəcək hər dəfə...

Mən bu yerdə onun sözünü kəsdim:

- Heç vaxt!!! Heç vaxt onu bağışlamayacam!!! Evimə buraxmayacam!!! Bu günlərimizi xatırladacam ona!!! Hesab soracam ondan!!!

Anam:

- Yox-yox, elə demə. O, sizin atanızdı. Pis-yaxşı! Onsuz da o bizimlə bərabər özünü də məhv edir. O vaxt ona yaxşı olarsız, layiq olduğundan min qat yaxşı... Ona ən böyük cəza bu olar. Özü özündən utanıb xəcalət çəkəcək onsuz da...

Ürəyim yumşalırdı o yerdə. Anama inanırdım... Və bir an öncə böyüyüb anamın xəyallarını gerçəkləşdirməyi, beləcə onu mutlu etməyi o qədər arzulayırdım ki...

Belə gecələrdə biz evə qayıdanda döşəmədə uzanıb xoruldayan atam oyanmasın deyə barmaqlarımızın ucunda, sakitcə yeriyib girirdik yerimizə. Yatırdıqmı?

...Anam yorğanı başına çəkib için-için ağlayırdı. Mənsə anamın hıçqırıqları altında təndir damındakı söhbətimizi düşünüb "şirin nağıllar" yazırdım xəyalımda. Amma xəyalən də olsa, nə atamı evimin qapısından içəri buraxıb onu bağışlaya bilir, nə də anamın üz-gözünü göyərməmiş təsəvvür edə bilirdim...

...Anamın heç bir ümidi cücərmədi. Atam içkidən ölənəcən bütün ailənin həyatını, gələcəyini cəhənnəmə çevirə bildi. Mənim ailə həyatım anamdan elə də fərqlənmədi. Sadəcə, anamdan fərqli olaraq, övladımın əl yaddaşına ömür boyu unuda bilməyəcəyi ağrılı xatirələr buraxmaq istəmədim...


lent.az