00:19
(077) 610-22-33

Bakının qaynar həyatının FOTOSESSİYASI

  • >
1 913 10 Avqust 2012 11:24 | Cəmiyyət

AzNews.az-ın əməkdaşının 40 dərəcə istidə hazırladığı “buz” kimi fotoreportaj

Yay fəsli gələndə əksəriyyət insan çox sevinir. Çünki bu mövsüm onlar üçün istirahət, əyləncə, dəniz, çimərlik, qısası, ilin yorğunluğunu çıxarmaq deməkdir. Ancaq təəssüf ki, bunu hər kəsə aid etmək olmur. Çoxları heç isti yay günlərində 1 saat olsa belə, bu istirahətin dadını duya bilmir. Səbəb isə buna yaşayış tərzlərinin, iqtisadi durumlarının imkan verməməsidir. Onlarçün nə şaxtalı qış, nə də qızmar yay gününün fərqi yoxdur. Elə onların baxışıyla "Fransız xalqı kef edir", onlar isə...

Beləliklə, biz də bu isti yay günündə, elə günün günorta çağında paytaxt sakinlərinin vəziyyətindən xəbərdar olmaq üçün üz tutduq şəhərin müxtəlif yerlərinə. Görüb-çəkdiklərimizdən, eşitdiklərimizdən sizləri də agah edəcəyik. Baxaq görək, qızmar günəş altında kimlər nə edir?

Gəzintimizə metronun 28 may stansiyasının yaxınlığından başladıq. Elə burada gedən tikintidə çalışan işçilər gözümüzdən yayınmadı. Bir qədər onalrın işi ilə, iş saatları ilə maraqlandıq. Formen Tofiq dayının sözlərinə görə, səhər 8-dən axşam 6-ya kimi işləyirlər. Nə deyək...İşiniz avand olsun!

Səməd Vurğun parkı tərəfə yol almışdıq ki, burda da fotoaparatımıza çəmənlikdə dincələnlər tuş gəldi. Yox, yerləri heç də narahat deyil, deyəsən...

...Və yolumuza davam etdik. Elə qızmar günəş bizi də haldan salmışdı... Biz də özümüzü "yıxmağa" yer axtarırdıq. Amma yox, yola davam...

Budur, Üzeyir Hacıbəyov küçəsində süpürgəsini sürüyə-sürüyə gedən Səmayə xala...Onunla söhbətimizdə belə isti havada necə işləyə bildiyini soruşduq: "Ay qızım, bizim işimizə heç nəyin dəxli yoxdur, nə istinin, nə boranın. Elə qışın dondurmasında da çıxıb qarları təmizləyirik beləcə. Dünən 240 təzyiqlə yenə də gəlib işləmişəm. İşimiz də elədir ki, hər iki saatdan bir çıxmalıyıq əraziyə. Səhər 7-in yarısından başlayırıq, axşam 7-yə kimi..." Yollarda Səmayə xala kimi süpürgəçiləri çox gördük.

Beləcə, az getdik, dərə-təpə düz getdik...Artıq yavaş-yavaş şəhərdən uzaqlaşmağa başladıq. Yolumuz Bibiheybətdən, Bayıldan keçdi. Günorta saat 3 radələrində qum daşıyan kim, palçıq qatan kimi, şalbana dırmaşan kim...Günəş şüası zəhmətkeşin axan tərini parıldatması özü çox şey deyir...

Bir az sonra isə yolumuzda qarşımıza çıxanlar heç də əziyyət çəkənlər deyildi. Onlar əvvəl dediyimiz kimi, yayı sevənlər, gözləyənlər təbəqəsindən idilər. Hərə istirahət mərkəzinin bir guşəsində...

Yayda əhalinin ən çox axışdığı çimərliyə də gəlib yetişdik. Ancaq bura necə deyərlər, deyəsən, "fəhlə babaların" məkanı idi. Tanış gəldisə, Şıxov çimərliyidir. Diqqətlə baxın, "Burda çimmək qəti qadağandır!" . Nəzarət də necə lazımdır var. Qadağalara məhəl qoymağımız bir yana, günün qızmar çağında (təxminən saat 16) dənizdə çimmək, sahildə uzanmaq da yeni adətdir. Faydası böyükdür yəqin, bizim xəbərimiz yoxdur.

Hələ sizə kimdən deyək, Asif dayıdan...O dənizdə çimməyə gələnlərə peraşki satmaqla məşğuldur: "Kişi belə olar daaa...Biz də ailəmizi belə dolandırırıq". Allah ruzinizi bol eləsin, Asif kişi!

Dənizdə çimənləri gördünüz, bir də Dərnəgül ərazisində quruda "çimənləri" görün. Hələ hamıdan fərqli olaraq, bir balaca oğlanın təhlükəszilik şarı da var idi.

Beləcə, yayın dadını çıxaranları və ya çıxarmaq istəyənləri də görürsüz, hava şəraitindən asılı olmayaraq, iş başında olanları da...

Elə biz də işimizi icra edə-edə, nəhayət, dolana-dolana gəlib çıxdıq paytaxt sakinlərinin daimi istirahət, dinclik məkanı, eyni zamanda, "çörək yerləri" Milli Parka. Tanış ünvandan tanış və qeyri-tanış simalar, kadrlar...Gördüklərimizi söyləməyə nə hacət?

Özünüz baxın...

Sevinc Fədai

AzNews.az

Bağla X