Deputat səfiri "türmə"yə çağırdı

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, deputat Çingiz Qənizadə İranın Bakıdakı səfirinə müraciət edərək onu İran vətəndaşlarının həbsdə olduğu cəzaçəkmə müəssisələrinə birgə baş çəkməyə çağırıb.

Bu barədə məlumatı AzNews.az-a millət vəkili özü verib. Ç.Qənizadə ötən gün İranın Bakıdakı səfirliyinin Bəhram Feyzin adlı İran vətəndaşının saxlanma şəraitindən şikayət edərək onun həbsxanada aclıq aksiyasına başlaması barədə dediklərinə münasibət bildirərək deyib ki, rəsmi Tehranın bu iddialarının yalnış olduğunu düşünür.

Deputat ölkəmizdə həbsdə olan əcnəbi vətəndaşların, o cümlədən İran İslam Respublikası vətəndaşlarının heç bir təzyiqə məruz qalmadığını, aparılan monitorinqlər zamanı onların saxlanma şəraitinin normalara uyğun olduğunu bildirib.

"Əcnəbilərlə Azərbaycan vətəndaşları arasında heç bir fərq yoxdur. Bu gün Azərbaycan vətəndaşlarının da, əcnəbilərin də saxlanma şəraiti, polisin müvəqqəti saxlanma yerlərindəki şərait və vəziyyət bütün beynəlxalq normalara uyğun gəlir. Belə olan halda, kimin üçünsə, nəyinsə ayrıca yaradılmasına ehtiyac yoxdur. Daxili İşlər orqanlarının nəzdində olan müvəqqəti saxlanma yerlərinin hamısı beynəlxalq standartlara cavab verən formada son bir neçə ildə yenidən qurulub".

Deputatı Azərbaycanda məhbəs həyatı yaşayan iranlılardan danışıb: "Yalnız əcnəbi yox, Azərbaycan vətəndaşı da saxlanma şəraiti ilə bağlı hansısa bir problemin olduğunu qeyd edirsə, təbii ki, biz həmin şəxsə kömək etməliyik. Həmin qurumun rəhbərliyinə çatdırmalıyıq ki, belə hallar baş verməsin. Amma bəzən bu cür hərəkətlər siyasi maraqlar üçün, hansısa təşkilatların, partiyaların maraqları üçün edilirsə, bu, yolverilməzdir".

AzNews.az