Əsl qəhrəmanlara sahib çıxaq

Bu dəfə sadəcə, Azərbaycandan danışmayacam, bütün dünyanı narahat edən bir məsələdən danışacam.


Peşəkar idmandan və idmançılardan danışacam.

Hamımız bilirik ki, peşəkar idman sağlamlıq deyil. Bəs nədir? Deyəcəksiz ki, bu dünyada hər bir dövlətin öz bayrağını və dövlətini tanıtmaq üçün beynəlxalq idman yarışları bir vasitədir.

Razıyam, amma fiziki güc tələb edən peşəkar idman növləri üzrə niyə yarışlar keçirilir?

Düşünün ki, bir insan uşaqlıqdan bütün düşüncəsini, enerjisini daş qaldırmağa, kimisə yumruqlamağa, yerə yıxmağa, müxtəlif maneələrin arasından, üstündən topu ora-bura atmaq üçün xərcləyir.

Bir anlıq düşünün ki, bu insan enejisini, gücünü və bacarığını dünya vətəndaşları üçün faydalı olacaq hansısa elmi araşdırmaya, kəşfə və ixtiraya sərf etsə, daha faydalı olmazmı?

Mən ümumilikdə, peşəkar idmana qarşı deyiləm, sadəcə, fiziki gücə dayanıqlı keçirilən yarışlara qarşıyam. Məncə, insan öz fikizi sağlamlığının qayğısına qalmalıdır, amma bu güc kiminləsə mübarizəyə sərf olunmamalıdır.

Cəmiyyətdə guya hər kəsin alim ola bilməyəcəyi haqqında bəlli sterotiplər formalaşdırlıb. Lakin əslində, bu belə deyil, insan onu əhatə edən mühitin və onu motivə edən faktorların hesabına formalaşır.

Əgər biz uşaqlarımızı dünya vətəndaşı kimi və bütün yer kürəsinə faydalı olmaq üçün böyütsək, inanın, uşaqlarımız alim də olar, professor da, hələ akademik də. Məncə biz, müasir insanlar, artıq beynimizdə müəyyən islahatlar aparmalıyıq.

Mən sadəlövh adam deyiləm və başa düşürəm ki, fiziki güc tələb edən peşəkar idman yarışlarının təşkilatçıları - böyük məbləğdə pul qazanan böyük bir indisturiyanın həlqələridir.

Bəlkə biz cəmiyyətin dəstəyi ilə yavaş-yavaş bu indisturiyanı intellektual platformaya keçirək? Məqsəd yarış təşkil edib, pul qazanmaq deyilmi? İxtira və intellektual yarışmalardan da pul qazanmaq mümkündür, buna əmin ola bilərsiz. Sözümün canı odur ki, bizim beynimizdə və təfəkkürümüzdə dəyişikliklər etməyin vaxtı çatıb.

Bəşəriyyət artıq irəli addımlamalıdır. Mədəni inqilab seks inqilabı deyil, daxili intellekt inqilabdır. Fiziki gücümüzü manej döyüşlərinə sərf etmək bizi bu inqilaba qoşulmağa qoymur.

Bir faktı xatırlatmaq üçün sizə bir sual vermək istəyirəm:

Beynimizin cəmi neçə faizi işləyir? Sizcə niyə? Düşünürəm ki, bu proses başlamaq üçün vaxt çatıb. Düşünmək və qərar vermək artıq işin yarısıdır. Məncə, bu gün böyük stadionlar, olimpiya kompleksləri ilə yanaşı, həm də böyük elmi laboratoriyalar və elm mərkəzləri tikilməlidir.

Elm və təhsili kütləviləşməli və populyarlaşdırmalıyıq. Müasir media elm adamlarına daha çox diqqət yetirməli, yeni elmi nailiyyətlərdən daha çox bəhs etməlidir.

Şou biznes, idman, kriminal xəbərlər tədricən yerini elm sahəsində baş verən önəmli hadisələrdən bəhs edən xəbərlərə verməlidir.

Dünyadakı bütün fəlakətlərin başında savadsızlıq, cahillik dayanır - bunu mən demirəm, bu, dahilərin qənaətidir. İnsanlar arasında elmə və təhsilə marağı artırmaq üçün yeni üsullar tapılmalı, yeni tədris metodları işlənib hazırlanmalıdır.

Elmi və tədrisi isə daha kreativ, daha əyləncəli etməliyik. "Elm kütləvi olmamalıdır" deyənlər çoxdur. Soruşmaq istəyirəm: niyə ? Niyə idman kütləvi ola bilir, amma elm yox? İnsan öz fiziki gücünü gördüyü üçünmü? Bəs onun daxili potensialını kim görəcək, kim dəyərləndirəcək? Özgə planetdən gələnlərmi? Bir çoxları bəzən ömrünün sonunadək bu gücdən xəbərsiz olur.

Hesab edirəm ki, riyaziyyat, kimya, fizika kimi dəqiq elmlərin tədris mexanizmində islahatlar aparılmalıdır.

Heç kəsə sirr deyil ki, bu günün elm adamının cəmiyyətdəki obrazı çox cansıxıcı həyat tərzi keçirən, səhərdən axşamadək laboratoriyada çalışan və sonda da qiyməti bilinməyən insan kimi formalaşdırılıb.

Bu nə dərəcədə realdır? Dünyada beynəlxalq masştablı elmi ixtiraları tanıdacaq telelayihələr hazırlansa, elmlə məşgul olan insanlar qəhrəman kimi cəmiyyətə təqdim edilsə, məncə, elmlə məşğul olmaq istəyənlərin sayı artar, sözün həqiqi mənasında savad almaq, cəmiyyəti inkişafa apara biləcək araşdırmalar aparmaq dəbə düşə bilər.

Bu gün insanlar xarici gözəlliklərinə o qədər aludə olublar ki, artıq daxili gözəllikdən söz açanlara dərhal romantik, duyğusal adam damğası vururlar. Halbuki, işlərimiz qaydasında getmədikdə bir-birimizi yalançılıqda, məsuliyyətsizlikdə suçlayır, günahkar axtarır və cəmiyyəti əxlaqı dəyərlərini itirməkdə təqsirləndiririk. Böyük şair və görkəmli mütəffəkir Nəimi deyirdi ki, ən böyük günah cahillikdir.

Bu gün hər hansı bir idmançı telekanallarda təkrar-təkrar yayımlanan reklam çarxlarında, reklam bilbordlarında göründükdə cəmiyyət onu qəhrəman kimi qəbul edir.

Axı idmançılar kimdir, bu dünyanın insanı üçün nə ediblər? Özlərindən və idman şərəfini qoruduqları klublardan başqa kimə faydaları var? Cəmiyyətin böyük əksəriyyəti gündəlik istifadə etdiyimiz məişət texnikasının ixtiraçılarını belə tanımır, halbuki, məhz onların sayəsində həyatımız asanlaşır.

Müasir cəmiyyətin əsl qəhrəmanları, yaradıcı və elm adamlarına idmançılar qədər qayğı və diqqət göstərilsəydi, pismi olardı? Cəmiyyətimizdə uşaqların arasında idmançı olmaq istəyənlərin sayı ilə elmlə məşğul olmaq istəyənlər arasında nə qədər fərq var, sizcə? Məncə, əsl, gerçək qəhrəmanlara qiymət verməyin, görməyin vaxtıdır.

Elm adamları, Azərbaycanın elmi potensialı peşəkar idmançılardan daha çox pul qazanmalıdır. Bizim əsl qəhrəmanlarımız alimlər və yaradıcı insanlardır, uşaqlarımız bundan sonra təkcə fiziki gücünə arxayın olub bəlli bir sürə idmançı kimi ad-san qazananlara deyil, məhşur alimlərə bənzəməyə, onların yolunu təkrarlamağa həvəs göstərməlidir.

Bu başdan deyim ki, fikirlərimi qəbul etmənizi gözləmirəm, sadəcə, oxumanız yetərlidir. Amma lütfən, oxuduqlarınızı niyə yazdığım barədə də bir azca düşünün.

AzNews.az