03:55
(077) 610-22-33

Mançesterdə “Azərbaycan gecə”si keçirildi

  • >
411 9 Dekabr 2013 13:45 | Cəmiyyət

Böyük Britaniyanın Mançester şəhərindəki universitetlərdə təhsil alan azərbaycanlı tələbələri özündə birləşdirən Mançester Azərbaycan Cəmiyyəti "Azərbaycan gecə"si mədəniyyət tədbirini təşkil edib.

Mançester Universitetinin ən böyük konsert zallarından birində baş tutan gecədə tələbə və müəllim heyətinin əksəriyyət təşkil etdiyi 350-dən artıq qonaq iştirak edib.

Tədbirin birinci hissəsində qonaqlara azərbaycanlı tələbələrin hazırladıqları milli yeməklərimiz təklif olunub və onlar ölkəmizin müxtəlif bölgələrindən görüntüləri əks etdirən fotoşəkilləri seyr edərək Azərbaycan haqqında daha geniş şəkildə məlumatlandırılıblar.

Tədbir sonradan geniş mədəni hissə ilə davam edib. Bir-birinin ardınca azərbaycanlı və əcnəbi tələbələrin ifasında milli rəqs və mahnılarımız qonaqlara təqdim olunub. Malayziya, İspaniya və Çilidən olan tələbələrin müşayiəti ilə ingilis xanım Azərbaycan dilində "Sarı gəlin" mahnısını oxuyub və qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Azərbaycanlı tələbə ilə Trinidad və Tobaqolu xanımın birgə oynadıqları "Naz eləmə" rəqsi isə qonaqların böyük marağına səbəb olub. Əslən cənubi azərbaycanlı olan Britaniyalı xanım "Daşlı qala" mahnısını səsləndirib.

Gecənin ən əyləncəli anı əcnəbi qonaqlar arasındakı Azərbaycan rəqs yarışması olub. Məharətini yoxlamaq istəyən qonaqlar altı cütlüyə bölünüb və onlardan səslənən milli oyun havası altında rəqs etmələri buyurulub. Həddindən artıq maraqlı keçən yarışmanın qalibləri İran və ABŞ vətəndaşlarından ibarət cütlüyün olması müsabiqəyə həm də simvolik rəng də qatıb.

Bu il dördüncü dəfə təşkil olunmuş mədəni tədbir Mançester Azərbaycan Cəmiyyətinin ənənəvi tədbirlərindən biridir. Onu da qeyd edək ki, tədbir tələbələrin şəxsi ianələri hesabına reallaşıb.

AzNews.az
Bağla X