02:32
(077) 610-22-33

Qəzet yayımı ilə bağlı vəziyyət açıqlandı

  • >
477 9 Dekabr 2013 16:58 | Cəmiyyət

Bü gün Azərbaycan Mətbuat Şurasının (MŞ) qəzet yayımı ilə bağlı vəziyyəti araşdıran komissiyasının növbəti iclası keçirilib.

Şuradan verilən məlumata görə, komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, rəhbərlik etdiyi qurum dekabrın 2-də ilk toplantısını keçirmişdi və həmin toplantıda Bakının müxtəlif yerlərində qəzet köşklərinin vəziyyəti ilə əlaqədar yoxlamaların aparılması qərara alınmışdı. Ötən müddətdə komissiya üzvləri bu işi həyata keçiriblər. Paytaxtın Xətai, Nərimanov, Suraxanı, Sabunçu, Qaradağ, Səbail, Yasamal, Nizami və digər rayonlarında, müxtəlif kənd və qəsəbələrdə qəzet köşklərinin dislokasiya vəziyyəti araşdırılıb.

Komissiya üzvləri müəyyənləşdiriblər ki, sözügedən rayonların demək olar hamısında yeni köşklərə ehtiyac var. Elə yerlər də var ki, orada qəzet satışı ya zəifdir, ya da tamamilə yoxdur. "Qasid" firmasının köşklərinin əksəriyyətində isə qəzet satışı ümumiyyətlə həyata keçirilmir.

Paytaxtdakı yeni köşklərdə satış həyata keçirən "Əks-səda" firmasının rəhbəri Vüqar Həsənlinin də qatıldığı iclasda, eyni, zamanda sözügedən qurumun yayım şəbəkəsini genişləndirməklə bağlı təkliflərinə nəzər salınıb. V.Həsənli təmsil olunduğu firmanın yaxın günlərdə paytaxta daha 60 qəzet köşkünü gətirəcəyi barədə məlumat verib və bildirib ki, onların yerləşdirilməsi prosesində MŞ-nin komissiyasının rəyi nəzərə alınacaq.

İclasda şəhərin bir çox ərazisində qəzetlərin satışı ilə bağlı yaranmış problemin tədricən qaydasına düşdüyü qeyd edilsə də, ümumən vəziyyətin düzəlməsində Bakı Metropoliteninin stansiyalarında satış işinin bərpasının vacib məqam olduğu vurğulanıb və komissiyanın mövcud istiqamətdə fəaliyyət göstərməsinin mühüm əhəmiyyət daşıdığı önə çəkilib.
Toplantıda o da diqqətə çatdırılıb ki, bir çox qəzet köşklərinin stendlərində daha çox adı MŞ-nin peşə prinsiplərinə etinasız yanaşan kütləvi informasiya vasitələri üçün tərtib etdiyi "qara siyahı"da yer alan nəşrlərə rast gəlinir. Buna görə və ümumən satış işində səmərəliliyi artırmaq məqsədilə qəzet satıcıları ilə müvafiq işin aparılmasının zəruriliyi də əsaslandırılıb, komissiyanın məsələni diqqətdə saxlaması məqbul qiymətləndirilib.

İclasda tikinti və yenidənqurma işləri ilə əlaqədar olaraq köşklərin yerlərinin dəyişdirilməsi kimi məsələlərə də diqqət göstərilməsinin vacibliyindən söz açılıb.

Qeyd edək ki, MŞ-nin qəzet yayımı məsələləri ilə bağlı yaratdığı komissiyanın tərkibinə komissiya sədri V.Rəhimzadə ilə yanaşı, MŞ sədrinin müavinləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvləri - "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev daxildir.

Komissiya bu günlərdə qəzet satışı ilə bağlı vəziyyətə dair yekun hesabatını MŞ-nin İdarə Heyətinə təqdim edəcək. İdarə Heyətinin müzakirəsindən sonra təkliflər qruplaşdırılaraq ölkə rəhbərliyinə təqdim olunacaq.

AzNews.az
Bağla X