Əlillərlə bağlı məsələ araşdırılacaq

Son vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ilkin əlillik qrupları təyin olunmuş onkoloji, dializ xəstələrinə, I qrup əlilliyi olanlara, penitensiar müəssisələrdə cəza çəkənlərə, ümumilikdə 2300 nəfərə yaxın şəxsə əlillik arayışlarının verilməsi qısa müddətdə təmin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, növbəti tədbir kimi, nazirlik II və III qrup əlillik təyin olunmuş, lakin əlillik təyin edilməsi barədə müvafiq arayışları uzun müddət gecikdirilmiş şəxslərə həmin arayışların operativ şəkildə verilməsi üçün konkret işlərə başlayıb.

Bu məqsədlə nazirin müvafiq əmri ilə yaradılmış 8 işçi qrupu tərəfindən ümumilikdə ölkə üzrə 17 min nəfərdən artıq vətəndaşın ilkin əlillik müayinələri ilə bağlı aparılmış işlər yerindəcə araşdırılacaq və həmin şəxslər əyani müayinədən keçiriləcək, əlilliyi əsaslı hesab edilən şəxslər müayinə aktından çıxarışlarla təmin ediləcəklər.

Qeyd edilən tədbir ilkin əlillik qrupları təyin olunmuş şəxslərə müvafiq arayışların verilməsinin uzun müddət gecikdirilməsi ilə bağlı vətəndaşlarda yaranmış narazılığın aradan qaldırılmasına və əlillik təyinatlarının aparılmasında şəffaflığın təmin olunmasına xidmət edir.

AzNews.az