08:41
(077) 610-22-33

Xarab maşınların arxasındakı böyük korrupsiya - Araşdırma

  • >
4 153 12 Dekabr 2013 14:10 | Cəmiyyət

Azərbaycanda Dövlət yol polisi köhnə və nasaz avtomobillərə qarşı yeni cəbhə açıb. Belə ki, bundan sonra avtomobilləri, xüsusən də sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrini bilərəkdən nasaz vəziyyətdə istismara buraxan fiziki və hüquqi şəxslər də sürücülərlə yanaşı cəzalandırılacaq. Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin açıqlamaları diqqət çəkir.


Texniki cəhətdən nasaz maşın – onların yolda nə işi var?

Bu məsələdə mətbuat da onlara dəstək verir. Təbii ki, texniki cəhətdən problem olan avtomobil qəza vəziyyəti yaradır, tıxaca səbəb olur. Üstəlik, həmin avtomobillər, xüsusən, tıxac zamanı ətraf mühitə daha çox zərərli qazlar buraxır. Bir sözlə, texniki cəhətdən saz olmayan avtomobillər yol polisi üçün də, sürücülər üçün də, yol üçün də, elə piyadalar üçün də problemdir. Lakin diqqət çəkən məqam belələrinin olması deyil, niyə olmasıdır. Axı, bu ölkədə qüvvədə olan, "texniki baxış" adlanan bir prosedur həyata keçirilir...


Texniki baxış

Məlum olduğu kimi, texniki baxışla bağlı bu ilin aprelindən yeni qaydalar qüvvəyə minib. Həmin qaydalara əsasən, minik avtomobilləri istehsal olunduqları vaxtdan keçən 4 il ərzində dövlət texniki baxışından azaddırlar. 4 ildən sonra isə onlar iki ildə bir dəfə, istehsal tarixindən 10 il keçdikdən sonra isə hər il dövlət texniki baxışından keçməlidirlər. Əgər, məsələn, avtomobil istehsal tarixindən 9 il 8 ay sonra texniki baxışdan keçirsə, o, 10 il tamam olmadığına görə növbəti dəfə iki ildən sonra, daha sonrakı illərdə isə hər il texniki baxışdan keçməlidir.

İlk baxışdan, qüvvədə olan bu qaydalar belə deməyə əsas verir ki, ölkədə texniki cəhətdən nasaz olan avtomobilləri çıraqla axtarsan da, tapa bilməzsən. Amma... nəinki rast gəlinmir, hətta o qədər çoxdur ki, yol polisi belə avtomobillərlə mübarizə aparmaq zərurəti hiss edir...

... və yola "vəsiqə qazanmayanlar"


Qeyd edək ki, ölkəmizdə texniki baxış prosesi adətən payız mövsümündə həyata keçirilir . Məsələn, bu il oktyabrın 31-də ölkədə istismarda olan bütün avtomobillər texniki nəzarətdən keçirilərək yola "vəsiqə qazanıb".

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin AzNews.az-a verdiyi məlumata görə, bu il texniki baxışdan keçən avtomobillərin 10-15 faizi nasaz olduğu üçün geri qaytarılıb. Onlar sıradan çıxmış hissələrin bərpasından sonra yenidən texniki baxış üçün müraciət etməlidir. Texniki qüsurlu maşını aşkar eləməyin başqa yolu da var və elə bu sahədə də yol polisi fəaldır. Məsələn, tez-tez şəhərimizdə "təmiz hava aylığı" keçirilir. Şəhərin küçələrində və magistral yollarda keçirilən reydlər zamanı atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduqda avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülür. Bu tədbirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələri ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət yol patrul bölükləri həyata keçirir. Paytaxt yaxınlığında bu missiya ilə fəaliyyət göstərən post da var. Bakı-Sumqayıt şosesindəki post Bakının şimal girişinin əhəmiyyəti nəzərə alınaraq qoyulub.

Belə ki, buradan şəhərə gün ərzində 60 mindən artıq maşın daxil olur. Ekoloji postun fəaliyyəti Yol Patrul Xidməti haqqında təlimata uyğun nizamlanır və yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirir. YPX-nin yoldakı bütün səlahiyyətləri ekologiya postunun da səlahiyyətinə aiddir. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət yol-patrul xidməti əməkdaşları tərəfindən stasionar və digər post və marşrutlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya texniki nəzarətetmə vasitələrinin tətbiqi ilə həyata keçirilir. Deməli, YPX istənilən vaxt və istənilən yerdə nasaz avtomobili müəyyən edib cəzalandırır.


Effekti olmayan nədir: qaydalar, yoxsa mexanizm?

Lakin görünən odur ki, texniki cəhətdən nasaz maşınlar həm texniki baxışdan, həm ekologiya postundan, həm də əlində və avtomobilində xüsusi cihazı olan polisdən yayına bilir... Ya da bu sahəyə baxan məmurlar tərəfindən yayındırılır.
Bəlkə qeyd olunan problemlə bağlı başqa yollar aranmalı? Məsələn, Gürcüstan və Rusiya kimi, Azərbaycanın da texniki baxış prosedurunun tətbiqindən birdəfəlik imtina etməsinin vaxtıdır?

Dövlət Yol Polisində təbii olaraq, bu proseduru zəruri hesab edirlər. Bunu da sürücülərin 20 manatdan başlayan dövlət rüsumu müqabilində avtomobillərini müasir avadanlıqlar vasitəsilə texniki baxışdan keçirməkdə maraqlı olduqları, bu zaman vətəndaşın ziyanına işləyən amillərin olmadığı ilə əsaslandırır. Texniki baxışı qaçırılmış avtomobillərin aşkara çıxarılmasında da zəruri prosedur sayırlar. Bu qədər zəruri prosedurdan sonra da küçə və prospektlərdəki problemli maşınların olmasını isə K.Əliyev belə əsaslandırır: "Biz sürücülərin əllərini bağlayıb maşının açarını almırıq ki. İnsandı, təmir etdirmək üçün göndəririk. O isə, insandı, maşını sürməyə davam edir". Sözün həqiqi mənasında desək, yol polisi, doğrudan da, sürücülərin əlini-qolunu bağlamır. Amma yolda elə vəziyyət yaradır ki, həmin şərait elə əl-qolun bağlanması ilə müqayisə oluna bilər. Belə ki, texniki baxışdan keçə bilməyən və avtomobili nasaz şəkildə idarə etməyə davam edən sürücülər bu dəfə "Ekologiya postu"nda saxlanılır.


Dəyişməyən nəticə

Ancaq yenə də öz texniki cəhətdən problemli avtomobili ilə küçədə qalan, tıxac yaradan, qəza vəziyyətinə səbəb olan sürücülər var. Niyə? Səbəb aydındır: yol polisinin qurşandığı rüşvət və korrupsiya. Sürücülər mütəmadi olaraq sınıq-salxaq maşını ilə yol polisinə yaxalanır. Ancaq hər dəfə oradan elə həmin maşınla da uzaqlaşır. Əslində, sürücü yolda polisə təmirə xərclənəcək puldan bəlkə də qat-qat artığını xərcləyir. Hər dəfə polis onun avtomobilini saxlayanda, min dil tökür, yalvarır və axırda da pulunu verib gedir. Odur ki, nəticə dəyişmir.

İstər yolda hər hansı polislə qarşılaşma, istərsə də, texniki baxışda vəziyyət eynidir. Sürücü texniki baxışa görə 20 manatdan başlayan dövlət rüsumu və yol vergisindən savayı avtomobilin texniki baxışdan uğursuz çıxan hissəsinə görə də pul verib "sağlam diaqnoz"u əldə edir. Ancaq elə texniki baxış meydançasından azacıq aralanan kimi, mühərriki sönür. Halbuki, avtomobilin saz olmasında hamıdan çox sürücülər özləri maraqlı olmalıdır. Lakin bir sıra səbəblərdən – imkansızlıq, vaxt azlığı, iş çoxluğu, biganəlik və s – bu məsələ onların diqqətindən yayınarsa, yol polisinin diqqətindən yayınmır.

Buna baxmayaraq, yol polisi nasaz avtomobillərdən və onlara qarşı mübarizənin sərtləşdiriləcəyindən danışırsa, bu, ayrı mətləblərdən xəbər verir. Bu məsələdə ilin sonunda bir çox sahələrdə bahalaşma proqnozlarının rol oynayıb-oynmamsını deyə bilmərik, amma hər halda problemə təkcə "texniki" baxışla yox, həm də məntiqi baxışla göz gəzdirmək gərəkir. Qanun var, reydlər var, hələ üstəlik ayrıca post da qurulub. Bəs niyə yollar xarab maşınlarla doludur? Görəsən, nə vaxtsa, kimsə soruşacaqmı ki, "cındırından cin hürkən" avtomobillərə "texsmotru" kim və nəyin müqabilində verib? Nə qədər ki bu sual verilmir, yollarımız xarab maşınlarla hələ çox bəzənəcək.

Ruhiyyə
AzNews.az
Bağla X