Əfsanəvi idmançı Bakıya gəldi

MMA-nın (qarışıq döyüş növləri) canlı əfsanəsi, dördqat dünya çempionu Fyodr Yemelyanenko Bakıya gəlib. Lent.az-ın məlumatına görə, hava limanında onu Azərbaycan MMA Liqası, Naxçıvan Fight klubunun rəhbərliyi eləcə də jurnalistlər qarşılayıb.

Tanınmış idmançı mediaya ilk açıqlamasında bunları deyib: "Bakıya gəldiyim üçün çox şadam. Azərbaycanda olduğum müddətdə bir sıra vacib görüşlər keçirəcəyəm. Azərbaycan MMA Liqasının işini bəyənirəm və fikrimcə, bu idman növü ölkədə daha çox tanınacaq. Gələcəkdə Bakıda MMA üzrə başqa mötəbər yarışların keçirilməsi mümkündür".

Yemelyanenko dekabrın 14-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək Dünya Kuboku barədə də danışıb. O bildirib ki, nüfuzlu yarışda Azərbaycan yığmasının şansları az deyil: "Dünya Kubokunda medallar uğrunda mübarizə aparan komandalar arasında Azərbaycan millisi də var. Ümid edirəm ki, idmançılarınız azarkeşləri məyus etməyəcəklər".

Qeyd edək ki, Fyodr Yemelyanenko və Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov, qurumun rəhbəri Kənan Məmmədov hava limanından birbaşa Fəxri Xiyabana yollanaraq, Heydər Əliyevin məzarını ziyarət edib.


AzNews.az