Hərbi hissələrdəki bədbəxt hadisələrin günahkarı kimdir? Hərbi hissələrdəki bədbəxt hadisələrin günahkarı kimdir?

Cəsur Sümərinli: “Azərbaycan əsgəri dərdini deməyə adam tapmır”

Hərbi hissələrdəki bədbəxt hadisələrin günahkarı kimdir?


Son vaxtlar Kütləvi İnformasiya Vasitələrində tez-tez "Azərbaycan ordusu daha bir əsgərini itirdi" başlıqlı xəbərlər görür, eşidirik, narahat oluruq və səbəblərini düşünürük: görəsən, əsgərimiz özünü niyə öldürdü, necə öldürdü, kim tərəfindən öldürüldü və s.? Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev ölüm səbəblərindən asılı olmayaraq, hər bir fakt üzrə cinayət işi açıldığını desə də, nəticə yoxdur: intiharların sayı getdikcə artır;

Hərbi prokuror orduda "dedovşina" faktlarının olmasını qeyd etsə də, bu halların aradan qaldırılması üçün ciddi tədbirlərin görülmədiyi ortadadır: "dedovşina" səbəbilə özünə qəsd edənlər barədə xəbərlər səngimir;

Xanlar Vəliyev bu neqativ halların gərgin psixoloji vəziyyətlə əlaqədar oluduğunu, bəzən isə heç nədən, bir kəlmə söz üstündə ölüm hadisəsinin baş verdiyini deyir, amma müsbət dəyişiklik yoxdur, psixoloji durumu yüksəldən, "heç nədən, bir kəlmə söz üstündə" qətlin yolverilməz olduğunu aşılayan təbliğat maşınlarının işə düşdüyü görünmür: "depresiyaya düşüb, intihar etdi, "mübahisə zəmnində əsgər yoldaşını güllələdi" kimi biabırçı, üzücü məlumatlar azalmır. Yəni problemi demək, hələ məsələnin həlli deyil. Baş Prakurorluğun çaldığı həyacan təbilinə aidiyyatı qrumların biganəliyi anlaşılmır. Əslində, ordumuzla bağlı istənilən neqativ halı tirajlamaq heç kimin ürəyincə deyil, mətbu orqanlar bu məsələyə həmişə həssaslıqla yanaşıb. Ancaq atəşkəs dövründə ordudan bir-birinin ardınca gələn bəd xəbərlər ictimai qınağın lazımlılığı fikrini ortaya qoyur.


Təhsil hər yerdə "sözünü" deyir


Milli ordumuzun vəziyyətindən bu və ya digər mənada nə qədər danışılsa da, ən doğrusunu bilənlər həmin orduda xidmət edən əsgərlərdir. N saylı hərbi hissədə 1 illik xidmətini başa vurmuş Namiq Hüseynov (ad şərtidir) deyir ki, təhsilli əsgərlərin çox olduğu hərbi hissələrdə neqativ hallara az-az rast gəlinir: "Hərbi hissəmizdəki şəxsi heyyətin 1/3 ali təhsilli, bir qismi isə vəzifəli şəxslərin yaxın qohumları idi. Savadlı əsgər nə qədər çoxdursa, onu qeyri-qanuni şəkildə istismar etmək zabit üçün bir o qədər çətindir. Hələ imkanlı şəxsin qohumu ilə baş-başa gəlmək isə çox təhlükəlidir. Hərbi hissənin heyətinin daim "naryad"da olması da "dedovşina", sui-istifadə hallarını yox edən əsas amillərdən biridir. Orduda baş verən intiharların, kütləvi qətllərin kökü hərbi xidmət zamanı əsgərin psixoloji cəhətdən məhvolma səviyyəsinə gəlib çatmasındadır. Xidməti kazarmada səliqəni saxlamaq və digər xidmətləri görmək ehtiyacı yarananda təzə əsgərlər əsl nökərə çevrilir. Məsələyə çoxsaylı bezdirici işlər və təhqirlər əlavə olununca, əsgər psixi partlayış nöqtəsinə çatır. Üstlərində daim döyüş patronu olan silah gəzdirdiklərindən qisas almaq üçün daim şans vardır. Bəziləri isə bu şansı qaçırmır".


"Ordumuzdakı cinayətlərin araşdırılmasında ciddi problemlər var"


"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli bildirir ki, aparılan araşdırmalara görə, cari ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 60 itki olub, 59 nəfər isə yaralanıb: "60 əsgərdən 12-si düşmən gülləsindən dünyasını dəyişib. 12 nəfər intihar edib, 15 nəfərə yaxın əsgərin ölümünə isə müxtəlif xəstəliklər səbəb olub. Bu hadisələrin səbəbiylə bağlı ictimaiyyətə məlumat verilmir. Hər dəfə deyilir ki, araşdırmalar aparılır, amma sonradan hər hansı bir səviyyədə açıqlama olmur". Hərbi ekspertin sözlərinə görə, bu da onu göstərir ki, ümumilikdə orduda baş verən cinayət hallarının araşdırılması istiqamətində ciddi problemlər var: "Burada qeyri-şəffaflıq və sui-istifadə halları var. O da məlumdur ki, bəzən günahı olan zabitlər istintaqdan kənarda qalır və ya onların cəzası yüngülləşdirilir".


"9 ildə 100-ə yaxın Azərbaycan əsgəri intihar edib"


İntiharların sayının çoxalmasına gəlincə, Cəsur Sümərinli bunları söylədi: "Bizim araşdırmalarımız göstərir ki, 1 ildə 15-20 Azərbaycan əsgəri intihar edir. Elə faktlar var ki, mətbuatda açıqlanmır, bu say daha çox ola bilər. İldən-ilə də intiharların sayı artmaqdadır. 9 ildə artıq 100-ə yaxın Azərbaycan əsgəri intihar edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin psixoloji vəziyyəti qənaətbəxş deyil və bununla ciddi məşğul olmağa ehtiyac var. Bu mənada Müdafiə Nazirliyinin tərbiyəvi işlər üzrə fəaliyyətini gücləndirmısi vacibdir. Bu gün Azərbaycan əsgəri dərdini deməyə adam tapmır. Bəzən əsgərlərə qarşı təhqiramiz hərəkətlər, "dedovşina" halları, zorakılıqlar olur. Əsgər də bütün bu halların sonunda intihar etməyə məcbur olur. Onun problemi ilə maraqlanan bir struktur olsaydı, əsgər intihara əl atmazdı".


Əsəblər tarıma çəkilib


Məsələyə münasibət bildirən sosial psixoloq Naib Niftəliyev bildirir ki, təmas xəttində tərəflər arasında aşkar düşmənçilik hökm sürdüyündən ortada bir gərginlik var, hər iki tərəfdə əsəblər həddən artıq tarıma çəkilib: "Hərbi münaqişə vəziyyəti, təmas xəttində yaşanan gərginlik hərbçilər arasında narahatlığı, kəskin davranışı, daxili və xarici aqressiyanı istər-istəməz artırır. Bəzən elə olur ki, hər hansı mübahisə nəticəsində bir əsgər digərinin üzərinə silah çəkir, əvvəl əsgər yoldaşını, sonra özünü öldürür. Ümumiyyətlə, orduda baş verən hər hansı hadisə, xüsusən ordunun strukturu ilə bağlı fikir, münasibət bildirərkən kifayət qədər ölçülüb-biçilmiş, dəqiq, əsaslandırılmış, düşmən tərəf üçün əks-arqumentə çevrilməsi mümkün olmayan fikir söyləmək gərəkdir. Bəzi həssas məqamları isə mümkün qədər qapalı çərçivədə həll etmək vacibdir".

Psixoloqun fikrincə, Azərbaycan ordusuna hərbi psixoloqlar və hərbi təyinatlı sosial mütəxəssislər lazımdır: "Ümumiyyətlə, Azərbaycan ordusunda hərbiçilərin, əsgərlərin mənəvi-psixoloji hazırlığı nə qədər yüksək olsa, neqativ hallar da bir o qədər az olar. Bu, hərbiçilər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, eləcə də təcridolunma, intihar meylinin aradan qaldırılmasına çox müsbət təsir göstərə bilər. Məsələn, İkinci Dünya Müharibəsi dövründə aparılan psixoloji tədqiqatlar nəticəsində müəyyən edilib ki, fərdi səngərdə, silahdaşlarından təcrid olunmuş halda döyüşən əsgərlər özlərini köməksiz narahat hiss edirlər. Səngərin ümumiliyi, birgə müdafiə isə özünəinamı artırır və hərbçilərin ruh yüksəkliyinə, döyüş qabiliyyətinin artmasına səbəb olur".


Sevinc Fədai

AzNews.az