16:07
(077) 610-22-33

Uşaqların “ölüm yelləncəkləri”... - Fotolar

  • >
2 430 13 Avqust 2012 07:29 | Cəmiyyət

Nərimanov parkındakı təhlükəli vəziyyət AzNews.az-da


Yay mövsümü gəldimi, balacaları evdə saxlamaq mümkün olmur. Axı parklar, maraqlı atraksionlar, karusellər onları gözləyir...Valideynlər də övladlarının ürəyini xoş etmək üçün onların hər istəyini yerinə yetirməyə çalışır. Ancaq parklardakı karusellərin təhlükəsizliyinə əminliyin olmaması, onların istifadə müddətinin bitməsi, bəzən bədbəxt hadisələrə gətirib çıxarır.

Fikrini öyrəndiyimiz valideynlərin sözlərindən belə məlum olur ki, parklardakı əyləncə avadanlıqlarının vəziyyəti onları narahat etsə də, məcbur qalıb uşaqları bura gətirməli olurlar: "Ən çox Nərimanov rayon parkına gedirik. Elə bilirdim ki, oradakı karusellər salamatdır, uşağı da ora aparmağa qorxmurdum. Amma yalandan rəngləməklə deyil ki...Ən çox da yüksəyə qalxan karusellər çox təhlükəlidir. Karusellərdə olan nasazlığı düzəltmirlər, necə gəldi işlədirlər. Təki pul qazansınlar..."

Əslində biz də Nərimanov rayon parkındakı karuselləri təhlükəsiz bilirdik. Ancaq parkda olarkən burada da vəziyyətin doğurdan da qənaətbəxş olmadığını müşahidə etdik. Fotolardan karusellərdəki çatızmazlıqlar elə açıq-aydın görünməsə də, uşaqları arxayınlıqla onlara mindirmək heç də məsləhət deyil.

Yəqin, avadanlıqların sahibləri də məhz elə bu səbəbdən həmin ərazidə şəkillər çəkməyimizdən bərk narahat olmuşdular: "Niyə çəkirsiz karusellərin şəklini? Aparıb şəkilləri göstərib bizi ayağa verəcəksiz? Olmaz, çəkməyin. İcazə yoxdur".

Ancaq sonradan məlum oldu ki, onları narahat edən təkcə karusellərin vəziyyəti deyil, həm də karusellərə qoyulan qiymətlərin mətbuatda açıqlanması təhlükəsidir. Əslində, narahat olmalı məqamdır. Sən demə, bunlar adi bir yelləncəkdə (adətən belə yelləncəklər hər yerdə havayı olur), 3-5 dəqiqə yellənmək üçün 1 manat alırmışlar. Parkda gəzinti zamanı diqqətimizi bir məqam da çəkdi. Yüksəyə qalxan karusellərin birində uşaq "saxlayın, saxlayın" var gücü ilə qışqırırdı. Necə deyərlər, az qalsın bağrı çatlaya. Ancaq buna məhəl qoyan da yox idi: uşaq qışqırdıqca nəzarətçilərin gülüş səsləri də artırdı.


Parkdakı vəziyyətlə tanış olandan sonra Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb, məsələylə bağlı onların fikirlərini almaq istədik, amma təəssüf ki, zənglərimizə cavab verilmədi.

Xatırladaq ki, şəhər mərkəzindən kənardakı parklarda vəziyyət daha acınacaqlıdır.


Növbəti parklardan hazırlayacağımız reportajları izləyin.


Sevinc Fədai

AzNews.az

Bağla X