Prezident: “Bakı parklar, bağlar şəhərinə çevrilib”

"Bakı nadir bir şəhərdir. Təkcə gözəlliyinə görə yox, ona görə ki, Bakıda bir neçə mərkəz var"


Bunu prezident İlham Əliyev Bakının Nərimanov rayonunda ucaldılan "Kitabi-Dədə Qorqud" abidəsinin və yeni salınan Dədə Qorqud parkının açılışında deyib.

"İçərişəhər Bakının mərkəzidir. Azadlıq Meydanı, Bulvar şəhərin mərkəzidir. Yeni Bulvar, tikilməkdə olan Ağ Şəhər Bulvarı, Heydər Əliyev Mərkəzi artıq şəhərin mərkəzinə çevrilib. Heydər Əliyev Sarayının önündə və arxa hissəsində salınmış yeni parklar, - onların uzunluğu bir kilometrdən çoxdur, - mərkəzə çevrilib. Yəni, bu, şəhərimizin xüsusiyyətidir. Əlbəttə, bu parkın açılması həm insanların istirahəti üçün yeni imkanlar yaradacaq, eyni zamanda, şəhərin bu hissəsinin abadlaşdırılmasına xidmət göstərəcək. Biz gözəl şəhərimizin daha da gözəlləşdirilməsi işində bundan sonra daha böyük işlər görəcəyik", - dövlət başçısı əlavə edib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan bu gün dünya miqyasında siyasi və iqtisadi mərkəzlərin birinə çevrilib: "Yüksək səviyyəli çoxsaylı tədbirlərin, zirvə görüşlərinin, iqtisadi forumların, dünyanın bir nömrəli iqtisadi forumu olan Davos Forumunun Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizin siyasi və iqtisadi mərkəz kimi təqdim edilməsinə xidmət göstərir. Eyni zamanda, Azərbaycan bu gün dünyanın humanitar mərkəzlərinin birinə çevrilib. Ölkəmizdə keçirilən humanitar forumlar, Mədəniyyətlərarası Dialoq Forumunun iki toplantısı, digər tədbirlər Azərbaycanı artıq dünya miqyasında bir humanitar mərkəz kimi təqdim edib. Bizim bu sahədəki rolumuz getdikcə artacaq. Çünki müasir, qloballaşan, ziddiyyətlə, toqquşmalarla dolu olan dünyada humanitar əməkdaşlığın əhəmiyyəti daha da artmalıdır.

Azərbaycan bu sahədə nəinki bu tədbirlərə ev sahibliyi edir, eyni zamanda, öz təcrübəsini bölüşür, öz reallıqlarını ortaya qoyur və sübut edir ki, humanitar sahədə əməkdaşlıq təkcə humanitar sahə ilə məhdudlaşmır. Humanitar sahədə əməkdaşlıq dünyada gedən siyasi proseslərə müsbət təsir edir və etməlidir.

Azərbaycanın siyasi konsepsiyası bu təməl üzərində qurulub - əməkdaşlıqdan maraqların təmin edilməsinə, qarşılıqlı yardımdan daha da dərin əməkdaşlığa. Bizim bu sahədə siyasətimiz yenə də demək istəyirəm ki, təkcə humanitar məsələlərlə məhdudlaşmır".

"Bakı şəhəri artıq parklar, bağlar şəhərinə çevrilib. Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib və bizim bu sahədəki fəaliyyətimiz getdikcə genişlənəcək. Bakıda yeni istirahət zonalarının yaradılması ilə bağlı planlarımız var. Onların bir hissəsi icra edilir, bir hissəsi icra edilib", - İlham Əliyev əlavə edib.

AzNews.az