03:18
(077) 610-22-33

“Möhtəşəm yüzil”dən şikayətçi olan azərbaycanlı AzNews.az-a danışdı - Müsahibə

  • >
2 087 15 Dekabr 2013 12:24 | Cəmiyyət

Türkiyədə yayımlanan "Möhtəşəm yüzil" serialında Səfəvi dövləti bir daha təhqir edilib.

Serialın 115-ci bölümündə Səfəvi dövləti dəfələrlə fars dövləti kimi təqdim olunub. Bununla əlaqədar Türkiyədə yaşayan güneyləı soydaşımız, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Ankara təmsilçisi Məhbub Əmrahi prokurorluğa müraciət edib.

O, öz müraciətində "Səfəvilər türk dövlətidir. Bu dövləti fars dövləti kimi təqdim etmək inkar və təhqirdir" deyə vurğulayıb. Müraciətlə əlaqədar araşdırma aparılır. Bununla bağlı AzNews.az-a müsahibəsində Məhbub Əmrahi müraciətinə belə aydınlıq gətirib:

- Serialın 11 dekabrda yayımlanan bölümündə Səfəvi dövləti aşıq-aydın Fars dövləti kimi təqdim edidi. Mən bir türk və azərbaycanlı olaraq bundan şikayəçiyəm. Artıq prokurorluq şikayət ərizəsinə cavab verib, ərizəyə nömrə verilib. Serialı çəkən şirkət İstanbulda yerləşir. Buna görə də ola bilsin ki, soruşdurma İstanbulda aparılsın.

-Məhbub bəy, əvvəllər də bu serialda Səvəfi dövləti ilə bağlı təhqirlərə yol verilib. Niyə məhz indi şikayət etmək qərarına gəldiniz?

- Haqlısız. O zamanlar da buna çox əsəbləşmişdim. Ancaq Səfəvilərin kimliyini inkar etmək və onların fars olduğunu demək bardağı daşıran son damla oldu. Biz Güneydə kimlik savaşı aparırıq. Türkiyə mediası bizi inkar edə bilməz.

- Amma Güney Azərbaycanın varlığından Türkiyədə ümumiyyətlə xəbərdar olmayanlar var.

-Əslində Türkiyədəki tarixçilər bunu çox yaxşı bilir. Xüsusən də əgər "Möhtəşəm yüzil" kimi tarixi bir serial çəkirlərsə, o zaman bu ssenarini yazanlar bunu yaxşı bilməlidir. Onlar Səfəvilərin kökünü çox yaxşı bilirlər. Əlbəttə söhbət adi insanlardan yox, tarixçilərdən gedir. Üstəlik bizim xalqımız həm Quzeydə, həm də Güneydə bu serialı izləyir. Buna görə də daha diqqətli olmaq, tarixi inkar etmək olmaz.

- Bəs o zaman bu münasibət hardan qaynaqlanır?

-Bizim xalqımız türk olduğunu bilir. Buna görə də Səfəvilərin fars adlandırması mənim kimi hər bir Azərbaycan türkünü narahat edir. Mənə elə gəlir ki, bu ideologi bir çatışmanın sonucudur. Türkiyədə məzhəbçi qruplar elə Osmanlı dövlətindən bu günədək Səfəvilərin türklüyünü inkar edib. Şah İsmayılın türkcə yazdığı məktublara Osmanlı sultanı fars dilində cavab verib onu təhqir etməyə çalışırdı. Bundan başqa Türkiyədəki 15 milyona yaxın ələvinin də tarixi inkar edilir. Səfəvilər isə sadəcə biz azərbaycanlıların yox, Türkiyədəki 15 milyon ələvinin də tarixi və kimliyidir.

- Bu ideoloji bir savaş kimi qəbul edilə bilər. Amma serial çəkib bundan pul qazanmağı qarşılarına məqsəd qoyanlar niyə bu savaşa qatılır?

- Məncə Türkiyədəki tarix anlayışı bu ideoloji savaşın əsarəti altında qalıb. Ona görə də dövlət tərəfindən Səfəvi tarixi mənimsənilib. Bu səbəbə görə də film yapımçıları da bunun təsiri altında qalıblar. Digər tərəfdən İranla Türkiyə arasında anlaşmazlıqlar var. Buna görə də Türkiyə mediası İranı aşağılamaq istəyir. Ancaq unudurlar ki, səhv tərəfdən hücuma keçiblər. Çünki Səfəvilər də türkdür və bugünki fars kimlikli İran dövləti ilə heç bir əlaqəsi yoxdur.

-Şikayətinizin sonucu kimi nə gözləyirsiz? Siz bir diş həkimisiz, olmazdımı ki, bu məsələdə tarixcilər öndə olsun?

- Mənim əsas hədəfim bu məsələnin gündəmə gəlməsi və mətbuata çıxarılmasıdır. İlk əvvəldən də ciddiyə alınacağımı gözləyirdim. Yanılmadım. Min tarixçi deyiləm, ancaq tarixçiləri bu məsələyə çəkə bilmək üçün belə bir soruşturma lazım idi.

-Sizcə tarixçilər, Səfəvi tarixi araşdırmaçıları niyə susur?

- Məncə Azərbaycanda kimlik və türklüyə yetərincə önəm verilmir. Bu tarixi və mədəni çalışmalar yetərincə aparılmır. Mənim Azərbaycan dövləti və qurumlarından iki istəyim var. Birincisi bu məsələyə yüksək səviyyədə etiraz bildirilməlidir. Rəsmi olaraq bir münasibət ortaya qoyulmalıdır.

İkincisi isə Türkiyədə yetki sahibi olan qurumlara və dövlətə rəsmən Azərbaycan dövləti tərəfindən müraciət edilməlidir. Bizim "azəri" yox, türk olduğumuz deyilməlidir. Türkiyədə bizə sanki başqa millətmişik kimi "azəri" deyirlər. "Azəri" kəlməsi fars rejiminin Pəhləvi dönəmində bizi assimilyasiyaya tabe etmək üçün uydurulan qondarma bir addır.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X