22:55
(077) 610-22-33

Eldar Mahmudovdan çağırış: “Daha çevik olmalıyıq“

  • >
377 16 Dekabr 2013 15:52 | Cəmiyyət

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasının yaradılmasının 15 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.


MTN-in İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, milli təhlükəsizlik naziri Eldar Mahmudov başda olmaqla nazirliyin rəhbər işçiləri və Akademiyanın şəxsi heyəti Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib, xatirələrinin ehtiramla anıblar.

MTN-in Heydər Əliyev adına Akademiyasında davam edən təntənəli mərasimdə əvvəlcə Azərbaycan xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov Akademiyanın müəllim-professor heyətini bu ali təhsil ocağının yaradılmasının 15 illik yubileyi münasibətilə təbrik edib.

Sonra kursantlar təntənəli marşla tribunanın önündən addımlayıblar. Tədbirin sonunda "Şöhrət" Muzeyində mükafatlandırma mərasimi keçirilib, xidmətdə fərqlənən əməkdaşlara medallar, fəxri fərmanlar və təhsildə nailiyyətlər əldə etmiş kursantlara qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Daha sonra yubiley mərasimi MTN-in Mədəniyyət Mərkəzində davam edib. Akademiyanın yaradılmasının 15 illik yubileyi münasibətilə tədbir iştirakçılarına bir daha təbriklərini çatdıran milli təhlükəsizlik naziri Eldar Mahmudov, müstəqil Azərbaycanın təhlükəsizliyini təmin edəcək peşəkar zabitlərin hazırlanmasında xüsusi əhəmiyyətə malik olan ali təhsil müəssisəsinin yaradılmasının zamanın tələbi olduğunu bildirib.

Əsas məqsədin müstəqil dövlətin mühüm təsisatlarından olan təhlükəsizlik orqanlarının milli kadrlarının daxili imkanlar hesabına hazırlanması olduğu vurğulanıb. Akademiyanın yaradılmasından keçən müddət ərzində xeyli işlər görülüb, dəyişiklər həm miqyas, həm də keyfiyyət baxımından qürur doğurur. Hazırda maddi-texniki baza və tədrisin təşkili ən müasir tələblərə cavab verir.

Nazir Eldar Mahmudov bütün bunların Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqəti və gündə­lik qayğısı sayəsində mümkün olduğunu qeyd edib.

Son illər MTN-də bütün istiqamətlər üzrə fəaliyyətin uğurlu olduğunu vurğulayan nazir Eldar Mahmudov, kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliy­yət­lə­ri­nə, narkotik vasi­tə­lərin qanunsuz dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya, insan alverinə və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə yüksək nəticələr əldə edildiyini bildirib. Şəxsi heyətin ölkədə dövlətçiliyin və təhlükəsizliyin möhkəmlən­dirilməsi sahəsində ardıcıl fəa­­liy­yətləri bugünkü dinamik inkişafda mühüm rol oynayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öl­kə rəh­bər­liyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması həmişəki kimi bütün fəaliyyət istiqamətlərimiz üzrə prioritet təşkil edir: "Biz gələcəkdə təcavüzkar Ermə­nistana qarşı fəaliyyətin daha yüksək səviyyədə təşkili və gücləndirilməsinə nail olmalıyıq.

Andiçmə mərasimində Azərbaycan Res­publika­sının Pre­zi­denti İlham Əliyevin səsləndirdiyi bir fikir isə nəinki dövlət orqanları, bütün xalq üçün bu istiqamətdəki fəaliyyətə yeni yanaşmanı göstərir: "Strateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlarına qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq. Əlbəttə ki, bu strateji hədəf vaxt aparacaqdır. Ancaq bizim cəmiyyətimiz, gənc nəsil, bütün vətənpərvər insanlar bu amalla yaşamalıdırlar ki, biz tarixi ədaləti bərpa edəcəyik. Bizim düşmənə qarşı infor­ma­si­ya mü­ba­rizəsinin hərtərəfli düşünülmüş, planlı, mü­va­fiq dövlət orqan­­ları ilə əla­qəli şəkildə aparılması istiqamətindəki fəaliyyətimiz də bu böyük məqsədə çatmağa xidmət etməlidir".

Nazir Eldar Mahmudov hazırda təhlükəsizlik baxımından dünyada, xüsusən də regionda gedən proseslərə toxunaraq bildirib ki, mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə, xüsusilə terrorçuluğa, dini ekstremizm və separatçılıq hallarına qarşı mübarizə daim diqqət mərkəzində saxlanılmalıdır. Milli təhlükəsizliyimizə qarşı yönəlmiş çoxsaylı təhdidlərin qarşısının alınması, müxtəlif destruktiv qüvvələrin zərərsizləşdirilməsi sahəsində vəzifələrin artması bizi daha məsuliyyətli və daha çevik olmağa çağırır. Qlobal və regional xarakterli təhdidlə­rin artdığı şə­rait­də milli təhlükəsizliyə cavabdeh orqanlardan getdik­cə daha yüksək peşəkar­lıq, bilik səviyyəsi, məsuliyyət və sayıqlıq tələb edilir.

Akademiyanın rəisi, general-leytenant Ziya Yusifzadə bu xüsusi təyinatlı ali təhsil ocağında təlim və tərbiyə prosesinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə həyata keçirilmiş tədbirlər haqqında ətraflı məlumat verib.

Azərbaycan təhlükəsizlik orqanlarının veteranı Şamil Süleymanov Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının kollektivini bütün veteranlar adından təbrik edib.

Sonra Heydər Əliyev adına Akademiyanın şəxsi heyətinin Prezident İlham Əliyevə müraciəti qəbul olunub.

Təntənəli mərasimin sonunda Akademiyanın yaradılmasının 15 illik yubileyi münasibətilə hazırlanmış "Müqəddəs amalın keşiyində" adlı sənədli film nümayiş etdirilib.


AzNews.az
Top xəbərlər
Bağla X