02:34
(077) 610-22-33

Respublika müsabiqəsinin qalibləri mükafatlandırıldı

  • >
442 16 Dekabr 2013 21:30 | Cəmiyyət

Bu gün T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Uşaq təsviri və tətbiqi sənət mərkəzində uşaq və gənclərin əl işlərinin respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil nazirinin əmri ilə istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, uşaq və gənclərin yaradıcılıq mərkəzlərinə daha geniş cəlb olunması, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsinin təşkili məqsədilə keçirilmiş müsabiqədə uşaq yaradıcılıq mərkəzlərinin 6-18 yaşlı dərnək üzvləri iştirak ediblər.

Dekorativ tətbiqi sənət, dizayn və floristika-nəbatat aləmi nominasiyaları üzrə təşkil edilmiş müsabiqənin rayon-şəhər mərhələsində hər yaradıcılıq növündə I və II yerə layiq görülmüş əl işləri respublika mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqəyə təqdim olunmuş 800-dən çox əl işindən 556-sı T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Uşaq təsviri və tətbiqi sənət mərkəzində təşkil olunmuş sərgidə nümayiş etdirilib. Respublika mərhələsində hər növ üzrə I, II və III yerləri tutan iştirakçılar Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Qaliblərin mükafatlandırılması mərasimində Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov, İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, uşaq yaradıcılıq mərkəzlərinin direktorları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.


AzNews.az
Bağla X