18:38
(077) 610-22-33

“Şahdəniz 2“ üzrə qərar elan edildi

  • >
411 17 Dekabr 2013 10:22 | Cəmiyyət

Bu gün Şahdəniz konsorsiumu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağının Mərhələ 2 işlənməsi üçün yekun investisiya qərarını elan edib.

"BP Azərbaycan"-dan verilən məlumata görə, bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq.

Şahdəniz layihəsi özündə bir sıra elementləri birləşdirir - dənizdə 26 sualtı quyunun qazılması və tamamlanması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, quruda isə Səngəçalda yeni texniki emal və kompressiya qurğularının tikintisi nəzərdə tutulur.

Şahdəniz Mərhələ 2 və CQBK-nin genişləndirilməsi layihələrinin ümumi dəyəri təxminən 28 milyard dollar təşkil edəcək. Nəhəng Şahdəniz yatağından hasil ediləcək ildə 16 milyard kubmetr qaz təxminən 3 500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.

Şahdəniz yatağından kondensat hasilatının hazırki gündə təxminən 55 000 barel səviyyədən artaraq gündə 120 000 barelə çatacağı gözlənilir.

Daha yaxın zaman üçün isə Şahdəniz tərəfdaşları mövcud qurğular vasitəsilə hasilatın ildə 1,4 milyard kubmetr artırılması üçün şərtləri ARDNŞ ilə razılaşdırıblar. Hasilatın bu artımı artıq aparılır və 2014-cü ilin sonunadək başa çatacağı gözlənilir.

ARDNŞ və Şahdəniz tərəfdaşları həmçinin Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) müddətinin 2048-ci ilədək artırılması üçün şərtləri də razılaşdırıblar. Şahdəniz tərəfdaşları HPBS sahəsi daxilindəki strukturlarda kəşfiyyat və qiymətləndirmə işlərinin aparılmasına dair razılığa gəliblər.

Şahdəniz Mərhələ 2 üzrə yekun investisiya qərarının rəsmi imzalanması mərasimi bu gün Bakıdakı Heydər Əliyev Mərkəzində keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev, Cənub Dəhlizi boyunca yerləşən dövlətlərin rəhbərləri və eləcə də Avropa Komissiyasından və digər ölkələrdən olan rəsmi şəxslər iştirak ediblər.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev deyib: "Bu, həqiqətən də Azərbaycan üçün tarixi bir gündür. İlk dəfədir ki, bizim ölkəmiz və bu region bu miqyasda bir layihəyə qədəm qoyur. Bu layihə bizim və regionun gələcəyinə yol açır. Bu, bizə imkan verir ki, ilk növbədə, xalqımızın mənafeyi üçün Azərbaycanın nəhəng qaz ehtiyatlarının istismarına başlayaq. İkincisi, bu layihə Azərbaycanı Avropa üçün mühüm enerji təchizatçısına çevirir və beləliklə də bizim uzun illərdən bəri olan arzumuzu gerçəkləşdirir. Üçüncüsü isə, Xəzər regionu ilə Avropa bazarlarını birbaşa bağlamaqla o, Xəzər dənizindən Avropanın mərkəzinə qədər yerləşən ölkələrə mənfəətlər gətirir."

Şahdəniz Mərhələ 2 və CQBK-nin genişləndirilməsi layihələrinin operatoru olan BP-nin baş icraçı direktoru Bob Dadli dedi: "Çox az sayda layihə bütöv bir regionun enerji xəritəsini dəyişə bilər. Şahdəniz Mərhələ 2 və Cənub Dəhlizi boru kəmərləri yalnız enerji xəritəsini dəyişməyəcək, həm də Avropadakı qaz alıcılarına ilk dəfə olaraq Azərbaycanın qaz ehtiyatlarına birbaşa çıxış imkanı verəcək.

Bugünkü yekun investisiya qərarı çoxsaylı şirkətlər və ölkələr arasında illərlə davam edən əməkdaşlıq olmadan baş tuta bilməzdi. Mən BP şirkətinin bu tarixi anın bir hissəsi olmasından qürur hissi duyuram və bunun mümkün olması üçün bu qədər insanların səylərinə görə öz minnətdarlığımı bildirirəm. Bu layihə indiyə qədər Azərbaycana yatırılmış ən böyük xarici investisiya olmaqla Azərbaycan, Gürcüstan, Türkiyə və Avropada boru kəmərlərinin marşrutu boyunca on minlərlə yeni iş yerləri açacaq.

Mən xüsusilə də ondan məmnunluq duyuram ki, biz Şahdəniz hasilatın pay bölgüsü sazişinin müddətinin 2048-ci ilə qədər uzadılması üçün şərtləri razılaşdırmışıq. Bu, BP şirkətinə və bizim tərəfdaşlarımıza imkan verir ki, Şahdəniz layihəsinin gələcək mərhələlərinin qiymətləndirilməsində Azərbaycanla tərəfdaşlıqda işləyək. 2007-ci ildə BP tərəfindən Şahdənizin dərin hissəsində yeni ehtiyatların aşkar edilməsi göstərir ki, bu ərazidə Mərhələ 2-dən sonra da potensial mövcuddur."

Bugünkü qərar o deməkdir ki, doqquz Avropa şirkəti ilə bağlanmış qaz satışı müqavilələri indi artıq qüvvəyə minəcək. Nəticədə, Şahdəniz qazının ildə təxminən 10 milyard kubmetrinin 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara nəql ediləcəyi gözlənilir. Bundan başqa, Şahdəniz Mərhələ 2-dən hasil olunacaq qazın ildə təxminən 6 milyard kubmetri Türkiyədəki istehlakçılara çatdırılacaq.

Qaz satışı və nəqli üzrə bütün sazişlər Şahdəniz tərəfdaşlarının təsis etdiyi Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən ARDNŞ-nin əməliyyatçılığı ilə idarə olunacaq.

Şahdəniz Mərhələ 2 işlənməsi və Cənub Dəhlizi boru kəməri layihələri birlikdə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və ən mürəkkəb təşəbbüslərdən biridir.

Şahdəniz yatağı 1999-cu ildə kəşf olunub. Azərbaycan 2006-cı ildən etibarən Şahdənizin Mərhələ 1 işlənməsindən Gürcüstan və Türkiyəyə qaz ixrac edir.

Yekun investisiya qərarı ilə təsadüf edərək, ARDNŞ Statoyl şirkətindən Şahdəniz və Cənubi Qafqaz Boru Kəmərində 6,7% iştirak payı, BP isə Statoyl şirkətindən Şahdəniz və Cənubi Qafqaz Boru Kəmərində 3,3% iştirak payı alıb. Hər iki əməliyyat 2014-cü ildə yerinə yetirilməsi gözlənilən şərtlərdən asılıdır.

Qeyd edək ki, Şahdəniz tərəfdaşları (satınalma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: BP, operator (28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), Total (10%), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%). Bu faizlərə Statoyldan BP və ARDNŞ-nin müvafiq olaraq aldığı yuxarıda qeyd olunmuş iştirak payları daxildir. Bu əməliyyatlar onların yekunlaşması üçün 2014-cü ildə yerinə yetirilməsi gözlənilən şərtlərdən asılıdır.

BOTAŞ və BP-nin TANAP-da 2014-cü ildə başa çatması gözlənilən iştirak payları alması əməliyyatından sonra TANAP tərəfdaşlarının bu şirkətlər olacağı gözlənilir: ARDNŞ, operator (68%), BOTAŞ (20%) və BP (12%).

TAP tərəfdaşları aşağıdakı şirkətlərdir: ARDNŞ (20%), BP (20%), Statoyl (20%), Fluxys (16%), Total (10%), E.ON (9%) və Axpo (5%).

AzNews.az
Bağla X