QHT-lərlə bağlı qanun sərtləşdirildi

Milli Məclis "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişiklik etdi.

AzNews.az-ın məlumatına görə, dəyişikliyə əsasən xarici dövlətlərin qeyri-kommersiya təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatına alınmadan və dövlət reyestrinə daxil edilmədən fəaliyyət göstərməsini, qanunvericiliklə müəyyən edilmiş məsuliyyətini nəzərdə tutur.

Qanunun 9.3 maddəsinə edilən dəyişikliyə əsasən hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərinə edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz.

9.4 madəsinə edilən dəyişikliyə görə, isə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərinə edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır.

Qanuna edilən digər maddəsinə 11.4-1-ci maddəsinə edilən əlavəyə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı həmin təşkilatların möhürləri müvafiq icra hakimiyyəti orqanlarına təhvil verilməlidir:

"Möhür müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilməyənədək təsis sənədlərinə edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlər verilmir. Möhür itirildiyi halda bu barədə müvafiq sənəd təqdim edilməlidir".

Qanunun 14.1.2-ci maddəsinə edilən dəyişikliyə əsasən "hüquqi ünvanı" sözlərindən sonra "(daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair)" sözləri əlavə edilsin. Belə ki, ünvanı göstərilməyən siyasi təşkilat və QHT məsuliyyətə cəlb olunacaq.

Qanunda edilən növbəti 14.2.4 maddəsinə edilən əlavəyə əsasən xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərində - Azərbaycan Respublikasında filial və ya nümayəndəliyi olan xarici qeyri-hökumət təşkilatının təsisçiləri, filial və ya nümayəndəliyin rəhbərinin və onun müavininin səlahiyyət müddəti, eləcə də rəhbərin müavininin adı, soyadı, atasının adı, vətəndaşlığı, yaşayış yeri barədə məlumatlar.

14.2.5 maddəsinə edilən əlavəyə əsasən isə qeyri-hökumət təşkilatlarında və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərində - qurumun icra orqanlarının tərkibi və səlahiyyət müddəti, ləğv edilmiş qurumun əmlakının müvafiq məqsədlərə yönəldilməsi, quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər, eləcə də onların icrası barədə, habelə fəaliyyətinin dayandırılmasına dair məlumatlar nəzərdə tutulur.

Qanunun 10.15.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: "Dövlət reyestrindən çıxarışın etibarlılıq müddəti 90 gün təşkil edir".

11.16.7-ci maddəsinə isə "Dövlət reyestrindən çıxarılmış hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri fəaliyyət göstərə bilməz" bəndi əlavə edilir.

AzNews.az