Qızıl həftə - Ötən 7 günün xülasəsi


Avqustun 6-dan 12-nə qədər keçirdiymiz günlərə bu ayın 11-i möhür vurdu. İmkan vermədi həftəmiz ötən həftəyə oxşasın. Avqustun 11-i həftəmizi qızıla döndərdi.

Bazar ertəsindən başlayaraq şənbədə dayanan xəbərləri ilə əhvalımızı korlayan günlər sanki olmamışdı.


Bazar ertəsi oxuduğumuz xəbərlərin ən ağrıdıcısı: Naxçıvana İran ərazisindən tranzit keçid edən vətəndaşlarımız bundan sonra viza almalı olacaq.

Viza qadağası avqustun 31-dək davam edəcək.

İranla Azərbaycan arasında münasibətlər düzəlmir. Dini və ərazisi ilə bir-birinə doğma olan iki ölkələr düşmənə çevrilir. Bilirəm, deyə bilərsiz ki, dost, sən nə danışırsan, artıq çevrilib. Sizdən xahiş edirəm, deməyin. Belə düşünək: çevrilməyib. 40 milyona yaxın azərbaycanlımız var orda. 3 aya yaxındır müstəqil Azərbaycanın gənc şairləri Fəridlə Şəhriyar Təbriz həbsxanasında saxlanılır. Adam deməyə də utanır, bütöv Azərbaycanın biz tayındakı xəstələr dərdlərini İran həkmlərinə əmanət veriblər. Onların dərdlərinə İran dərmanları kömək edir. Adam utanır deməyə, İranın həkimləri savadlı, dərmanları effektlidir. Bunusa deməyə adam utanmır, iranlılar Azərbaycana, xüsusilə də Bakıya gələndə çox rahat nəfəs aldıqlarını hər yerdə etiraf edirlər: "Bakı yaşamaq üçün daha azad şəhərdir".


Günün ikinci xəbəri: Oğlu ölən əsgər anasının dəhşətli açıqlamalarına rəsmi reaksiya verilib. Ananın dediyi doğru çıxıb. Pərviz Cahanoğlu incidildiyi üçün özünü öldürüb. Respublika Hərbi Prokurorluğu və Müdafiə Nazirliyi "N" saylı hərbi hissənin əsgərinin ölümü ilə bağlı yaydığı birgə məlumatda bildirir ki, bu faktla bağlı əsgərlər Şahin Xudiyevə, Vüsal İskəndərliyə, Vidadi Mustafayevə və Sabir Musayevə 23 iyul 2012-ci il tarixdə CM-nin 182.2.1, 332.3 və digər maddələrində nəzərdə tutulan ittihamlar elan edilib və hərbi məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Milli Ordunun içində yaşanan dəhşətlər ardıvarla davam edir. Elə etiraflar olur ki, onu eşidəndə adam sakitləşmək əvəzinə daha da əsəbləşir. Ana bütün ictimaiyyətə tükürpərdici faktlar açıqlayır, Müdafiə Nazirliyi isə sakit şəkildə "bəli, belə olub" deyir. Əsgər əsgəri öldürür. Bəs komandir harda ölüb o anda? Dinc şəraitdə illərdir əsgərlər özünü öldürür. Onu incidirlər. İki səbəb var, ya komandiri onun qüruruna toxunur, ya da onun qüruruna toxunanları görmür, görürsə də nəyinsə hesabına göz yumur.


Avqustun 7-də Təbrizdə həbsdə saxlanılan şairlərin məhkəməsi oldu. Onlar günahsız olduqlarını bir daha bəyan etdilər. Yəqin ki, iranlı hüquqçular inandı. Şərh vermək gərəksizdir. Azərbaycan tərəfi hüququn aliliyinə güvənir. İranla münasibətlərimizdəki ləkələri təmizləməyin vaxtıdır və Fəridlə Şəhriyar sülh qaranquşları ola bilərlər.

Elə həmin gün Suriyadakı səfirliyimiz fəaliyyətini dayandırdı. 60-a yaxın Azərbaycan vətəndaşı ölkəni tərk etdi.

Günün acı xəbəri: Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən "N" saylı hərbi hissəsində 1994-cü il təvəllüdlü Bəyov Tayfur Hacıkərim oğlu hemoqradik vaskulit xəstəliyindən hospitalda dünyasını dəyişib. Cəmi bir sual: yenə Müdafiə Nazirliyi?


Avqustun 7-si davam edir. Siyasət tariximizdə qara xəbərlərdən biri də artır. Görkəmli dövlət xadimi, keçmiş spiker Murtuz Ələsgərov dünyasını dəyişdi. Hadı Rəcəblidən sitat: "Murtuz Ələsgərov parlamentdə bəzən özünü təhsil auditoriyasında sanır, deputatlara parta arxasında oturan tələbə kimi iradlar tuturdu. Amma bunu da çox hörmətlə edirdi. Bu cür yanaşma zarafatların yaranmasına səbəb olsa da son nəticədə işin xeyrinə olurdu".


Günün sonu. Ədəbiyyatçılar üçün maraqlı xəbər: Dünyaca məşhur yazıçı Paulo Koelyo Azərbaycana gəlir. Günü qapatmaq üçün əla xəbərdi. Təki bütün günlərimiz belə xoş xəbərlərlə bağlansın. Başlamasa da olar.


Avqustun 8-i, xoş xəbər doğru çıxmır. Paulo Koelyo Azərbaycana gəlməyəcək. Səbəb açıqlanmır. Gün ədəbiyyatçılar üçün xoş olan xəbərlə başlamadı. Daha bir söz deyə bilmərik. Yuxarıda yazdıq axı: "Başlamasa da olar".


Günortadı. Şairlərin Təbrizdə növbəti məhkəməsi oldu. Hökm oxunmadan məhkəmə təxirə salndı. Ürəyimiz üzüldü. İnamımız isə azalmadı.


Bir neçə saat keçir. Gözlərimizi İrandan çəkib Londona dikmişik. Təəssüf qadın güləşçimiz Mariya Stadnik finalda uduzur. Qızıl əldən çıxdı. Uğur Azərbaycan idmanını tərk etməyib. Mariya Stadnik isə səbri tərk edib. Tələskənliyi onu uduzdurur. Çox tələsir. Fasiləyə 4:0 hesablı üstünlüklə çıxan idmançı uduzursa, günah onun məşqiçisindədir. Gücü paylaşdırmağı bacarmaq ən əsas üstünlükdü. Birinci hissəni 1:0 hesabı ilə də başa vurmaq olardı. Növbəti hissədə isə 2, 3 xal alırsan, qələbənin qoynuna düşürsən.


Yazmaq olmur. Həftənin ikinci əsgər ölümlü xəbəri. Şəmkir hərbi birləşməsinin Qazax rayonunda yerləşən hərbi hissəsində Əsgər Bəhruz Seydulla oğlu Rəhimov hərbçi yoldaşının əlindəki silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Vaqif Səmədoğlunundu: "Hamı susmalıdır artıq, Allaha kömək vaxtıdır". Belə daha yaxşıdı: "Hamı susmalıdır artıq, Müdafiə Nazirliyinin rəhbərliyinə kömək vaxtıdır".


Olimpiada bizi fərəhləndirir Azərbaycanı təmsil edən Yuliya Ratkeviç üçüncü yer uğrunda görüşdə amerikalı rusiyalı Valeriya Jolobova ilə qarşılaşıb. Görüşün hər iki hissəsində (6:0, 2:1) qalib gələn Ratkeviç Olimpiadanın bürünc medallarına sahib olub.

Gün yaxşı bitdi. Keçin günahımızdan. Əsgər ölümləri adamı "yaxşı ki, gün bitdi" deməyə də vadar edir.


Avqustun 10-u "Ədalət" qəzetindəki xəbərlərdən birinin başlığı: "Gürcüstanda azərbaycanlılara qarşı soyad soyqrımı". Bircə bu qalmışdı. Kvemo Kartli bölgəsinin Damiya kəndinin sakinləri elektrik enerjisindən istifadə üçün abunəçi kartlarının dəyişdirilməsi zamanı soyadlarının sonuna gürcülərə məxsus "i" sonluğu əlavə olunduğunu görüblər. Güman edək ki, təsadüfdi, "i" hərfi göydən düşüb. Və gümanımızın nə qədər doğru olduğunu müxtəlif mənbələrdən dəqiqləşdirək. Növbəti həftə dəqiqləşməmizi diqqətinizə çatdırarıq.


Hə, torpağımızı işğal edən düşmən indi də Bakıda bizə konsert verməyə gəlir. Hələlik vaxtı bilinmir. Ermənistan Dövlət Gənclər Orkestrinin 10 musiqiçisi "I, Culture Orchestra" layihəsi çərçivəsində Bakıda konsert proqramı ilə çıxış edəcəklər. Proqnoz verək: Alınmayacaq. Bu da beynəlxalq tədbir deyil ki, söz sahibi olmayaq. Anamızı ağlar qoyan erməni indi də onlara mahnı çalacaq? Biabır olarıq, vallah.


Əhalisi və ərazisi ilə Azərbaycana doğma olan İranın Şərqi Azərbaycan əyalətində avqustun 11-də zəlzələ baş verir. Dəhşətli zəlzələ hesab oluna bilər. 200 nəfərdən çox ölü, 1300 nəfərdən çox yaralı var. Bu hadisə qarşısında ancaq sükut danışa bilər.


Gecədi. London Olimpiadasını dörd gözlə izləyirik. Ura. Bravo. Afərin. Toğrul Əsgərov qızıl medal alır.

30 dəqiqə keçir. Artıq avqustun 12-i bir neçə dəqiqədir başlayıb. Möhtəşəm hadisə: Azərbaycan London Olimpiadasında ikinci qızıl medalını qazanır, Şərif Şərifov himnimizi çaldırır.


Səhər açılır. Xetaq Qazyumov medallarımızın sayını artırır. Sərbəst güləşçimiz bürünc medala layiq görülür. Azərbaycan Londonda 2 qızıl, 2 gümüş və 6 bürünc medala sahib olur. Azərbaycan haqqına sahib olur. İdmana göstərilən qayğının nəticəsini görməliydik. London Olimpiadasına qatılan 204 ölkədən 29-cu Azərbaycan oldu. Yüksək yerdi.

Həftəmiz qızıla döndü.


Ceyhun Musaoğlu

AzNews.az