ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yayıb

"Bu saziş və nəzərdə tutulmuş boru xətləri Türkiyə, Cənubi Avropa, Balkanlar və Avropanın digər ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün çox faydalı olacaq"

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan hökumətini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətini, "Şahdəniz" konsorsiumunun özəl pay sahiblərini və Cənub qaz dəhlizi boyunca yerləşən bütün ölkələr də daxil olmaqla, digər iştirakçı tərəfləri "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanmasıın uğurla başa çatması münasibətilə təbrik edir.

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, bu saziş və nəzərdə tutulmuş boru xətləri Türkiyə, Cənubi Avropa, Balkanlar və Avropanın digər ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün çox faydalı olacaq. Xəzər qazını beynəlxalq bazarlara çıxararaq, bu layihə davamlı iqtisadi artım üçün önəmli olan qlobal enerji ehtiyacının ödənilməsinə töhfə verəcək.

"Mən fəxr edirəm ki, bir neçə il ərzində bu layihədə iştirak etmişəm və bugünkü tarixi sazişin imzalanmasının şahidi olmuşam", - deyə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.


AzNews.az