Dövlət narkomanlara yardım edəcək


Azərbaycanda
alkoqolizm, narkomanlıq və ya toksikomanlıq, abstinent sindromu vəziyyətində
olan şəxslərə dövlət büdcəsi hesabına narkoloji yardım göstəriləcək.
AzNews.az-ın Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, bu barədə
məsələlər "Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata
keçirilməsi qaydası"nda əksini tapıb.


Qaydada dövlət büdcəsinin vəsaiti hesabına həyata
keçirilən narkoloji yardımlar müəyyənləşdirilib. Bura insan psixikasına təsir
göstərən maddələrdən sui-istifadə edən şəxslərin səhhətinin qiymətləndirilməsi
və ehtiyac olduqda onlara ixtisaslaşdırılmış narkoloji yardımın göstərilməsi,
narkoloji xəstələrin səhhətinin və psixoloji vəziyyətinin qiymətləndirilməsi,
narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi, narkoloji xəstələrin
müalicəsi, əvəzedici müalicənin tətbiq edilməsi, narkoloji xəstələr üzərində
sonrakı müşahidənin, sosial-psixoloji reabilitasiya tədbirlərinin həyata
keçirilməsi daxildir.



Qaydalara
əsasən, narkoloji yardım Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
həkim-narkoloqlar tərəfindən göstəriləcək, narkoloji yardım göstərilmiş hər bir
şəxs barədə müvafiq qeydiyyat aparılacaq.


Narkoloji yardım xidmətinin təkmilləşdirilməsi və
narkoloji yardımın göstərilməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi
dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli xərclərində "Səhiyyə" bölməsi üzrə
nəzərdə tutulmuş vəsait dairəsində həyata keçiriləcək.


Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz
dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranziti
, eləcə də istehsalı ilə əlaqədar cinayət-hüquq tədbirlərinin tətbiq edilməsi
nəticəsində müsadirə olunmuş
, dövlət hesabına
yönəldilmiş əmlak narkomanlığın profilaktikasına və narkomanlıq xəstəliyinə
düçar olan şəxslərin müalicəsinə
, sosial
reabilitasiyasına sərf ediləcək.



Sevinc

AzNews.az