İslam hansı hallarda edamı məqbul sayır? İslam hansı hallarda edamı məqbul sayır?

Edam: cəza, yoxsa cinayət?

İslam hansı hallarda edamı məqbul sayır?


Ötən il İranda 488 nəfər narkotik maddələrin alqı-satqısı və istifadəsində ittiham olunaraq edam edilib. Bu rəqəm isə ümumi edamların 81 faizini təşkil edir. Statistik məlumatlara görə, dünyanın ən böyük tiryək bazarına çevrilən İranda 2 milyon narkoman var və bu ölkədə narkotik maddə qaçaqmalçıları və istifadəçiləri edam cəzasına məhkum edilir. Bəs İslam qanunlarına görə bu nə dərəcədə düzgündür? Hansı halda edam hökmü verilə bilər?


İslam araşdırmaçısı Mail Yaqubun sözlərinə görə, İslam dinində edam hökmü anlayışı var və bu danılmaz bir faktdr. Lakin ölüm hökmünün hansı cinayətlərə görə, hansı şəraitdə və hansı qaydada icra olunması bir qədər mübahisəli məsələdir. Ümumi olaraq, İslam hüququ üzrə mütəxəssislərin (fəqih) təlimatına əsasən, ölüm hökmü ilə bağlı məsələlər dəyişə bilər. Məsələn, narkotikanın satışına görə dini mənbələrdə ölüm cəzası nəzərdə tutulmayıb. Lakin narkotik vasitələrin yayılması katastrofik həddə çatıb cəmiyyətin sağlamlığını təhlükə altına atarsa, fəqih bu cinayəti törədənə ölüm hökmü verə bilər.


Həmçinin, ölüm hökmünün verilib-verilməməsi qazinin qərarından da asılı ola bilər. Məsələn, bilərəkdən insan öldürən şəxsin durumundan və ya cinayətin səbəblərindən asılı olaraq qazi onun cəzasını yüngülləşdirmək hüququna malikdir. İslam hüququnda istənilən hökm istintaq və mühakimədən sonra verilməli, cəzanın icrası isə şəriət baxımından səlahiyyətli insanlara həvalə olunmalıdır.


Müsahibimiz bildirir ki, məsələn, Ərəbistanda islam hüququna əsaslanaraq, hər hansı bir hərəkət üçün edam cəzası verilə bilər, ancaq İranda bu bir qədər fərqlidir: "Burda fərqli islam əsaslarından söhbət gedir. Eyni zamanda, fərqli cəmiyyətin rəyi də əsas götürülür. Həmin dəyişməyən qanunlar da müxtəlif situasiyalara görə tətbiq olunur və özünü göstərir. Məlumata görə, İranın özündə kütləvi şəkildə adam cəzalarının icrası halları azalıb. Həmçinin, insanların gözü qarşısında edam edilməyə məhdudiyyət qoyulub. Amma görürük ki, yenə də müəyyən hərəkətlərə, cinayət hadisələrinə görə edam hökmü verilir. Mən insanların gözü qarşısnda kimisə edam etməyi düzgün hesab etmirəm. Ancaq burda əsas yenə də islamın qanunları və hökmüdür".


Qeyd edək ki, dünyanın 30 ölkəsində müxtəlif cinayətlərə görə ölüm hökmü nəzərdə tutulsa da, cəzanın icrasına qadağa qoyulub, 89 ölkə isə ümumiyyətlə, cəza kimi edamdan imtina edib. Ölüm hökmü əsas etibarı ilə dövlət təhlükəsizliyi, terrrorizm, dövlətə xəyanət, qətl, insan alveri, narkotik maddələrin yayılması ilə bağlı cinayətlərə görə verilir. Ölüm cəzasının cinayətlərin qarşısını almaqda nə qədər effektiv olub-olmaması barədə mütəxəssislər fikir ayrılığındadır və bu məsələ günümüzdə də müzakirə olunmaqdadır.


Sevinc Fədai

AzNews.az